Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Siyasət

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 27-də Türkiyə nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında və Türk şəhidliyində də olublar.

Sonra türkiyəli heyət Müdafiə Nazirliyinə gəlib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov nümayəndə heyəti ilə görüşüb.

General-polkovnik Zakir Həsənov ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu xatırladaraq, Azərbaycanın müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığın genişləndirildiyini və bunun bölgədəki sabitliyi təmin edən mühüm amillərdən olduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbənin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini xüsusi vurğulayan nazir qardaş Türkiyənin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Türkiyənin milli müdafiə nazirinin müavini ölkələrimiz arasında hərbi sahədə birgə sənayenin inkişaf etdirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Söhbət zamanı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri və əsas istiqamətləri müzakirə edilib, iki ölkə ordularının müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, həmçinin maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Azərbaycan Ordusu ilə uğurlu əməkdaşlığa görə Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Muhsin Dere Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.

AZƏRTAC