Azərbaycan ilə Serbiya  dost ölkə, etibarlı tərəfdaşdır
SİYASƏT

Azərbaycan ilə Serbiya  dost ölkə, etibarlı tərəfdaşdır

Bu gün sürətli inkişaf yoluna qədəm qoyan, dünya ölkələri ilə hərtərəfli əlaqələrini gücləndirən ölkəmizin nüfuzu gündən-günə artır. Azərbaycanla əməkdaşlıq əlaqələrini genişləndirmək, irimiqyaslı layihələrin reallaşdırılmasında birgə fəaliyyət göstərmək istəyən ölkələrin sayı getdikcə çoxalır. Bütün bunlar isə ölkəmizin dayanıqlı, çoxşaxəli iqtisadiyyata, böyük potensiala sahib olmasının və eyni zamanda, etibarlı tərəfdaş kimi tanınmasının nəticəsidir. Dünyada sülhə, əmin-amanlığa və təhlükəsizliyə töhfə verən müstəqil Azərbaycan dövlət quruculuğu yolunda inamlı və uğurlu addımlar atır. Yalnız regionda deyil, bütün dünyada tutduğu mövqeyi ilə yüksək hörmət və ehtiramla qarşılanan Azərbaycan Prezidenti İlham Əliyev ölkələr arasında səmimi dostluğa, əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirir.

Noyabr ayının 23-də ölkə başçımız İlham Əliyev Serbiya Respublikasında rəsmi səfərdə olmuşdur. Azərbaycan Prezidentini böyük səmimiyyətlə qarşılayan Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ölkəsinə dəfələrlə səfərlər etmiş Prezident İlham Əliyevin hər səfərinin uğurlu olduğunu və bunun əməli fəaliyyətdə öz əksini tapdığını vurğulamışdır. Prezidentlərin təkbətək görüşü zamanı Azərbaycan tərəfdən Serbiya Respublikasının ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşıldığı qeyd olunmuş və eyni zamanda Azərbaycanın da çətin günlərində Serbiyanın ölkəmizin siyasətini dəstəklədiyi diqqətə çatdırılmışdır. Prezident Aleksandr Vuçiç sağlam təməllər üzərində qurulmuş münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyinə və bu istiqamətdə səylərin daha da artırılacağına əminliyini ifadə etmişdir.

Bu ölkədə səfərdə olduğundan məmnunluğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın dövlət başçısına fəal dialoqun davam etdirilməsi üçün minnətdarlıq etmiş və iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin artıq strateji tərəfdaşlıq xarakteri aldığını vurğulamışdır. Hər zaman bir-birinin ərazi bütövlüyünün, suverenliyinin dəstəklənməsini Azərbaycan və Serbiya arasındakı əlaqələrin əsasını təşkil etdiyini deyən Azərbaycan Prezidenti budəfəki görüşün gələcək əməkdaşlığın genişləndirilməsində, tərəfdaşlığın gücləndirilməsində böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.

Belqradda prezidentlərin təkbətək görüşündən sonra geniş tərkibdə görüş keçirilmişdir. Təkbətək görüş zamanı Azərbaycan ilə Serbiya arasında yaxın dostluq əlaqələrinin bir daha öz təsdiqini tapdığını bildirən Serbiya Prezidenti Aleksandar Vuçiç dövlət başçımızın məhsuldar fəaliyyəti sayəsində Azərbaycanın sürətlə inkişaf etdiyini, beynəlxalq əlaqələrini genişləndirdiyini və eyni zamanda, Azərbaycanla Serbiya arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu vurğulamışdır.

