Azərbaycan humanizm prinsiplərinə sadiqdir
Siyasət

Azərbaycan humanizm prinsiplərinə sadiqdir

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksələn xətlə inkişafı istər ölkəmizin qurumla, istərsə də quruma üzv dövlətlərlə münasibətlərində özünün aydın ifadəsini tapır. 2018-ci ildə dövlət başçısı İlham Əliyevin Belçika Krallığına səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan "Tərəfdaşlıq prioritetləri" sənədi bütün məqamları özündə ehtiva edir. Tarixi Zəfərimizdən sonra Avropa İttifaqının ölkəmizə münasibətləri, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə hazır olduğunu bildirməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə üçtərəfli görüşlərin keçirilməsi və sair kimi mühüm addımlar postmüharibə dövrünün yeni reallıqlarının Avropa İttifaqı tərəfindən qəbul edilməsidir. Bu görüşlər onu göstərir ki, Azərbaycan-Ermənistan arasında gərginliyin aradan qaldırılması, bütövlükdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması Avropa İttifaqının maraq dairəsindədir. Belə ki, Avropa İttifaqının Azərbaycana münasibəti aydındır və Ermənistanla mövcud problemin tezliklə sülh yolu ilə aradan qaldırılması, yekun sülh sazişinin imzalanması onların da siyasi prioritetlərinə uyğundur.

Təbii ki, tərəflərin yekun razılığa gəlməsi üçün bu görüşlərin nəticələrindən çox şey asılıdır. Ermənistan Azərbaycanın tələblərinə riayət etməli, konstruktiv siyasət yürütməli, regionda inkişaf və iqtisadi dinamikanın yüksəlməsi üçün ciddi addımlar atmalıdır. Bu baxımdan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşlər regionda sülh təşəbbüslərinin davamlılığının artırılması baxımından yüksək qiymətləndirilməlidir.

Müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatandan bu günədək Brüsseldə artıq dörd dəfə görüş keçirilib.

Avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təşkil olunan Azərbaycan və Ermənistan liderləri arasındakı dördüncü görüş mühüm nəticələrlə yadda qaldı. Şarl Mişelin bəyanatındakı fikirlər regional sülhün daha da gücləndirilməsinə yönəlib. Aİ özünün formalaşdırdığı siyasi gündəliyə uyğun olaraq əlaqələri genişləndirməkdə maraqlıdır. Bu məsələdə sülh müqaviləsinin imzalanması prioritet təşkil edir.

Onu da qeyd edək ki, Brüsseldəki görüşdən əvvəl Moskvada baş nazirlərin müavinləri səviyyəsində sərhədlərin delimitasiyası üzrə görüş keçirilib, may ayında iki ölkə lideri arasında əldə olunan razılığa görə, sərhədlərin tanınması komissiyasının təşkil olunması ilə bağlı məsələlər müzakirə edilib. Brüsseldə İrəvanın sülh müqaviləsinin mətni üzərində iş aparmaq üçün işçi qrupun formalaşdırılması barədə rəsmən razılıq verməsi proseslərin gedişatında mühüm bir səddin keçilməsi anlamına gəlir. Beləliklə, davamlı olaraq sülh razılaşmasına dair qəti addımlardan yayınan, bəzi hallarda hətta, sabotajla məşğul olan Ermənistan, nəhayət, bu istiqamətdə ilkin razılığını ifadə etməyə məcbur olaraq yaxın bir ay ərzində xarici işlər nazirlərinin sülh razılaşmasının mətni üzərində iş aparılması barədə öhdəlik götürüb. Bu, o deməkdir ki, Prezident İlham Əliyev Vətən müharibəsində, Fərrux və "Qisas" əməliyyatlarında hərbi tədbirlərlə Ermənistanı məlum gedişata məcbur etdiyi kimi, Brüsseldə də Azərbaycan lideri Ermənistanı sülh sazişi üzrə işçi qrupunun yaradılması barədə öhdəlik götürməyə vadar edib.

Müzakirə mövzusu olan digər məsələlər, sərhəddə təhlükəsizliyin daha etibarlı təmini, o cümlədən mina və itkin düşmüş, əsir götürülmüş şəxslərlə bağlı humanitar xarakterli problemlərin də gündəmə gətirilməsi isə Azərbaycanın bu məqamlar üzrə israrlı olduğunu, proseslərin Prezident İlham Əliyevin iradəsinə uyğun, Azərbaycanın irəli sürdüyü 5 prinsip daxilində inkişaf etdiyini göstərir. Avropa İttifaqı və şəxsən Prezident Şarl Mişelin bu prosesdə rolu Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarına uyğundur və bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh müqaviləsinə ümid etmək olar.

Bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına çalışan Azərbaycan Prezidenti öz humanist addımlarını da atmaqdadır. Məsələn, hələ 2021-ci ildə Azərbaycan tərəfi İkinci Qarabağ müharibəsindən sonra Bakıda həbsdə saxlanılan beş ermənini Ermənistana təhvil vermişdi. Ermənistan ölkəyə qaytarılmış hərbçilərin "əsir" olduğunu bildirsə də, Azərbaycan ölkəmizdə "hər hansı əsir olmadığını, sözügedən ermənilərin müharibənin bitməsindən sonra ölkəyə daxil olduğunu və onların antiterror əməliyyatı zamanı saxlanıldığını, məhkəmədə mühakimə edildiyini deyib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə avqustun 31-də keçirilən Brüssel görüşündə də Azərbaycan eyni addımı atıb. Belə ki, iki ölkə lideri arasında əldə edilmiş ikitərəfli razılaşmaya əsasən sentyabrın 8-də daha 5 nəfər Ermənistan hərbçisi həbsdən azad edilərək qarşı tərəfə təhvil verilib. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar, ABŞ dövlət katibi Entoni Blinken də daxil olmaqla bir çoxları Azərbaycanın beş erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.

Azərbaycan tərəfinin atdığı bu addım ABŞ Dövlət Departamenti və eyni zamanda, Avropa İttifaqı tərəfindən də yüksək qiymətləndirilib. Ancaq buradan belə bir sual doğur: istər belə nüfuzlu şəxslər, istərsə də digər beynəlxalq təşkilatlar Azərbaycan ərazisinə diversiya törətmək üçün gələn terrorçuların həbsdən azad olunmasını alqışladıqları halda, nədən Birinci Qarabağ müharibəsində itkin düşən 3890 nəfər Azərbaycan vətəndaşının qaytarılması barədə heç bir təşəbbüs göstərməyiblər, yaxud da Ermənistanı eyni addımı atmağa məcbur etmirlər? Müharibə başa çatandan sonra Azərbaycan Prezidentinin ən mötəbər tədbirlərdə hələ də taleyi haqqında heç bir məlumat olmayan vətəndaşlarımızla bağlı qaldırdığı məsələ həllini tapmır. Bu barədə Ermənistan heç bir fikir söyləmir, konkret cavab vermir. Ancaq sülh müqaviləsi imzalansa da, imzalanmasa da, bu dörd min insanın taleyinə bir aydınlıq gətirilməlidir, humanizmdən çox-çox uzaq olan Ermənistan bunu etməyə borcludur və hüquqi müstəvidə məsuliyyət daşımalıdır.

Bütövlükdə 2021-ci ildə 20-dən çox erməni hərbi diversant məhz eyni məntiqlə Ermənistan dövlətinə təhvil verilib. Azərbaycan həmin erməni diversantlarını Ermənistana humanizm prinsiplərinə görə qaytarır. İndi buraxılan 5 erməni hərbi diversantı da 2021-ci ilin aprel ayında Azərbaycan ərazisinə Kəlbəcər-Laçın istiqamətindən keçib diversiya hərəkətləri törətmək istəyərkən həbs edilib. Humanitar məsələlərin müzakirəsi kontekstində Azərbaycan-Ermənistan münasibətində xeyirxah mövqe ortaya qoyub humanizm prinsiplərindən çıxış edən Prezident, həmçinin analoji addımı Ermənistandan da gözlədiyimizi bildirib.

Azərbaycan Respublikası humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək sentyabrın 18-də 32, sentyabrın 20-də 95, sentyabrın 23-də isə 6 erməni hərbçisinin meyitini Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

Hələlik isə Brüssel görüşləri mərhələli şəkildə davam edir. Onun nə ilə nəticələnəcəyini söyləmək çətindir. Ermənistan sülhə imza atıb-atmayacağından asılı olmayaraq tökdüyü qanlara, törətdiyi cinayətlərə görə cəzasını almalıdır.

Zümrüd QURBANQIZI,

"Respublika".