Azərbaycan-İtaliya əlaqələri hər iki ölkənin maraqlarına uyğun inkişaf edir
Siyasət

Azərbaycan-İtaliya əlaqələri hər iki ölkənin maraqlarına uyğun inkişaf edir

Xarici siyasətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verən müstəqil Azərbaycan dünya dövlətləri ilə əlaqələrini genişləndirməklə dostluq, tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirir. Ölkəmizin möhkəm təməllər üzərində dostluq əlaqələri qurduğu ölkələrdən biri də İtaliyadır.

Zəngin mədəniyyətə, böyük dövlətçilik ənənələrinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan İtaliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin tarixi ölkəmizin müstəqilliyinin bərpasının ilk illərinə təsadüf edir. Belə ki, 1992-ci ilin əvvəllərində İtaliya Azərbaycanın müstəqilliyini tanımış, həmin il ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuşdur. İtaliya hökumətinin Cənubi Qafqaz ölkələri arasında ilk olaraq Azərbaycanda öz səfirliyini təsis etməsi ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının nümunəsidir. 1997-ci ildə Azərbaycanda İtaliyanın səfirliyi yaradılmış, həmin ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İtaliyaya rəsmi səfər etmişdir. Səfər çərçivəsində iqtisadiyyat, elm, mədəniyyət, texnologiya və s. sahələr üzrə imzalanan müqavilələr, əməkdaşlıq haqqında sazişlər iki ölkə arasında münasibətlərin inkişafına təkan vermişdir.

2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada səfirliyi təsis edilmiş, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin ölkəyə səfər etmişdir.

Azərbaycanın dövlət rəhbərinin səfəri çərçivəsində Azərbaycan-İtaliya Birgə Bəyannaməsi qəbul olunmuş və Azərbaycan Respublikası hökuməti ilə İtaliya Respublikası hökuməti arasında gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatı və aradan qaldırılması üzrə qarşılıqlı inzibati yardım haqqında saziş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İtaliya Respublikası Mədəni İrs və Mədəni Fəaliyyət Nazirliyi arasında mədəniyyət abidələrinin qorunması və inventarlaşdırılması sahəsində əməkdaşlığa dair, mədəni dəyərlərin mühafizəsi və onların oğurlandığı halda geri qaytarılması sahəsində əməkdaşlığa dair bəyannamə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və İtaliya Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu, AZƏRTAC ilə ANSA xəbər agentlikləri arasında informasiya mübadiləsi və əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti ilə İtaliya Respublikasının RAİ Radio-Televiziyası arasında əməkdaşlığa dair saziş, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və İtaliya Milli Olimpiya Komitəsi arasında texniki və idman sahələrində əməkdaşlıq haqqında saziş, Bakı Şəhər İcra Hakimiyyəti və Roma Şəhər Meriyası arasında dostluq və əməkdaşlıq haqqında protokol - 8 mühüm sənəd imzalanmışdır. 2005-ci ildə imzalanan "Azərbaycan Respublikası ilə İtaliya Respublikasının Aviasiya Hakimiyyət Orqanları arasında Anlaşma Memorandumu" Azərbaycandan Milana hava nəqliyyatı xəttinin açılmasına şərait yaratmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk illərindən Azərbaycan ilə İtaliya arasında ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılmış və bu səylər bu gün də davam etdirilir. 2013-cü ildə Neapol şəhərinin merinin Bakıya səfəri iki şəhər arasında qardaşlaşma münasibətləri istiqamətində əhəmiyyətli addım olmuşdur. 2014-cü ildə İtaliya Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində "2014-cü il üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında İkitərəfli Əməkdaşlıq Planı"nın imzalanması, Romada "Bakı 2015 Birinci Avropa Oyunları"nın təqdimat mərasiminin təşkil olunması, 2020- ci ildə Roma şəhərində İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində "İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyası"nın 5-ci iclasının keçirilməsi, həmin il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı Baş nazir Cüzeppe Konte ilə "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə", ümumilikdə isə 28 sənədin imzalanması- bütün bunlar gündən-günə inkişaf edən İtaliya -Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsini, çoxsaylı biznes anlaşmalarının nəinki neft-qaz sektorunu, həmçinin iqtisadiyyatın başqa sahələrini də əhatə etdiyini, İtaliyanın Azərbaycanın sənaye, kənd təsərrüfatı, infrastruktur, turizm, nəqliyyat-logistika və digər sahələrinə yatırdığı sərmayələrini artıracağını özündə əks etdirmişdir.

