Azərbaycan ilə Rusiya arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
Siyasət

Azərbaycan ilə Rusiya arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Rusiyanın əmək və sosial müdafiə naziri Anton Kotyakov arasında videoformatda görüş olub.

S.Babayev Azərbaycan ilə Rusiya arasında münasibətlərin uğurla inkişaf etdiyini, iki ölkənin dövlət başçılarının siyasi iradəsi, səyləri nəticəsində əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.

O, sosial sahədə də əlaqələrin daim genişlənməkdə olduğunu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında fəal əməkdaşlığın həyata keçirildiyini bildirib. S.Babayev eyni zamanda Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Sosial Təminat Assosiasiyası, MDB dövlətlərinin Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurası çərçivəsində uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edib.

Nazir vətəndaş rifahının təminatının Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətini təşkil etdiyini bildirib. Ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar, əmək, məşğulluq, sosial müdafiə sisteminin innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi üçün aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verib.

A.Kotyakov ikitərəfli münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu, qarşıdakı dövrdə əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini bildirib.

Görüşdə iki nazirlik arasında ötən dövrdə həyata keçirilmiş əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Əmək, əməyin mühafizəsi, aktiv məşğulluq proqramları, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, sosial müdafiə, sosial xidmətlər, bu xidmətlərin göstərilməsi sisteminin idarə edilməsi, əlillik və reabilitasiya, innovativ yanaşmaların, müasir texnologiyaların tətbiqi istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsinin, fəal təcrübə mübadilələrinin əhəmiyyəti vurğulanıb. Bu sahələrdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

"Respublika".