Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin tarixi qədimdir
Mədəniyyət

Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin tarixi qədimdir

Mədəniyyətin  mühüm qollarından biri də olan qonşuluq əlaqələri sülh və mehribançılıq şəraitində qurulubsa, sözsüz ki, orada yüksəliş, inkişaf olacaqdır. Azərbaycan bütün dövrlərdə sülhsevər ölkə kimi qonşuları ilə, eyni zamanda da yaxın qonşusu Gürcüstanla mehriban, dinc şəraitdə yaşamağa çalışmışdır. Hər iki ölkənin tarixi İpək Yolunun üzərində yerləşməsi dövlətlərimiz tərəfindən birgə irimiqyaslı layihələrin həyata keçirilməsinə şərait yaradır. Tarixən bu iki Qafqaz xalqı mehriban qonşuluq və sülh şəraitində yaşamışlar. Ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə  hakimiyyətə gələndə Gürcüstanla münasibətlərin inkişaf etdirilməsini mühüm vəzifə kimi qarşıya qoydu. Azərbaycan-Gürcüstan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri mühüm rol oynamışdır. Sonrakı dövrdə cənab Prezident İlham Əliyev bu əlaqələri daha da inkişaf etdirmişdir.

Oktyabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanda işgüzar səfərdə oldu. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edirdi. Ümumilikdə bu, Prezident İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəri idi. Bundan öncə Azərbaycan Prezidenti Gürcüstana 1 dövlət, 1 rəsmi və 7 işgüzar səfər etmişdir. Bütün bu səfərlər onu göstərir ki, hər iki ölkəni mehriban qonşuluq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir.

Hələ, 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" ilə ölkələrimiz arasında strateji tərəfdaşlığın təməli qoyulmuşdur. Azərbaycan tolerant dövlət olaraq ərazisində yaşayan bütün azsaylı xalqlara qarşı hər zaman öz vətəndaşları kimi diqqət və qayğı göstərib. Bu gün ölkəmizdə təxminən 15 minə yaxın gürcü əsilli vətəndaş yaşayır. Əsasən Qax rayonunda məskunlaşan gürcülərin öz dillərində 6 məktəbi, 6 bağçası, 6 kilsəsi,  İnqiloy kəndində Gürcü Mədəniyyət Mərkəzi,  Mose Canaşvilinin ev-muzeyi, Əlibəyli kəndində Dövlət Dram Teatrı, İosif Stalinin 2 heykəli, gürcü yazıçısı İlya Çavçavadzenin büstü və 1990-cı ildə Gürcüstanda baş vermiş 9 Aprel faciəsinə qoyulmuş abidə var. Artıq Azərbaycan-Gürcüstan əlaqələri yeni mərhələyə qədəm qoyub. Qeyd etdiyimiz kimi, bu dostluq münasibətləri hələ ötən əsrlərdə də mədəni, ədəbi mühitdə geniş şəkildə cərəyan etmişdir.  Azərbaycan yazarlarının bir çox əsərlərində -"Şeyx Sənan", “Aşıq Qərib", “Şəhriyar”, “Aşıq Məhəmməd və gürcü qızı" və digər əsərlərdə gürcü adət-ənənəsi və yaşayış tərzi öz əksini tapmışdır. XII əsrdə Tiflisdə keçirilən saray ədəbi məclislərində yaxından iştirak etmiş Azərbaycanın böyük şairi Xaqani də  qəzəl və şeirlərində gürcü xalqını vəsf etmişdir. Hətta, XVIII əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olan Molla Vəli Vidadi uzun müddət Tiflisdə vali sarayında yaşamış, bir sıra əsərlərini də məhz burada yazmışdır. Molla Pənah Vaqifin də Gürcüstanla sıx bağlılığı olmuş, “Mərhaba,  Tiflis imiş cənnəti dünya yerinin", - deyə onu məhəbbətlə vəsf etmişdir. Məşhur gürcü yazıçıları - Qamelinin, Haziranın,  İvane Mcedlişvilinin,  Aleksandre Kazbeqinin əsərlərində də Azərbaycana olan sevgi və hörmət iki ölkənin bir-birinə qarşı yüksək münasibətinin bariz nümunəsidir. Mixeil Cavaxişvilinin Borçalı türklərinin milli adət-ənənələrindən bəhs edən hekayə və romanlarını xüsusilə qeyd etmək olar. Onun “Günahsız Abdulla" hekayəsi gürcü ədəbiyyatının şah əsərlərindən hesab olunur. 

