Azərbaycan könüllüləri Türkiyədə on minlərlə zərərçəkənə xidmət göstərib
Digər xəbərlər

Azərbaycan könüllüləri Türkiyədə on minlərlə zərərçəkənə xidmət göstərib

Türkiyənin cənub-şərqində baş verən və genişmiqyaslı dağıntılar, çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında olaraq təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dəstək verir.

Gənclər Fondundan AZƏRTAC-a bildirilib ki, türk xalqına yardım məqsədilə Azərbaycan gəncləri də könüllü kimi zəlzələ bölgəsində fəaliyyətini davam etdirir.

Artıq üçüncü həftədir ki, fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrindəki çadır şəhərciklərində könüllü kimi çalışan azərbaycanlı gənclər on minlərlə zərərçəkmiş şəxsə xidmət edir, eləcə də zəlzələ bölgələrindəki müxtəlif məntəqələrdə qida, geyim, dərman, gigiyenik vasitələr və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır və digər dəstək verici xidmətləri göstərirlər. Həmçinin könüllü gənclərimiz çörəkbişirmə və paylama məntəqəsində fəaliyyətə başlayıb, habelə ucqar kəndlərə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak ediblər.

Xüsusi vurğulamaq lazımdır ki, zəlzələ bölgəsindəki uşaqların sevimlisinə çevrilən Azərbaycan könüllüləri ötən həftə də bu bölgələrdə yaşayan həssas vəziyyətdəki minlərlə uşağa xidmət ediblər. Belə ki, könüllülərimiz zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırıb, habelə təbii fəlakət zamanı keçirdikləri sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün hər gün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərib, eləcə də uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar və digər əyləncəli-maarifləndirici fəaliyyətlər təşkil ediblər. Həmçinin gənclərimiz tərəfindən "uşaq və ana mərkəzi" kimi fəaliyyət göstərən çadırlar qurulub və bu mərkəzdə uşaqlara kino və cizgi filmlərinin göstərilməsi üçün də şərait yaradılıb.