Azərbaycan
İQTİSADİYYAT

Azərbaycan "OPEC+" üzrə gündəlik neft hasilatının növbəti ayda 400 min barrel artırılması üzrə konsensusa qoşulub

"OPEC+" ölkələri nazirlərinin noyabrın 4-də keçirilmiş 22-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barrel artırılması üzrə nazirlərin iyul iclasında qəbul edilmiş qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barrel təşkil edəcək. Yəni, Azərbaycan gündəlik xam neft hasilatını noyabr ayı ilə müqayisədə 7 min barrel artırmaqla 654 min barrel həcmində saxlamaq imkanı əldə edib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov iclasdan sonra təşkil olunmuş mətbuat konfransında ünvanlanmış suallara cavabında deyib: "Bu gün qəbul edilmiş qərar həmişə olduğu kimi, konsensus əsasında qəbul olunub və faktlara, araşdırmalara, təhlillərə əsaslanır".

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 23-cü iclasının dekabrın 2-də keçirilməsi razılaşdırılıb.

AZƏRTAC