Azərbaycan kardioloqlarının Naxçıvanda keçirilən regional konfransı başa çatıb
Digər xəbərlər

Azərbaycan kardioloqlarının Naxçıvanda keçirilən regional konfransı başa çatıb

Azərbaycan Kardiologiya Cəmiyyəti və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən kardioloqların növbəti regional konfransı başa çatıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasında öz işinə başlayan konfransda Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvləri, həkim-kardioloqlar, muxtar respublikanın tibb işçiləri, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin rezident və tələbələri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda ürək-damar xəstəliklərinin aktual problemləri ətrafında müzakirələr aparılıb, təkliflər verilib, müayinələr aparılıb, suallar cavablandırılıb.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstələri qoyub, sonra Heydər Əliyev Muzeyi ilə tanış olublar. Qeyd edilib ki, muzeydə Ulu Öndərin müxtəlif illərə, o cümlədən Naxçıvanda fəaliyyət göstərdiyi illərə aid eksponatlar, fotolar və digər dəyərli nümunələr nümayiş etdirilir.

Konfransda Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək səhiyyənin inkişafına göstərilən dövlət qayğısından ətraflı bəhs edib. Bildirib ki, aparılan genişmiqyaslı islahatlar nəticəsində bu gün muxtar respublika əhalisinin sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Muxtar respublikanın səhiyyə müəssisələrinin müasir tələblər əsasında qurulması və zəngin maddi-texniki baza ilə təchiz olunması əhalinin sağlamlığının qorunması üçün lazımi tibbi təminatın təşkilinə şərait yaradır. Yaradılan şəraitdən Naxçıvan Muxtar Respublikası Kardiologiya Mərkəzinə də pay düşüb, Mərkəzin binası ən müasir tibbi avadanlıqlarla, eləcə də son illərdə ürək-damar xəstəliklərinin diaqnostikasında geniş tətbiq olunan angioqrafiya aparatı ilə təchiz edilib. Hansı ki, sözügedən angioqrafiya aparatı son illər ürək-damar xəstəliklərində dəqiq diaqnoz qoymaq, infarktın qarşısının alınması üçün stendqoyma baxımından ən vacib müayinə metodu sayılır. Xəstələrin sağalması istiqamətində yeni müalicə üsulları, dərmanlar araşdırılıb tətbiq olunur.

Nazir qeyd edib ki, muxtar respublikada səhiyyənin inkişafı üçün ölkənin, eləcə də xarici ölkələrin tibb müəssisələri ilə əlaqələr genişləndirilir, tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq muxtar respublikaya yüksəkixtisaslı həkim heyəti dəvət olunaraq yerli kadrlarla müxtəlif tibbi aksiyalar, ölkə və beynəlxalq səviyyəli elmi konfranslar, bilik və təcrübə mübadiləsi, seminarları təşkil edilir. Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq hər il muxtar respublikada kardioloqların regional konfransının keçirilməsi artıq ənənə halını alıb.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Kardiologiya Mərkəzində yaradılan hərtərəfli şəraitin nəticəsində, artıq muxtar respublikada ürək-damar xəstəliklərinin müayinəsi, konservativ müalicəsi ilə yanaşı, cərrahi əməliyyatlar da yüksək səviyyədə aparılır. Bu istiqamətdə görülən işlər isə əhalinin tibbi tələbatının ödənilməsinə şərait yaradır ki, bu da insan amilinə verilən dəyərin parlaq ifadəsidir.

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov çıxışında qeyd edib ki, cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasında ürək-damar xəstəliklərinin profilaktikasını, diaqnostikasını və müalicəsini dünya səviyyəsinə çatdırılmasına kömək etməkdən ibarətdir. İctimai birlik bu məqsədə çatmaq üçün müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər keçirir. Naxçıvanda təşkil olunan konfransda bu sahədə görülən tədbirlərin davamıdır.

"Naxçıvanda müasir angioqrafiya aparatları ilə aparılan müayinə və müalicələrdə, açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stend qoyulması proseslərində gənc kadrların fəal iştirakı deməyə əsas verir ki, artıq kardiologiya Naxçıvanda da bir elm kimi inkişaf edir", - deyən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev isə bildirib ki, konfransın keçirilməsində də məqsəd bu sahədə çalışan kardioloqların elmi biliklərini artırmaq, praktik vərdişlərini daha da yüksəltmək, bu xəstəliklərin diaqnostikası, profilaktikasında müasir yanaşmalara nail olmaq, yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətləri təbliğ etmək və təcrübə mübadiləsi aparmaqdan ibarətdir. Kamran Musayev bu istiqamətdə beynəlxalq miqyasda tətbiq edilən mühüm yeniliklər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

Azərbaycan Kardiologiya Cəmiyyətinin və YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov ürək-damar xəstəlikləri barədə mühazirələr oxuyub, yeni müalicə metodlarından söhbət açıb. Qeyd edib ki, bu gün ürək-damar xəstəlikləri dünyada ölümün və sağlamlıq imkanları məhdudluğun əsas səbəblərindən biri sayılır və bu xəstəlik üzündən hər il 17 milyondan çox insan dünyasını dəyişir. Buna görə də kardiologiyanın inkişafı müasir dövrümüzdə mühüm əhəmiyyət kəsb edir. Konfransın keçirilməsində də əsas məqsədlərdən biri dünya kardiologiya elminin nailiyyətlərini təbliğ etmək, ürək-damar xəstəliklərinin yayılması səbəblərini öyrənmək, Azərbaycan kardioloqları ilə Avropa və digər ölkələrin kardioloqları arasında əməkdaşlığın inkişafına kömək etməkdir.

Konfransda həkim-kardioloqlar "Dislipidemiya və kardiovaskulyar risk", "Yenilənmiş protokollar işığında dislipidemiyanın idarəsi", "Triqliserid və ateroskleroz", "Arterial hipertenziyası olan dislipidemiyalı pasiyentlərin idarə olunması", "Hamiləlikdə hipertenziya", "Hamiləlik və kardiovaskulyar dərmanlar", "Qapaq əməliyyatı olunmuş xəstələr və hamiləlik", "Ürək-damar xəstəliklərinin müalicəsinə kompleks yanaşma", "Xroniki böyrək çatışmazlığında antihipertensiv müalicə" və digər mövzularda çıxış ediblər.

Qeyd edək ki, konfransın gedişində həkim-kardioloqlar ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentləri müayinə edib, tövsiyələr veriblər.

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov regional konfransın keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib, konfransa yekun vurulub.

AZƏRTAC