Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri davam edir
Digər xəbərlər

Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri davam edir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycanın din xadimləri və dövlət qurumları rəhbərlərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Solt-Leyk-Siti şəhərinə səfəri davam edir.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 1-də şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi heyətin bir sıra görüşləri baş tutub. Belə ki, günorta saatlarında QMİ sədri "İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri" kilsəsinin ali rəhbəri Rassel Nelson ilə görüşüb. Rassel Nelson şeyxülislam Allahşükür Paşazadəni, eləcə də onu müşayiət edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyevi və Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimi salamlayaraq dəvəti qəbul edib ABŞ-a gəldikləri üçün onlara təşəkkür edib. QMİ sədri ev sahiblərinə nümayiş etdirdikləri səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edərək kilsə rəhbərliyinə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Səmimi şəraitdə keçən görüşdə tərəflər müxtəlif dinlərin ortaq dəyərlərinin onları bir-birindən fərqləndirən ənənə və xüsusiyyətlərindən daha mühüm olduğunu, "İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri" kilsəsi və Qafqaz Müsəlmanları İdarəsinin apardığı fəaliyyətin bir çox istiqamətdə üst-üstə düşdüyünü məmnuniyyətlə qeyd ediblər. Hər iki tərəf dinlərarası dialoq və əməkdaşlığın tərəfdarı olduğunu vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadə Yuta ştatının Xocalı soyqırımını ABŞ ştatları arasında ilk tanıyanlardan biri olduğunu, bundan başqa, Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılan və bu günədək insan ölümlərinə səbəb olmağa davam edən yüz minlərlə minanın zərərsizləşdirilməsində Yuta ştatının ölkəmizə praktiki dəstəyini xatırladaraq buna görə ev sahibi tərəfə bir daha təşəkkürünü bildirib və Kilsə rəhbərlərini Azərbaycana dəvət edib.

Görüşün sonunda Rassel Nelson Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını çatdırmağı QMİ sədrindən xahiş edib və bildirib ki, cari ilin aprel ayında Kilsənin baş qurultayında tədbirə qatılacaq 20 mindən çox nümayəndə Azərbaycan dövləti və onun xalqı üçün dua edəcək.

Azərbaycan nümayəndə heyəti növbəti görüşünü Yuta ştatının vitse-qubernatoru Diedre Hendersonla keçirib. Qonaqları səmimi salamlayan xanım Henderson Azərbaycan heyətinin nümunəvi dinlərarası tərkibini xüsusilə qeyd edib və bundan olduqca məmnun olduğunu bildirib. Şeyxülislam Allahşükür Paşazadə əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də Yuta ştatının Xocalı soyqırımını tanıdığına, Qarabağ torpaqları azad olunduqdan sonra orada Ermənistan tərəfindən basdırılan çoxsaylı minaların zərərsizləşdirilməsində verdiyi dəstəyə görə Yuta ştatına və onun xalqına təşəkkür edib. Xanım Henderson iki ölkə arasında dinlərarası əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu, bununla yanaşı, iqtisadi, siyasi, habelə təhsil və mədəniyyət sahələrində əlaqələri inkişaf etdirməkdə ABŞ tərəfinin maraqlı olduğunu vurğulayıb.

Gün ərzində Azərbaycan nümayəndə heyəti "İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri" kilsəsi 12 həvariləri Kvorumunun daha iki üzvü - Ronald Raşband və Devid Bednarla görüşüb. Ronald Raşband və Devid Bednar Azərbaycanla, azərbaycanlılarla bağlı geniş məlumata malik olduqlarını, ölkəmizin 30 il boyu işğal altında qalan əzəli torpaqlarını azad ardıcıl və inamlı mübarizəsindən, işğal illəri boyu xalqımızın, onun mənəvi və mədəni irsinin məruz qaldığı soyqırımı haqqında xəbərdar olduqlarını, hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini və bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar.

* * *

Şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən heyət adıçəkilən kilsənin xeyriyyəçilik qurumu - Velfeyr (Xeyriyyəçilik) meydanı ilə tanış olub. Azərbaycanlı qonaqlar onlarca kənd təsərrüfatı, emal, qablaşdırma müəssisəsi, nəqliyyat və ticarət şəbəkəsi, işədüzəltmə və ianə paylama mərkəzlərini əhatə edən və nəhəng istehsalat birliyini xatırladan qurumun fəaliyyəti ilə bağlı geniş məlumat alıblar. Qurum rəhbərinin sözlərinə görə, ötən il dünyanın müxtəlif ölkələrindən təqdim olunan ianələrin ümumi həcmi bir milyard dollar təşkil edib. Eyni zamanda, Xeyriyyəçilik meydanı bu il Türkiyədə və Suriyada dağıdıcı zəlzələdən əziyyət çəkənlərə də öz qayğısını əsirgəməyib və yardım aksiyalarını davam etdirib.