Azərbaycan ICESCO əlaqələri yeni inkişaf mərhələsində
Mədəniyyət

Azərbaycan ICESCO əlaqələri yeni inkişaf mərhələsində

Azərbaycan xalqı qədim və zəngin mədəniyyətə malikdir. Bu fikri ölkəmizə gələn əcnəbilər də zaman-zaman etiraf etmiş və xalqımızın yaratdığı maddi-mənəvi mədəniyyət nümunələrinə heyran olmuşlar. Azərbaycanın bir çox mədəniyyət  nümunələri hazırda dünya muzeylərini bəzəməkdədir.

Müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri daha da zənginləşmişdir. Belə ki, son illərdə mədəniyyətimizdə həm milli irsin qorunub saxlanılması, həm də onun dünya mədəniyyətinə inteqrasiya edilməsində böyük işlər görülmüş və bu sahədə respublikamızda bir çox Dövlət proqramları hazırlanmış və çoxsaylı tədbirlər həyata keçirilmişdir. Bu proqramlarda mədəniyyət sahəsində dövlət siyasətinin strateji məqsədlərinin həyata keçirilməsi əsas prioritet təşkil edir. Ölkənin mədəni potensialının, mənəvi irs, mədəniyyət sərvətləri və milli adət-ənənələrimizin qorunub saxlanılması və inkişaf etdirilməsi əsas məqsəd kimi qarşıda durur.

Azərbaycan mədəniyyətinin dünyada təbliğində, onun beynəlxalq aləmdə tanınmasında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə əməkdaşlığın əhəmiyyəti böyükdür. Bu mənada 2009-cu il Azərbaycan mədəniyyəti üçün çox uğurlu olmuşdur. Həmin ildə Bakının “İslam  mədəniyyətinin paytaxtı” elan edilməsi və bu yöndə 100-ə yaxın tədbirin həyata keçirilməsi milli mədəniyyətimizin İslam dünyasına inteqrasiyasında müəyyən rol oynamış və daha da zənginləşməsinə xidmət etmişdir.

Şərq və Qərb sivilizasiyasının qovşağında yerləşən Azərbaycan Respublikasında, eyni zamanda, Qərb ölkələri ilə də mədəni əlaqələrin genişləndirilməsi sahəsində mühüm tədbirlər görülmüşdür. Bu baxımdan 2009-cu ildə Avropanın bir neçə ölkəsində Azərbaycan mədəniyyəti günləri, xüsusən İsveçrədə Azərbaycan mədəniyyətinə həsr edilmiş  100 günlük mədəni tədbirlər silsiləsi təşkil olunmuşdur. Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi proqramı çərçivəsində ilboyu həyata keçirilən çoxsaylı tədbirlər Azərbaycanın islami dəyərlərlə bağlı olduğunu, tarix boyu bu dəyərləri qoruyub saxladığını və ona ehtiramla yanaşdığını bir daha təsdiq etdi. Bütün bunlar respublikamızın tarixində ən böyük mədəniyyət hadisəsi olmaqla, ölkəmizin İslam dünyasına inteqrasiyası sahəsində yeni dövrün başlanğıcını qoydu.

Azərbaycanın ICESCO ilə əməkdaşlığının nəticələrindən danışarkən Prezident İlham Əliyev demişdir: “Biz Azərbaycanda daim çalışırıq ki, ICESCO-nun nüfuzu daha da artsın. Azərbaycan ICESCO-nun fəal üzvlərindən biridir. Bizim Bakıda keçirilmiş bir çox tədbirlərdə ICESCO təmsil olunur. Bakı şəhəri 2009-cu ildə ICESCO-nun  dəstəyi ilə “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdir. 2018-ci ildə  isə bu şərəfli ada bizim digər qədim şəhərimiz Naxçıvan layiq görülüb. Bu, ICESCO tərəfindən Azərbaycana, Azərbaycan mədəniyyətinə  və bu gün Azərbaycanın İslam aləmində oynadığı rola  verilən yüksək qiymətdir.

