Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib
Elm və təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında akademiyanın 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan Ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər iştirak ediblər.

Əvvəlcə qonaqlar Elm Gününə həsr edilən və akademiyanın elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Ümumi yığıncağı AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. Akademik çıxışında ötən ilin respublikamızın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bir sıra uğurlarla yadda qaldığını söyləyib. Onlardan bir neçə mühüm hadisəni xatırladan akademik Arif Həşimov Nizami Gəncəvinin 880 illiyi ilə bağlı silsilə tədbirlərin, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi Zəfərin birilliyinin təntənəli şəkildə qeyd edilməsinin, Prezidentin işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərləri və bu səfərlərdəki dərin məzmunlu çıxışlarının, Şuşada "Xarıbülbül" möhtəşəm musiqi festivalının və Vaqif Poeziya Günlərinin keçirilməsinin bu qəbildən olduğunu bildirib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin, xüsusən Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin, Zəfərin möhkəmlənməsinin, Azərbaycanın regionda və dünyada nüfuzunun gücləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı siyasi və diplomatik təşəbbüslərin, qardaş Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanmasının, Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsinin mühüm tarixi anlar olduğunu vurğulayıb.

"Bütün bunlar ötən ilin ümumi mənzərəsini yaradan və Azərbaycanın strateji inkişaf xəttinin əsas istiqamətlərinə nişan verən hadisələrin az bir qismidir. Beləliklə, tarixi Zəfərdən sonra dünyada və regionda nüfuzu olduqca güclənmiş Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub", - deyə akademik Arif Həşimov söyləyib.

Alim ölkədə baş verən ümumi inkişaf proseslərinə adekvat olaraq 2021-ci ilin elm sahəsində də bir sıra hadisələrlə yadda qaldığını, respublikanın elmi müəssisələrində çalışan alimlərin fundamental və tətbiqi tədqiqatlarını davam etdirdiyini, elmi və elmi-təşkilati fəaliyyət sahələrində bir sıra mühüm nəticələr əldə etdiklərini diqqətə çatdırıb. Bildirib ki, bu il Ümumi yığıncağın formatına müəyyən dəyişiklik edilib, əvvəlki illərdən fərqli olaraq, hesabatlar akademiyanın akademik-katibi tərəfindən deyil, bölmələrə rəhbərlik edən vitse-prezidentlər tərəfindən təqdim olunacaq. Dəyişikliyin əsas məqsədi akademiyanın əsas aparıcı strukturu olan bölmələrin müxtəlif elmi istiqamətlər üzrə həyata keçirdikləri tədqiqatları və təşkilati işləri daha müfəssəl təqdim etmək, daha səmərəli müzakirələr aparmaqdır.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən, martın 27-nin ölkəmizdə Elm Günü olaraq müəyyən edildiyini xatırladan AMEA rəhbəri son illər koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərə görə, Elm Gününün lazımi səviyyədə qeyd edilməsinin mümkün olmadığını söyləyib: "Bu il pandemiya ilə bağlı karantin rejimi şərtləri yumşaldığı üçün AMEA-nın elmi bölmələri, müəssisə və təşkilatları tərəfindən təqdim olunan təkliflər əsasında Elm Gününə həsr olunan tədbirlər planı hazırlanıb. Bu tədbirlər elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsi və s. istiqamətləri əhatə edir".

Akademik Arif Həşimov Elm Günü ilə bağlı tədbirlərin yekun toplantısının Ümumi yığıncaqla bir gündə qeyd edilməsinin qərara alındığını, yığıncaq çərçivəsində bir sıra tədbirlərin, o cümlədən akademiyanın nailiyyətləri sərgisinin təşkil olunduğunu diqqətə çatdırıb: "Sərgi aprelin 29-dək fəaliyyət göstərəcək. Respublikanın elm və təhsil müəssisələrinin nümayəndələri, şagirdlər, tələbələr, vətəndaşlarımız istədikləri vaxt gəlib sərgi ilə tanış ola bilərlər".

Sonra AMEA-nın Fizika-Riyaziyyat və Texnika, Kimya, Yer, Biologiya və Tibb, Humanitar və İctimai Elmlər bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatları dinlənilib. Akademiklər Rasim Əliquliyev, Dilqəm Tağıyev, Fəxrəddin Qədirov, İradə Hüseynova, İsa Həbibbəyli və Gövhər Baxşəliyeva hesabat məruzəsi ilə çıxış ediblər.

