Azərbaycan mədəniyyətinin ötən bir ili
Mədəniyyət

Azərbaycan mədəniyyətinin ötən bir ili

Ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasına, mədəniyyətimizin inkişafına və onun xarici ölkələrdə təbliğinə, tarixi abidələrimizin bərpasına dövlətin diqqət və qayğısı hər zaman böyük olub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, mədəniyyət sahəsində böyük investisiya proqramları reallaşdırılıb.

Paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, sərgi salonları, rəsm qalereyaları istifadəyə verilib. Eyni zamanda, mövcud mədəniyyət obyektlərinin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyalarının zənginləşdirilməsi istiqamətində bir çox irihəcmli layihələr gerçəkləşdirilib. Ötən bir il müddətində "Mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi", "İnsan və cəmiyyətin mədəni inkişafı", "Mədəni və yaradıcı sənayelərin dəstəklənməsi", "Azərbaycan mədəniyyətinin beynəlxalq təşviqi", "İşğaldan azad olunmuş ərazilərə mədəniyyətin qayıdışı" kimi prioritet istiqamətlər üzrə bir sıra tədbirlər həyata keçirilmişdir.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında", "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"nın təsdiq edilməsi haqqında", "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamlarının icrası istiqamətində müvafiq işlər görülmüşdür. Bundan əlavə, dövlət başçısının "Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında", "Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında", "Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncamlar verilmişdir.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq 2022-ci ilin birinci yarımili ərzində Azərbaycan Dövlət Film Fondunda, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbində, Mingəçevir şəhər Ü.Hacıbəyli adına 11 illik Musiqi məktəbində, Yevlax şəhəri Heydər Əliyev adına Sarayda, Beyləqan şəhər Niyazi adına uşaq musiqi məktəbində, Qəbələ şəhər uşaq incəsənət məktəbində təmir işlərinə başlanılmışdır. Mərdəkan qəsəbəsində yerləşən Kiçik Mərdəkan qəsri və Xanbaba hamamının, Nardaran qəsəbəsindəki Nardaran qəsrinin bərpası ilə bağlı layihə-smeta sənədləri hazırlanmışdır. Bundan başqa, il ərzində bir sıra teatr xadimlərinin, aktyorların yubiley tədbirləri keçirilmişdir. Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru İsmayıl Dağıstanlının 115 illiyi, Xalq artisti Ağasadıq Gəraybəylinin 125, SSRİ Xalq artisti İsmayıl Osmanlının 120 illik yubiley tədbirləri baş tutub. Hər zaman mədəniyyət işçilərinə dəstək olan və Azərbaycan mədəniyyətinin inkişafında böyük əməyi olan ümummilli lider Heydər Əliyevin 99 illiyi ilə bağlı bütün ölkədə ilboyu müxtəlif səpkili mədəni tədbirlər təşkil olunmuşdur.