Azərbaycan ilə İtaliya arasında qlobal və regional poblemlərin həllinə, ticarət dövriyyəsinin genişlənməsinə, ölkələrin maraqlarına, sülh, sabitlik və rifahı inkişaf etdirməyə yönəlmiş əməkdaşlıq əlaqələri bu gün də davam edir.

Sentyabrın 1-də Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri 30 il əvvəl sağlam təməl üzərində qurulmuş dostluq əlaqələrinin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edir. İtaliya Prezidenti Sercio Mattarella ilə Azərbaycan Prezidenti İlham Əliyev son görüşlərdə əldə edilmiş bütün razılaşmaların həyatda öz əksini tapmasını yüksək qiymətləndirmişlər. Ölkə başçımızın İtaliyaya səfəri çərçivəsində Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışı olmuş, Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilmişdir.

İtaliyanın Çernobbio şəhərində 1965-ci ildən fəaliyyət göstərən, İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunan "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda təşkil olunan 48-ci Beynəlxalq Çernobbio Forumu sentyabrın 2-də öz işinə başlamışdır. İtaliya Prezidenti Sercio Mattarella, İtaliya Nazirlər Şurasının sədri Mario Draqi və "The European House - Ambrosetti" beyin mərkəzinin dəvəti ilə konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun plenar iclasında "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxışı zamanı sonuncu dəfə 2020-ci ildə İtaliyada dövlət səfərində olarkən İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalandığını və bu tərəfdaşlığın hər iki ölkə tərəfindən etibarlı olduğunu diqqətə çatdırmışdır. Budəfəki görüşdən də məmnunluq ifadə edən Prezident İlham Əliyev ikitərəfli gündəliyə yeni və daha vacib məsələlərin əlavə edildiyini bildirmişdir.

Dövlət rəhbəri ölkəmizin enerji təhlükəsizliyi məsələlərində rolundan danışaraq Azərbaycanın İtaliyanı neftlə təchiz edən əsas ölkələrdən biri olduğunu, iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərinə götürdüyünü vurğulamışdır. Son 10 il ərzində dünya bazarında etibarlı qaz təchizatçısı olan ölkəmizin Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac etdiyini və bu il İtaliya bazarına 10 milyard kubmetr qaz nəqlinin planlaşdırıldığını diqqətə çatdırmışdır. Azərbaycan Prezidenti həmçinin, yeni layihələrdən də bəhs edərək İonik-Adriatik boru kəməri layihəsinin reallaşması ilə Azərbaycanın öz qazını üç Balkan ölkəsinə çatdıracağını da qeyd etmişdir.

Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə ehtiyac olduğunu bildirən cənab Prezident bura yalnız təbii qaz deyil, elektrik enerjisi, hidrogen və yaşıl hidrogen və s. seqmentlərin də daxil olunacağını söyləmiş, Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialının 10 qiqavatdan çox olduğunu bildirmişdir: "Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Sizə deyə bilərəm ki, biri Səudiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digəri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Bu isə bizim ixrac potensialımızı gücləndirəcək", - deyən Prezident İlham Əliyev ölkəmizin gələcək enerji təhlükəsizliyi planlarından da bəhs edərək bunun yalnız Avropanı deyil, həmçinin daha geniş sahəni əhatə edəcəyini, Azərbaycanın öz tərəfdaşlarının ehtiyaclarını qarşılamaq üçün əlindən gələni etməyə çalışacağını bildirmişdir.

İtaliya ilə Azərbaycan arasında siyasi dialoq mühiti formalaşaraq yeni inkişaf mərhələsinə yüksəlmiş, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılmışdır. Etibarlı tərəfdaş olan ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi davamlı surətdə artırılır, mədəni, təhsil və əsasən də enerji sahəsində uğurlu əməkdaşlıq həyata keçirilir.

Mehparə ƏLİYEVA,

"Respublika".