Azərbaycan-Macarıstan münasibətləri
Siyasət

Azərbaycan-Macarıstan münasibətləri

İmzalanan sənədlər qaz təchizatı sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan türk və ərəb ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlərlə də siyasi-iqtisadi sahədə sıx əlaqələr qurur. Azərbaycan-Macarıstan əlaqələri də bu istiqamətdə uğurla inkişaf etdirilir. Əlbəttə ki, ölkəmizlə Macarıstan dövləti arasında siyasi əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsi iqtisadi münasibətlərin də inkişafına gətirib çıxarır. Bu nəticələr ölkələr arasında hər il artan ticarət dövriyyəsində də özünü büruzə verir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, həmçinin iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycan və Macarıstan dövlətləri enerji, logistika və nəqliyyat sahəsində də əməkdaşlığa böyük önəm verir. Macarlarla xalqımız arasındakı tarixi əlaqələrin kökü daha dərindir. Macarıstanın 1991-ci ildə ölkəmizin müstəqilliyini tanıması, 2004-cü ildə Bakıda, ardınca 2009-cu ildə Budapeştdə səfirliklərimizin açılması daha geniş sferaya keçid etmişdir. Strateji tərəfdaşlığa dair sənədlərin imzalanması isə bu dostluğun davamıdır.

Macarıstanın həm Avropa İttifaqının üzvü, həm də Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunması siyasi-iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu ölkələrin beynəlxalq arenada bir-birinin maraqlarını dəstəkləməsi baxımından da önəmlidir. Bununla yanaşı, Bakı ilə əməkdaşlıq etmək Budapeşt üçün Avropada yaşanan qaz böhranı fonunda da çox faydalıdır. Bu əsasda hər iki dövlətin nümayəndələri arasında bir sıra səfərlər də həyata keçirilib. Bu səfərlərin nəticəsində də hər iki tərəf qarşılıqlı memorandumlar imzalayıblar. Miqrasiya, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlər, bitki karantini və bitki mühafizəsi, təbii qaz əməkdaşlığı haqqında anlaşma memorandumları da bura daxildir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfər edib. Yanvarın 30-da Macarıstan Prezidenti xanım Katalin Novak Prezident İlham Əliyevlə görüşüb. Görüş başa çatdıqdan sonra Azərbaycan və Macarıstan tərəfi bir sıra sənədlər imzalayıblar. "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb.

Prezident İlham Əliyev görüş zamanı bildirib: "Əgər bu il haqqında danışsaq, yanvar ayında biz Azərbaycan ilə Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumunu imzaladıq və beləliklə, heyətimizə üzv olan ölkələrin sayı artır. Bütün bunlar, ilk növbədə cəlb edilmiş ölkələrlə sıx siyasi münasibətlər, fəal əlaqələndirmə və Avropa Komissiyası ilə Azərbaycanın bu təşəbbüslərə səmərəli rəhbərliyi sayəsində mümkün olmuşdur. Bu, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında başlamış və rəsmi çərçivəyə salınmış enerji dialoqunu da nümayiş etdirdi. Həmin dialoq təbii qazı, elektrik enerjisini, hidrogeni və yaşıl hidrogeni əhatə edir. Hesab edirəm bu, əməkdaşlığımızın çox nadir və səmərəli formatıdır. Bu gün komandamızda yalnız dörd iştirakçı ölkə olsa da, bu sayın artma potensialı var, çünki biz düşünürük ki, yalnız hökumətlər deyil, şirkətlər də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər".

Azərbaycan qazı Bolqarıstana, oradan Rumıniyaya, daha sonra isə Macarıstana və digər Avropa ölkələrinə çatdırılacaqdır. Artıq Macarıstan dövləti təkcə Azərbaycan qazının istehlakçısı deyil, həmçinin onu digər Avropa ölkələrinə tranzit edən tərəf kimi fəaliyyət göstərəcək. Ölkəmiz isə özünün zəngin neft-qaz resursları sayəsində ən azı yüz il ərzində Avropa üçün bu sahə üzrə tərəfdaş olacaqdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".