XlX əsrin əvvəllərindən başlayaraq Tiflis Cənubi Qafqazın inzibati mədəniyyət mərkəzi olmaqla yanaşı, Azərbaycan və Gürcüstan xalqlarının dostluq və qardaşlıq mərkəzinə çevrilmişdir. Tiflisin o dövr üçün mədəniyyət paytaxtı olmasını Mirzə Cəlil özünün “Xatiratım” əsərində geniş şəkildə şərh edir. Bu dövrdə Tiflisdə yaşamış Azərbaycan ədibləri, görkəmli şəxsiyyətləri bu mühitdə formalaşmaqla bərabər, həm də fəaliyyətlərinə öz töhfələrini vermişdilər. XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalını ilk dəfə Tiflisdə yayımlamağa başlamışdır.

Taleyini,  yaradıcılığını Tiflislə bağlayan ədiblərimizdən biri də Mirzə Şəfi Vazehdir. Gəncədə, Cavad xanın qızı Püstə xanımın binagüzarlıq və yazı-pozu işlərini idarə edən Mirzə Şəfi Mirzə Fətəli Axundovla tanış olur.  Dolanışığının çətin olması səbəbi ilə Tiflisə gedir və burada Qəza məktəbində Şərq dilləri üzrə müəllim işləyir. Mirzə Şəfi Vazeh ilə dostluq edən Mirzə Fətəli Axundovun da ömrünün böyük bir hissəsi Tiflisdə keçmişdir.  Şərqdə ilk dəfə dram janrında əsərlər yaratmış M.F.Axundov bir çox əsərlərini Tiflisdə qələmə almışdır.

Müstəqil Azərbaycan dövlətinin yaradıcılarından biri və ilk baş nazir Fətəli xan Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Tiflisə mühacirət edir. 1920-ci ilin iyunun 19-da Tiflisin keçmiş Qolovin prospektində  “Daşnaksütyun” partiyasının üzvləri tərəfindən güllələnərək qətlə yetirilir.  Bir ay sonra isə Həsən bəy Ağayev Tiflisdə muzdlu erməni terrorçu tərəfindən qətlə yetirilir. Mirzə Şəfi Vazehin,  Mirzə Fətəli Axundovun, Fətəli xan Xoyskinin məzarları hazırda Tiflisin Nəbatət bağında yerləşir.

Gürcüstanda yerləşən mədəni abidələrimiźə qarşı həmişə dövlətimiz diqqət və qayğı göstərmiş, Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda bir çox layihələr həyata keçirilmişdir. Tiflis şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Mirzə Şəfi Vazehin,  Mirzə Fətəli Axundovun,  Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən qurulub və xiyaban yaradılıb. Marneuli rayonu ərazisində XVl əsrə aid qədim məscid binası bərpa olunub. Bolnisi rayonunun Həsənxocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilib. Dmanisi şəhərində Heydər Əliyev adına Təhsil Mərkəzi yaradılıb. Tiflisin mərkəzində Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə salınıb. Dost ölkədə azərbaycanlılara aid 1872-ci ildə yaranan Heydər Əliyev adına Tiflis Dövlət Dram Teatrı,  “ERA Teatrı" və yeni yaradılmış “Beez” uşaq teatrı, M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi fəaliyyət göstərir. Muzeydə M.F.Axundov, C.Məmmədquluzadə və N. Nərimanovun ev-muzeyləri birləşib. Ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədə davam edir. Bütün dövrlərdə Azərbaycan Gürcüstanın ən çətin məqamlarında yanında olub və öz dəstəyini, köməyini göstərib. Bu, bizim qonşuluq,  dostluq mədəniyyətimizin nümayişidir.

                                 Ramidə YAQUBQIZI,

                                    “Respublika”.