Azərbaycan Ombudsmanı VII beynəlxalq elmi-praktik konfransa qatılıb
Digər xəbərlər

Azərbaycan Ombudsmanı VII beynəlxalq elmi-praktik konfransa qatılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Avrasiya məkanında insan hüquqlarının müdafiəsi problemləri: Ombudsmanların müsbət təcrübə mübadiləsi” mövzusunda VII beynəlxalq elmi-praktik konfransda çıxış edib. 

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, çıxışı zamanı Azərbaycan Ombudsmanı qeyd edib ki, gənclərin hüquqlarının müdafiəsi və inkişafı ölkə siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirak edir. O, əhalinin bütün kateqoriyalarının, o cümlədən gənclərin insan hüquqları, gender bərabərliyi, qadınlara qarşı zorakılığa və erkən nikahlara qarşı mübarizə, habelə, onların fəallığının artırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirildiyini vurğulayıb.

Ombudsmanın da  tövsiyələri nəzərə alınaraq, gənclərin intellektual və fiziki inkişafını, ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə “Azərbaycan gəncliyinin 2015-2025-ci illərdə inkişaf strategiyası”nın təsdiq edildiyi diqqətə çatdırılıb.

Bundan əlavə, yüksək idarəçilik keyfiyyətlərinə malik perspektivli gənc liderləri müəyyən etmək və onlara dəstək olmaq məqsədilə keçirilən “Yüksəliş” müsabiqəsi çərçivəsində Ombudsmanın da sözügedən müsabiqənin qaliblərindən birinə mentorluq etdiyi vurğulanıb.

Qeyd edilib ki, gənc nəslin yaradıcı fəaliyyətə cəlb edilməsi, gənclərin insan hüquq və azadlıqlarının əhəmiyyətini dərk etməsi məqsədilə hər il bir qrup könüllü Ombudsman Aparatının fəaliyyətinə cəlb olunur.

Sonda S. Əliyeva gənclərin hüquqlarının müdafiəsi sahəsində müsbət təcrübələri beynəlxalq konfrans çərçivəsində bölüşməyinin əhəmiyyətini vurğulayaraq bu sahədə əməkdaşlıq əlaqələrinin davam etdirilməsini təklif edib.                                                                           

                                                                        “Respublika”.