Hesabatlar ətrafında akademiklər Akif Əlizadə, Asəf Hacıyev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Tədbirdə AMEA-nın birinci vitse-prezidentinin köməkçisi Nuray Nuruzadə AMEA-nın Ümumi yığıncağının qərar layihəsini səsləndirib. AMEA üzvlərinin təqdim etdikləri rəy və təkliflər nəzərə alınaraq qərar layihəsi səsə qoyulub. Səsvermənin nəticələrinə əsasən, AMEA-nın elmi və regional bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatlar təsdiqlənib. Həmçinin AMEA-nın Rəyasət Heyətinin 2021-ci il üzrə fəaliyyəti qənaətbəxş hesab edilib. Qərardan irəli gələrək AMEA-nın Rəyasət Heyətinə Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq fərman, sərəncam və qərarlarının icrası, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə elmi dəstəyin göstərilməsi, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması, AMEA-da təhsilin inkişafı, gənclər siyasəti, elmin maddi-texniki bazasının gücləndirilməsi və alimlərin əməyinin stimullaşdırılması, elmi-innovativ, elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətlər üzrə müvafiq tapşırıqlar verilib.

Ümumi yığıncaqda AMEA-nın Nizamnamə Komissiyasının sədri akademik İsa Həbibbəyli AMEA-nın Nizamnaməsi haqqında çıxış edib.

İclasda, həmçinin 27 Mart - Elm Günü münasibətilə AMEA-nın Fəxri fərmanları təqdim olunub.

Sonda AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov yekun nitq söyləyib. O, AMEA-nın qarşısında duran yeni və mühüm vəzifələrdən bəhs edib. Vurğulayıb ki, keçən əsrin əvvəllərində respublikamızda yaranan ilkin akademik qurumları da nəzərə alsaq, Elmlər Akademiyasının tarixi 100 ilə yaxınlaşır. Bu müddət ərzində akademiyanın Azərbaycan xalqının sosial-mədəni tərəqqisində misilsiz rol oynadığını deyən A.Həşimov şərəfli tarixi keçmişin bütün hallarda qürur verdiyini, lakin yalnız keçmişə qapanmağın inkişafdan geri qalmaq olduğunu bildirib.

"Yaşadığımız müasir dövr qlobal transformasiyalar dövrüdür. Artıq heç kəsə sirr deyil ki, müasir texnologiyaları və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcək. Buna görə də ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistemlər qurulmalıdır. Bu, yeni əmək bazarının tələblərinə uyğun bir sıra yeni ixtisas və elm sahələrinin inkişafını tələb edir. Bunlara misal olaraq, süni intellekt, müasir texnologiyalar və neyron şəbəkələr, qərarların qəbulunun avtomatlaşdırılması, kibertəhlükəsizlik, tətbiqi mikrobiologiya və biotexnologiyalar, biotibb mühəndisliyi, bərpaolunan enerji, dayanıqlı ətraf mühit, qlobal planetar iqlim dəyişikliyi və s. göstərmək olar. Bütün bunlarla yanaşı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi öyrənən, ideologiyanı formalaşdıran, yəni bizi biz edən ictimai və humanitar elmlərin müasir nəzəri-metodoloji səviyyədə inkişafını da əsla unutmamalıyıq. Nəzərə alınmalıdır ki, ictimai və humanitar elmlər sahəsindəki tədqiqatlar əsasən milli kadrlarımız tərəfindən aparılır", - deyə Arif Həşimov vurğulayıb.

Alim hazırda AMEA-nın qarşısında duran ən mühüm vəzifənin zəngin elmi ənənələrə və təcrübəyə əsaslanaraq, XXI əsrin yeni çağırışları səviyyəsində modernləşməkdən, ənənə ilə müasirliyin yeni modelini yaratmaqdan ibarət olduğunu deyib, elmi yaradıcılıq və innovativliyin özünütənzimləyən mexanizmlər əsasında stimullaşa biləcəyi elmi mühit yaratmağın önəmini diqqətə çatdırıb. Qeyd edib ki, elmin inkişaf strategiyasının uğuru bütün digər amillərlə yanaşı, daha çox onun ideoloji nüvəsindən, elmə fəlsəfi yanaşmadan, ziyalının, alimin ictimai mövqeyindən, mənəvi münasibətindən də asılıdır: "Biz akademiya üzvləri olaraq qarşılıqlı dialoqu, kollegial müzakirəni, qərarların qəbulunda konsensusu, bir-birimizə münasibətdə səmimiyyəti, işə münasibətdə vicdanı əsas meyara çevirməliyik. Zaman nə qədər sürətlənsə də, bu dəyərlər öz funksionallığını bu gün də əsla itirməyib. Əksinə, indi ən modern innovativ idarəetmədə mənəvi dəyərlərə dönüş daha zəruridir".

AMEA-nın bir çox sınaqlardan üzüağ çıxmasının, böyük alimlərimizin yaratdığı elmi məktəblərin ənənəsinin, Ulu Öndərin akademiyaya olan qayğıkeş, strateji hədəfləri nəzərə almağı tövsiyə edən yanaşmasının, Prezident İlham Əliyevin müasir çağırışlarının bu yolda qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə bir daha əminlik yaratdığını deyən akademik Arif Həşimov tədbir iştirakçılarına uğurlar arzulayıb və Ümumi yığıncağın işinə yekun vurub.

AZƏRTAC