Azərbaycan ilə Bəhreyn arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub
Siyasət

Azərbaycan ilə Bəhreyn arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniyada keçirilən 8-ci Berlin enerji keçid dialoqu çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilib və perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə nazirlər iki ölkə arasında siyasi, iqtisadi, enerji və mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu xüsusda, Bəhreyn Krallığı tərəfindən beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin mövqeyinin dəstəklənməsi yüksək qiymətləndirilib.

Nazir Ceyhun Bayramov həmsöhbətinə postmünaqişə dövründə bölgədə mövcud olan vəziyyət, o cümlədən azad edilmiş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat verib.

Görüş zamanı, həmçinin Azərbaycan Respublikası və Bəhreyn Krallığının Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və gündəlikdəki məsələlərin müzakirəsi baxımından mühüm rol oynadığı qeyd edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

AZƏRTAC