Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin inkişafı məmnunluq yaradır
Siyasət

Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin inkişafı məmnunluq yaradır

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Balkan yarımadasının cənub-qərbində yerləşən Albaniya ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən birini təşkil edir. Noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya ilk səfərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Albaniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 4 yanvar 1992-ci ildə tanımış və 23 sentyabr 1993-cü ildə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq.

Təqdirəlayiq hal olaraq qeyd etmək lazımdır ki, ölkələrimiz arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumlarına bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri qatılıblar. İki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Azərbaycan və Albaniya arasında 8 sənəd imzalanıb, o cümlədən "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Sazişi qeyd etmək olar. 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edən Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən deyib: "Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək". Baş nazir, həmçinin bildirib: "Biz Sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq". Dövlətimizin başçısı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir. Albaniya Prezidenti işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Azərbaycana uğurlar arzulayıb. Albaniya və Azərbaycan xalqlarının qardaş xalqlar olduğunu deyib.

Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı məmnunluq doğurur. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoq və təmaslar ikitərəfli əməkdaşlığın genişləndirilməsinə əlavə imkanlar yaradır. Xüsusən, Azərbaycan-Albaniya əlaqələrinin əsas istiqamətlərindən birini təşkil edən enerji sahəsində əməkdaşlıqda Cənub Qaz Dəhlizinin önəmini vurğulamaq lazımdır. 19-21 sentyabr 2014-cü ildə Albaniyanın Energetika və sənaye naziri Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində və "Əsrin müqaviləsi"nin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Azərbaycanda işgüzar səfərdə olub. Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlığın enerji sahəsi ən vacib sahələrdən biri hesab olunur. TAP qaz boru kəməri layihəsinin seçilməsi iki ölkə arasında enerji sahəsində əməkdaşlıqla yanaşı, iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır. Albaniya bu ölkənin qazlaşdırılması, qaz infrastrukturunun və qaz bazarlarının inkişaf etdirilməsində ARDNŞ-lə əməkdaşlıq edir. Azərbaycan ilə Albaniya Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsində uğurla əməkdaşlıq edib. Albaniyanın yüksək səviyyəli rəsmiləri (nazir və ya nazir müavini səviyyələrində) Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə verib. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin (CQD) iştirakçısıdır. TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanmış və 2016-cı ilin mart ayından tikinti işləri başlamışdır. 2020-ci ilin 31 dekabr tarixində TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılmışdır. Albaniya podratçı şirkətləri TAP boru kəmərinin tikinti işlərində iştirak etmişlər. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

Ötən ildə Albaniya Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olmuşdir. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,95 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 0,66 mln. ABŞ dolları, ixracın həcmi 4,29 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 3,63 mln. ABŞ dolları olmuşdur.

2020-ci illə müqayisədə, 2021-ci ildə Albaniya ilə ticarət dövriyyəsi 12,83 dəfə çox olmuş, o cümlədən idxal 70,47 faiz artmış, ixrac əməliyyatları bərpa olunmuşdur. 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı olmuşdur. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,45 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 1,14 mln. ABŞ dolları, ixracın həcmi 0,31 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə mənfi 0,83 mln. ABŞ dolları olmuşdur. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Respublikası ilə ticarət dövriyyəsi 2,78 dəfə, o cümlədən idxal 2,69 dəfə, ixrac isə 3,14 dəfə çox olmuşdur. Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən 3 Albaniya investisiyalı şirkət qeydiyyatdan keçmişdir. Qeyd edək ki, 2019-cu il 26 noyabr tarixində Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən humanitar yardım olaraq 500 min avro ayrılmışdır.

"Mən gözəl ölkənizə ilk dəfə səfər edirəm və burada olmağımdan çox məmnunam. Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Biz Sizinlə bu gün təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və əmin olduğumuzu bildirdik ki, gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar var". Bu fikirləri noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə mətbuata bəyanatında bildirib. İki ölkə arasında siyasi dialoqdan danışan dövlətimizin başçısı deyib: "Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız idi. Bu gün mənim səfərim onu göstərir ki, siyasi dialoqun çox gözəl təzahürləri var və çox güclü dinamizm var. Yəni, bu sıx siyasi təmaslar, əlbəttə, bizim niyyətimizi, bir-birimizə olan marağı göstərir, eyni zamanda, imkan verir ki, çox önəmli məsələlər müzakirə edilsin". Azərbaycan Prezidenti qeyd edib ki, beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlıq da əlaqələri gücləndirir. "Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mustafa KAMAL,

"Respublika".