Ölkə başçılarının geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimində prezidentlər "Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat"ı, "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum"u və onun əlavəsi olan "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi"ni imzalamışlar. Bundan başqa, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş", "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya"nın sertifikatlarının tanınması haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş"in tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında İnzibati Razılaşma və s. mühüm sənədlər imzalanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev strateji tərəfdaş olan ölkələrimizin əlaqələrinin yeni səviyyəyə qaldırılması üçün müvafiq sənədlərin imzalanmasından sonra Serbiya Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etmişdir. Serbiya Respublikasının Baş naziri xanım Ana Brnabiç ilə geniş tərkibdə görüş zamanı da ölkə başçımız Serbiyanı Avropada Azərbaycanın ən yaxşı dostlarından biri kimi qiymətləndirmişdir. Prezident Aleksandar Vuçiç ilə ölkələrimizin enerji təhlükəsizliyi məsələlərini müzakirə etdiklərini bildirən Prezident İlham Əliyev demişdir: "Serbiya və Azərbaycan Avropanı Asiya ilə birləşdirən enerji marşrutunun üzərində yerləşir. Fikrimcə, bu sahədə əməkdaşlığın əhatə dairəsi daha geniş olmalıdır. Həmçinin mən ikitərəfli ticarətə aid bəzi məlumatlara baxdım. Rəqəmlər çox kiçikdir. Bu il dövriyyə artımına baxmayaraq, yenə də hesab edirəm ki, bunun üzərində işləmək imkanları var. Əlbəttə, bütün bu və digər məsələlər nəzərdən keçiriləcək. Ümid edirik ki, səfərdən sonra əməkdaşlığımızda yeni dinamikanı görəcəyik".

Mətbuata bəyanatla çıxış edən Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç görüş zamanı Birgə Bəyanatın, strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Memorandumun imzalandığını, bütün vacib məsələlərin müzakirə edildiyini və Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın yeni müstəviyə yüksəldiyini bildirmişdir. Ölkəsi üçün mühüm əhəmiyyət daşıyan enerji təhlükəsizliyi məsələsindən danışan Serbiya Prezidenti Azərbaycanın qaz istehsalı və ixracında mühüm potensiala sahib olduğunu qeyd etmişdir: Qazın istehsalı və ixracına gəldikdə, Azərbaycan qüdrətli ölkədir, yeddi, səkkiz və on ildən sonra Azərbaycan 35 milyard kubmetrdən daha çox qaz ixrac edəcək. Bu gün qaz ixracı təxminən 22 milyard kubmetr təşkil edir. Bu həcmin yarısından çoxu Avropa ölkələrinə nəql olunur. Məhz buna görə biz Serbiya və Bolqarıstan arasında interkonnektorun yaradılması üzərində çalışırıq ki, Bakıdakı dostlarımızın ixrac etdiyi əhəmiyyətli qaz həcmlərini təchiz edə bilək". Mətbuata bəyanatla çıxışında Azərbaycan Prezidentinin sözünə onun imzası qədər inandığını bildirən Aleksandar Vuçiç ikitərəfli görüş zamanı həmçinin, gübrə çatışmazlığı, neft-kimya müəssisələrinin fəaliyyəti, hərbi-texniki əməkdaşlıq, beynəlxalq səviyyədə əməkdaşlığın gələcək inkişafı və s. məsələlərin də müzakirə edildiyini bildirmişdir.

Rəsmi səfər çərçivəsində imzalanmış sənədlərin ölkələr arasında ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil etdiyini, bu kontekstdə strateji tərəfdaşlıq haqqında sənədlərin xüsusi yer tutduğunu bildirən Prezident İlham Əliyev Azərbaycan və Serbiya arasında mövcud olan əməkdaşlığın strateji hədəfləri olduğunu vurğulamışdır. Ölkə başçımız həmçinin, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə bərpa-quruculuq işləri aparıldığını, 10 min kvadratkilometrdən böyük olan ərazinin yenidən qurulduğunu diqqətə çatdırmışdır.

Prezident İlham Əliyev gündən-günə güclənən, qüdrətlənən Azərbaycanın bundan sonra da ona dost olan ölkələrlə bütün sahələrdə əməkdaşlığını daha da dərinləşdirəcəyini, bunun fonunda Serbiya ilə Azərbaycan arasında səmimi dostluq, tərəfdaşlıq münasibətlərinin daimi olacağını vurğulamışdır.

Mehparə ƏLİYEVA,

"Respublika".