“Azərbaycan Milli Elmlər Akademiyasının  şərəfli tarix yolu” kitabının təqdimatı
Elm və təhsil

“Azərbaycan Milli Elmlər Akademiyasının  şərəfli tarix yolu” kitabının təqdimatı

AMEA -nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, kitabın müəllifi Günel Məlikli, professorlar Məmməd Əliyev, İzzət Rüstəmov və digər çıxış edənlər ölkəmizin və xalqımızın tərəqqisində mühüm rol oynamış AMEA-nın tarixindən, Azərbaycanda elmin inkişafında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən və yeni nəşrdən söz açıblar.

Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunan kitabda elmin təşəkkül tarixi, bilik uğrunda mücadilə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif sisteminin formalaşması, Bakı Dövlət Universitetinin təsis edilməsi və s. elmi cəhətdən əsaslandırılmış şəkildə oxucuya təqdim olunur.

Nəşrdə, həmçinin ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə AMEA-nın inkişafı ilə bağlı mühüm məqamlar araşdırılıb. Kitabda Prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar, inkişaf strategiyası, AMEA-ya diqqət və qayğısından geniş şəkildə bəhs olunur.

Kitab müəllim, tədqiqatçı, doktorant, tələbə, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tədbirdə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli Akademiyanın tarixindən danışıb, elm məbədinə həsr olunan kitabı yüksək qiymətləndirib.

Kitabın  müəllifi Günel Məlikli çıxışında AMEA-nın keçdiyi şərəfli yola nəzər salıb, kitabın ərsəyə gəlməsindən danışıb. Qeyd edib ki, kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə və fəlsəfə elmləri doktoru İzzət Rüstəmovdur.

Sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, nəşrin rəyçisi, fəlsəfə elmləri doktoru İzzət Rüstəmov, həmin müəssisənin əməkdaşları, fəlsəfə elmləri doktoru Adil Əsədov, siyasi elmlər doktoru Adil Mirabdullayev və Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə çıxış edərək əsərlə bağlı təəssüratlarını bölüşüb, nəşri yüksək qiymətləndiriblər.

“Respublika”.