Onu da qeyd etmək istəyirəm ki, yaxın zamanlarda Bakıda ICESCO-nun  regional mərkəzi yaradılacaq. Azərbaycan dövləti bu mərkəzin yaradılması üçün bütün lazımi tədbirləri görür. Əminəm ki, bu mərkəz öz fəaliyyəti ilə həm regionda, həm ümumiyyətlə, İslam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsi, İslam həmrəyliyinin gücləndirilməsi  üçün fəal rol oynayacaqdır”.

Ölkə başçısının qeyd etdiyi bu fikirlər  İtaliyanın Bolonya şəhərində keçirilən G-20 sammitinin Dinlərarası Dialoq Forumunda iştirak edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşündə də səsləndirilmişdir. Görüşdə Azərbaycan-ICESCO əlaqələrindən söhbət açılıb, Baş direktorun bu ilin yanvar  ayında Azərbaycana səfəri, həmin səfər çərçivəsində müzakirə olunan məsələlərlə bağlı yenidən fikir mübadiləsi aparılıb.

Nazir Anar Kərimov ICESCO-nun Baş direktorunun bu səfərinin Azərbaycan cəmiyyətində böyük rezonans doğurduğunu, ICESCO-nun 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı  dövrdə ölkəmizə verdiyi dəstəyin bir daha yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Eyni zamanda, həmin  səfər çərçivəsində razılaşdırılmış məqamların həyata keçirilməsi üçün konkret addımların atılması ilə bağlı müzakirələr olub.

Mədəniyyət naziri ilə Baş direktorun görüşündə Salim bin Məhəmməd əl-Malik Azərbaycana yüksək səviyyədə rəsmi səfərə dəvət edildiyinə və Prezident İlham Əliyev tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirib, görüşlərdə əldə olunan razılaşmaların icrası ilə bağlı ICESCO-nun artıq fəaliyyətə başladığını deyib.

Fəaliyyət proqramına isə ən vacib məqam olaraq Şuşa şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi, Azərbaycanda ICESCO-nun regional ofisinin açılması ilə bağlı məsələlərin tamamlanması, həmçinin ICESCO-da Nizami Gəncəvinin 880 illiyinin qeyd olunması kimi  məsələlər  daxildir.

Baş direktor, eyni zamanda, Azərbaycan tərəfinin yeni təşəbbüsü olan “Mədəniyyət naminə sülh” (PEACE 4-Culture) qlobal kampaniyasına öz dəstəyini ifadə edərək 2021-ci ilin dekabr ayında ICESCO Baş Konfransı çərçivəsində bu kampaniyanın geniş təqdimatının keçirilməsinə razılığını ifadə edib.

ICESCO Azərbaycanın haqq işini hər zaman dəstəkləyir. 2021-ci ilin iyun ayında ICESCO-nun keçmiş Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz Osman əl-Tüveycrinin Ermənistanın katolikosu II Qaragenin Xankəndiyə səfərini və onun intiqam şüarları səsləndirməsini pisləyən bəyanatında da bu duyulur.  Bəyanatda bildirilib ki, dini bir qurumun sülhə çağırmaq əvəzinə nifrət və müharibə dilini seçməsi, erməni kilsəsinin tolerant və çoxmədəniyyətli Azərbaycandakı xristian dini yerlərinin guya təhdid altında olduğuna dair yalan məlumatlar yayması təəssüf doğurur: “Bu tamamilə yalandır, çünki ibadət azadlığı Azərbaycanın şərəfli bir xüsusiyyətidir. Mən Azərbaycanda kilsələrə və sinaqoqlara necə hörmət edildiyini və onların necə qorunduğunu görmüş beynəlxalq rəsmilərdən biriyəm. Tolerant siyasətinə görə hər zaman Azərbaycana və onun rəhbərliyinə təşəkkürümü bildirmişəm...  Sülh, yaxşı qonşuluq və birgəyaşayış çağırışları əvəzinə ölüm, işğal,  işgəncə və şiddət çağırışları dini dəyərlərə ziddir”.

