Azərbaycan ilə BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Siyasət

Azərbaycan ilə BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirakı çərçivəsində fevralın 28-də BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinin rəhbəri Rameş Rajasinqham ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan ilə BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisi arasında əməkdaşlığın perspektivləri, o cümlədən bölgədə post-münaqişə dövründə vəziyyət, habelə Laçın yolu ətrafında məsələlər müzakirə olunub.

Humanitar yardımlar sahəsində ölkəmizin aktiv fəaliyyətindən məmnunluqla söz açan nazir müavini bu xüsusda COVID-19 pandemiyası, o cümlədən pandemiyadan sonrakı dövrlərdə Azərbaycanın inkişaf etməkdə olan bir sıra dövlətlərə humanitar yardımlar göndərdiyini bildirib. Həmçinin Azərbaycan tərəfindən göstərilən beynəlxalq humanitar yardımların təmin olunmasında Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin fəaliyyəti qeyd edilib.

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, o cümlədən Azərbaycanın regionda sülh və quruculuq səyləri barədə ətraflı məlumat verən E.Məmmədov Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyası ilə bağlı Ermənistan tərəfindən beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən "blokada", "humanitar böhran" iddialarının həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb. Nazir müavini Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkət rejiminin dəyişməz olaraq qaldığını bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.