İşğaldan azad olunmuş ərazilərdə ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə və dövlət qeydiyyatında olmayan tarixi, memarlıq arxeoloji əlamət daşıyan 162 obyektə (yeni aşkar olunmuş abidə) baxış keçirilmiş, elektron məlumat bazası yaradılmış, fotoşəkillər, həmçinin arxiv məlumatları toplanılmışdır. Hazırda isə bu istiqamətdə işlər davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə kitabxanaların bərpası işi ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ildən həyata keçirilən "Qarabağa kitabla gedək" layihəsi çərçivəsində kitabtoplama kampaniyası 2022-ci ildə də uğurla davam etdirilmişdir. Məlumdur ki, 30 illik işğal dövründə Qarabağda olan bütün mədəni, tarixi abidələr hamısı ermənilər tərəfindən vəhşicəsinə dağıdılmışdır. Dağıdılıb, yerlə-yeksan edilən abidələrin təmir-bərpası istiqamətində dövlətlə bərabər, həm də Heydər Əliyev Fondu böyük işlər görür. Qələbədən sonra bərpa işlərinə başlayan Fond ilk olaraq Şuşada Molla Pənah Vaqifin muzey-kompleksini təmir edib yenidən mədəni, ədəbi mühitin ixtiyarına verdi. Heydər Əliyev Fondunun işləri bu gün də uğurla davam etdirilir. Şuşa şəhərində Mehmandarovların malikanə-kompleksinin bərpası istiqamətində də işlərin böyük hissəsi görülmüşdür, tam olaraq isə 2023-cü ilin sonuna kimi başa çatacaq. Eyni zamanda, Heydər Əliyev Fondunun həyata keçirdiyi təmir-bərpa işləri çərçivəsində cari ildə Yuxarı Gövhər Ağa məscidində, Şirin su hamamında, məşhur tarzən Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) ikimərtəbəli evində yenidənqurma və bərpa işləri aparılıb. Şuşada olan bütün mədəni, tarixi və dini abidələr yaxın zamanlarda bərpa edilərək əvvəlki görkəminə qaytarılacaq. Sevindirici haldır ki, Azərbaycanın mədəniyyət, musiqi beşiyi Şuşada artıq keçmiş ənənələr yenidən bərpa olunur. 2022-ci il ərzində burada Vaqif Poeziya Günləri, V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçirilmişdir. Bəli, ölkədə keçirilən mədəni tədbirlərin özəlliyi ondan ibarətdir ki, onların bəziləri doğma Şuşamızda keçirildi. 30 il gözü yolda qalan, çal-çağırlı günlərin həsrətini çəkən Cıdır düzündə. Əlbəttə ki, Şuşa şəhəri Azərbaycanın incəsənətinin, mədəniyyətinin mərkəzi, beşiyi kimi qədim tarixə malikdir. Elə bu qədim ənənələri yaşadıb davam etdirmək məqsədilə də yola salacağımız 2022-ci ildə bir-birindən fərqli, maraqlı layihələr, tədbirlər baş tutdu. Şuşanın zəngin mədəniyyətini daha da geniş əhatə etmək üçün keçirilən layihə yeddi bölmədən ibarət olub: "Şuşanın memarlıq salnaməsi", "Azərbaycan musiqisinin məbədi - Şuşa", "Muğam ocağı - Şuşa", "Qarabağ xalçaçılıq məktəbi - Şuşa", "Şuşanın ədəbi həyatı", "Şuşanın simaları", "Şuşa milli geyim üslubu".

2022-ci il həm də teatr sahəsində intensiv olub. Ölkədə bir neçə festivallar keçirilib. Bu festivallar milli teatrımıza canlanma gətirib. 4.4 Qısa Tamaşalar Festivalı bu il daha geniş şəkildə keçirilib. Festival miqyasına görə beynəlxalq xarakter daşıyıb. Xarici ölkələrdən qırxa yaxın teatr mütəxəssisləri iştirak edib. Daha sonra Teatr Xadimləri İttifaqı "Milli klassika" adlı festival və digər yaddaqalan tədbirlər keçirib. Eyni zamanda, il uğurlu tamaşaların nümayişi baxımından da zəngin olub.

Artıq 2022-ci ili yola salmışıq. Ötən bu bir ildə ədəbiyyat sahəsində nələr baş verdi, nə ilə yadda qaldı? İlin başlanğıcında Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda kağız və kitab 18 faiz Əlavə Dəyər Vergisindən (ƏDV) azad olundu. Daha sonra il müxtəlif vaxtlarda keçirilən Milli Kitab və Bakı Beynəlxalq Kitab Sərgiləri ilə yadda qaldı. 2022-ci ilin yaddaqalan hadisələrindən biri də Azərbaycanın Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı oldu.

Paytaxt Bakının da mədəni-ədəbi mühiti 2022-ci ildə olduqca zəngin olub. Xüsusilə, musiqi sahəsində bir çox maraqlı yubiley tədbirləri keçirilib. Onlardan SSRİ Xalq artisti, dünyaşöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin 80 illik yubileyi, Bakı bulvarında büstünün açılışı və yubiley gecəsi də daxil olmaqla bir sıra maraqlı tədbirlərlə yadda qalmışdır. Ümumilikdə, 2022-ci il Azərbaycan mədəniyyəti sahəsində olduqca maraqlı, zəngin və məhsuldar olmuşdur. İnanırıq ki, 2023-cü il ötən illərdən daha maraqlı və uğurlu olacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".