Azərbaycan-Kamboca Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
Digər xəbərlər

Azərbaycan-Kamboca Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

İyunun 1-də Azərbaycan-Kamboca Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 3-cü iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, məsləhətləşmələrdə ölkəmizi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kamboca tərəfini isə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi (nazir müavini) Çem Vidya təmsil edib.

İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.

Nazir müavini E.Məmmədov postmünaqişə mərhələsində bölgədə mövcud vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, habelə bərpa və quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Azərbaycanın Qoşulmama Hərəkatının (NAM) sədri, Kambocanın isə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sədri qismində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşün sonunda "Azərbaycan Respublikası Hökuməti və Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında Saziş" imzalanıb.

AZƏRTAC