Azərbaycan ilə İsveç arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb
Siyasət

Azərbaycan ilə İsveç arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 22-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyi və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov bölgədə olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistanın ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd davranışı və digər məsələlər barədə həmkarına məlumat verib. Eyni zamanda, münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər Azərbaycanın ATƏT ilə əməkdaşlığı, habelə ATƏT-in Nazirlər Şurasının toplantısına hazırlıq məsələlərini müzakirə ediblər.

Görüşdə tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıblar.

AZƏRTAC