Azərbaycan ilə Gürcüstan arasında hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
SİYASƏT

Azərbaycan ilə Gürcüstan arasında hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Oktyabrın 15-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin dəvəti ilə Tbilisiyə səfər edib.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Prokurorluğunda nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.

Baş prokuror Kamran Əliyev səmimi görüşə görə təşəkkürünü bildirərək ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə söykənən mehriban dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu vurğulayıb, bu əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib. Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verib.

Həmçinin görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən yetkinlik yaşına çatmamış şəxslər barəsində cinayət mühakiməsinin aparılması, nifrət zəminində törədilmiş cinayətlər, məişət zorakılığı, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri, habelə prokurorluq fəaliyyətinin rəqəmsallaşdırılması mövzuları üzrə səmərəli fikir mübadiləsi aparılıb.

Ölkələrimizin prokurorluq orqanları arasında ikitərəfli hüquqi əməkdaşlığın gücləndirilməsi və mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan nümayəndə heyəti, eyni zamanda, Tbilisidə ulu öndər Heydər Əliyev adına parkı ziyarət edib, abidəsi önünə əklil qoyaraq Ümummilli Liderin xatirəsini ehtiramla anıb.

Görüşlərdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev iştirak edib.

AZƏRTAC