Yeri gəlmişkən onu da deyək ki, ICESCO-nun Baş direktoru Salim bin  Məhəmməd əl-Malik də Vətən müharibəsindəki qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlamışdı.  Məktubda deyilirdi: “...Bölgədəki müharibənin dayandırılması ilə bağlı xəbərləri sevinclə qarşıladıq. Azərbaycan ilə Ermənistan arasında əldə edilən və imzalanan razılaşma ölkələriniz arasındakı hərbi əməliyyatlara faktiki olaraq son qoydu. Bu nəticə beynəlxalq səviyyədə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan dünyada əlamətdar hadisə kimi qeyd olunur”.

Bu ilin yanvar ayında Azərbaycanda olarkən ICESCO-nun (İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı) nümayəndə heyəti Azərbaycanın azad edilmiş ərazilərinə baş çəkmiş, erməni işğalı zamanı tarixi və dini abidələrə qarşı vandalizm faktlarının şahidi olmuşdur. Gördüklərindən dəhşətə gələn ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik demişdir: “Bütün kəndlər, qəsəbələr, tarixi və dini abidələr dağıdılıb. Məscidlərin və dini məbədlərin dağıdılması, təhqir edilməsi,  onlara qarşı vandalizm yolverilməzdir. Dini ziyarətgahlara hörmətlə yanaşmaq, onları qorumaq lazımdır”. Baş direktor, həmçinin bütün dağıdılmış abidələrin bərpa ediləcəyindən əminliyini ifadə edərək bildirmişdir ki, insanların dini inancları ayrı-seçkiliyə məruz qalmamalı, hər bir dinin ibadətxanalarına isə dövlət səviyyəsində, regional və qlobal səviyyədə hörmət göstərilməlidir. İstənilən müharibə dağıntılara gətirib çıxarır, o cümlədən müxtəlif obyektlər dağıdılır. “Amma din və mədəniyyət obyektlərinin, mədəni irs nümunələrinin məhv edilməsi yolverilməzdir”.

Baş direktor deyib ki, Azərbaycan ICESCO-ya sorğular göndərməli, bundan sonra müstəqil ekspertlər komitəsi ziyanın miqdarını dəyərləndirməlidir. Azərbaycanın mədəni irs abidələrinin Ümumdünya İslam İrsi Siyahısına daxil edilməsini nəzərə alaraq, ICESCO bu obyektləri və abidələri də mühafizə altına götürəcəkdir.

ICESCO ilə əməkdaşlıq çərçivəsində təhsilin inkişafı istiqamətində tədbirlərə də geniş yer ayrılır. Bakı Ali Neft Məktəbində ICESCO-nun pilot layihəsinin təqdimatı da bu qəbildəndir. Bu günlərdə respublikanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və “New Space İnnovation” şirkətinin “ICESCO akseleratoru” adlı yeni pilot layihəsinin açılışı keçirilib. Layihənin məqsədi ICESCO-nun üzvü olan ölkələrdə akselerator proqramları  vasitəsilə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsidir.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq ICESCO ilə Azərbaycan arasında yüksək səviyyəli əlaqələrdən bəhs edib. Tədbirə onlayn qoşulan Baş direktor Salim bin Məhəmməd əl-Malik ev sahibliyinə və yüksək səviyyədə təşkilatçılığa görə BANM-ın rektoru Elmar Qasımova təşəkkürünü bildirib, layihə çərçivəsində 2025-ci ilin sonuna qədər müsəlman ölkələrində 150-dən çox yaradıcı startapçının dəstəklənəcəyini deyib. Layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanda baş tutacaq və ilkin olaraq 5 sənaye sahəsini əhatə edəcək.

Azərbaycan 1991-ci ildən ICESCO-nun üzvüdür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə ikitərəfli əlaqələr uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən məhsuldar dövrünü yaşayır.

Zümrüd QURBANQIZI,

“Respublika”.