Azərbaycan İstanbulda keçirilən
Siyasət

Azərbaycan İstanbulda keçirilən "Stratcom 21" Sammitində təmsil olunur

Sammitdə dünyanın 23 ölkəsindən üç mindən çox nümayəndə iştirak edir

Dekabrın 11-də İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Sammiti - "Stratcom 21" işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sammitin açılış mərasimində iştirakçıları salamlayan Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun qlobal dünyada medianın gücü, səhv və aqressiv məlumatlandırma kampaniyaları, dezinformasiyanın dünya ölkələrinə mənfi təsirindən danışıb. Bu məqsədlə dünyanın yeni bir kibergücə ehtiyacı olduğunu vurğulayan Fahrettin Altun sosial medianın idarə edilməsinin ayrı-seçkiliyə, kiberfaşizmə və ümumiyyətlə insanların həyatına mənfi təsirinə son verəcəyini deyib. Bildirilib ki, burada beynəlxalq təşkilatların, media qurumlarının və bütün cəmiyyətlərin üzərinə çox vacib vəzifələr düşür.

Dəvətə və tədbirin təşkilinə görə Türkiyə tərəfinə təşəkkürünü ifadə edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Qarabağ: Bir Zəfər kommunikasiyası" mövzusunda çıxış edib.

"Təəssüflər olsun ki, Azərbaycan müstəqilliyinin ilk illərindən, hətta dünyanın strateji kommunikasiyanın nə olduğunu belə bilmədiyi dövrdə ölkəmizə qarşı strateji kommunikasiyanın, dezinformasiyanın, yalan xəbərlərin yayıldığını gördük", - deyən Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, müstəqilliyinin bərpasının 30-cu ilini qeyd edən Azərbaycan ötən dövr ərzində informasiya savaşı, hibrid savaşlar, psixoloji savaşlarla üzləşib. Xüsusilə Qarabağ müharibəsi - Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti məhz bu əsaslarla, psixoloji savaşla, hibrid savaşlarla müşayiət olunub. Dünyanın dezinformasiyanı hələ tam qavramadığı dövrdə Azərbaycan bu cür savaşlarla üz-üzə qalıb. Lakin 1990-cı illərin əvvəllərində Azərbaycan bu savaşa hazır deyildi. Ona görə də Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi. Bu işğalın terror, təcavüzkar separatizm, ayrı-seçkiliklə müşahidə olunduğuna baxmayaraq, dünya Azərbaycanı qınayırdı. Ermənistanın silahlı qüvvələri tərəfindən bizim insanlarımız öldürüldüyü halda azərbaycanlıların erməniləri öldürdüyü barədə yalan informasiyalar irəli sürülürdü. Nəticə etibarilə dünyada "erməni soyqırımı" adı altında təbliğat aparılırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan öz haqlı savaşını apararaq dünyaya həqiqəti çatdırmağa çalışırdı.

Hikmət Hacıyev deyib: "Erməni lobbisinin dünya üzrə bizə qarşı apardığı bu siyasətə cavab olaraq yalnız strateji səviyyədə hərbi, diplomatik və informasiya siyasətimizi bir araya gətirərək, koordinasiya olunmuş şəkildə siyasət həyata keçirərək bunun qarşısını ala bilərdik. Bu proseslər dünyanın susduğu, baş verənləri görmək, duymaq istəmədiyi anda oldu. Bu problemlərin fonunda biz uzunmüddətli bir yola çıxdıq. Otuzillik işğal dövründə strateji kommunikasiya və strateji rabitə formalaşdıraraq bunu həyata keçirməyə başladıq. Əsas hədəfimiz Azərbaycan tərəfindən həyata keçirilən siyasətin vahid bir mesajla dünyaya çatdırılması idi. Çətinliklərə baxmayaraq, düşünürəm ki, həqiqəti dünyaya çatdırmağa nail olduq. Bu, xüsusilə Azərbaycanın Vətən müharibəsində bir daha özünü doğrultdu".

Vətən müharibəsi haqqında danışan Hikmət Hacıyev bildirib ki, bu savaş dövründə strateji kommunikasiyanın düzgün qurulması Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri idi.

Prezidentin köməkçisi qeyd edib ki, ermənilərin ölkəmizə qarşı yenidən başlatdığı savaşa baxmayaraq dünyanın aparıcı media orqanlarının çoxunun qapıları Azərbaycan üçün qapalı qalmaqda davam edirdi: "Burada Azərbaycan Prezidenti dünya mediası ilə birbaşa təmas quraraq ölkəmizin apardığı strateji kommunikasiyada ön sırada oldu. 44 gün davam edən Vətən müharibəsi dövründə dövlətimizin başçısı dünyanın 30-dan çox aparıcı televiziyalarına və informasiya agentliklərinə saatlarla davam edən müsahibələr verdi. Məhz bunun sayəsində Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də qələbə qazandı. Bu yolda bizə dəstək verən hər bir kəsə minnətdarlığımızı bildiririk.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına videomüraciəti təqdim edilib.

Dünyanın inkişaf etmiş demokratik ölkələrinin artan rəqəmsal faşizm və saxta xəbərlər qarşısında artıq ayıq-sayıq olduğunu deyən Türkiyə Prezident dezinformasiyanın qlobal təhlükəsizlik probleminə çevrildiyini bildirib.

Sammitin öz sahəsi üzrə yaranan boşluğu dolduracağına ümidvar olduğunu deyən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu prosesdə strateji kommunikasiya fəaliyyətlərinin əhəmiyyəti gündən-günə artır. "Xüsusilə sosial media kanallarının artması nəticəsində yalanların, uydurma xəbərlərin və dezinformasiyaların sürətlə yayıldığını görürük. Səmərəli nəzarət mexanizminin olmadığı bu kanallardan yayılan belə xəbərlər milyonlarla insanın həyatını qaraltmaqdadır. İlk yarandığı vaxtlarda azadlığın simvolu kimi qələmə verilən sosial media bugünkü demokratiya üçün əsas təhlükə mənbələrindən birinə çevrilib", - deyə Prezident vurğulayıb.

Daha sonra tədbir mövzu ilə bağlı panel iclaslarla davam etdirilib.

Sammitdə dünyanın 23 ölkəsindən müxtəlif akademiyaların, beyin mərkəzlərinin, dövlət qurumlarının əməkdaşları, media və özəl sektorun təmsilçiləri, qeyri-hökumət təşkilatlarının, beynəlxalq təsisatların üç mindən çox nümayəndəsi iştirak edir.

İki gün davam edəcək tədbirdə strateji kommunikasiya, ictimai və rəqəmsal diplomatiya, dezinformasiya, böhran idarəçiliyi, kommunikasiya kampaniyaları, hökumət rabitəsi, yeni media, ictimaiyyətlə əlaqələr, sosial media şəbəkələrinin təhlili, yeni kommunikasiya texnologiyası meyilləri, strateji marketinq, media büdcələri, alqoritmlərin insan həyatına təsiri, ictimai rəy sorğuları, siyasi kommunikasiya və bu kimi digər aktual məsələlər müzakirə olunur.

AZƏRTAC