Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
Siyasət

Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Belarusun paytaxtı Minskdə keçirilən və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi “MİLEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika Sərgisi davam edir. Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev iyunun 24-də Belarus Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir son illərdə ölkəmizdə hərbi quruculuq istiqamətində aparılan irimiqyaslı islahatlar çərçivəsində Ordumuzun maddi-texniki bazasının xeyli inkişaf etdiyini, döyüş hazırlığı səviyyəsinin yüksəldiyini xüsusi vurğulayıb. Müdafiə Sənayesi Nazirliyinin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradıldığını diqqətə çatdıran Mədət Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən və işğaldan azad edilmiş torpaqlarımızda hazırda aparılan abadlıq-quruculuq işlərindən söz açıb.

Söhbət zamanı Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivləri də müzakirə olunub.

Görüşdən məmnunluğunu bildirən Dmitri Pantus bu cür müzakirələrin ikitərəfli hərbi əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

İyunun 26-dək davam edəcək sərgi çərçivəsində hərbi-texniki sahədə birgə layihələrin gerçəkləşdirilməsi məqsədilə digər iştirakçı dövlət və hökumət nümayəndələri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulub.

AZƏRTAC