Azərbaycan-Latviya hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib
Siyasət

Azərbaycan-Latviya hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib

Aprelin 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Latviyanın müdafiə naziri fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. A.Pabriks "Şərəf kitabı"nı imzalayıb.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq, ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilən ərazilərdə görülən işlərlə bağlı onlara ətraflı məlumat verib.

Müdafiə naziri Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlığın həm NATO-nun müxtəlif proqramları, həm də ikitərəfli əsasda həyata keçirildiyini və bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb.

Səmimi görüşə görə minnətdarlığını ifadə edən A.Pabriks dövlətlərimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını, Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu deyib. Baş nazirin müavini, həmçinin azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində latviyalı mütəxəssislərin də iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Latviya arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, təhlükəsizlik məsələləri, habelə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.

AZƏRTAC