Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin mətbuat konfransı keçirilib
Siyasət

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin mətbuat konfransı keçirilib

Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda görüşündən sonra birgə mətbuat konfransı keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkələrimizin və xalqlarımızın mehriban qonşuluq və yaxın dostluq münasibətlərinin önəminə toxunub. Gürcüstanda keçirilən üçtərəfli görüşün ölkələrimiz arasında strateji səviyyəli dialoqun bariz nümunəsi olduğunu qeyd edən nazir birgə təlimlərin üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacağını və nəticədə regional təhlükəsizliyə töhfə verəcəyini bildirib.

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze görüşün əhəmiyyətini vurğulayaraq, ölkəsinin üçtərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Konfransda dövlətlərimiz arasındakı səmimi münasibətlərin və müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlığın regionda sülhün, əmin-amanlığın təminatçısı və nümunəvi tərəfdaşlıq olduğu qeyd edilib.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

AZƏRTAC