Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni mərhələdə
Siyasət

Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni mərhələdə

Qarşılıqlı münasibətlər regionda sülhün təmin edilməsinə hədəflənib

Azərbaycan-Gürcüstan münasibətləri tarix boyu hər iki ölkə üçün daima strateji əhəmiyyət kəsb edib. Təbii ki, bu münasibətləri, ilk növbədə Azərbaycan və gürcü xalqlarının milli maraqları şərtləndirir. İki qonşu dövlət arasında olan siyasi münasibətlər həm də çoxsaylı iqtisadi layihələrlə dəstəklənir. Azərbaycanın həyata keçirdiyi bütün enerji və nəqliyyat-kommunikasiya layihələri Gürcüstan üzərindən realizə olunaraq Qərbə istiqamətlənir. Azərbaycan şirkətləri qonşu ölkəyə ciddi sərmayə yatırmaqla həm də bu ölkədə ən böyük vergi ödəyiciləridir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq isə genişlənməkdədir.

XX əsrin sonlarında Sovet İttifaqının çökməsindən sonra dövlətlər arasında münasibətlər tamamilə fərqli istiqamətdə formalaşmağa başladı. Əvvəllər məlum səbəblərdən bir-birilə din, dil və mədəniyyət əlaqələri ilə sıx bağlı olan qonşu, hətta qardaş dövlətlər belə əməkdaşlıq edə bilmirdisə, yeni dünya nizamında daha çox coğrafi qonşuların qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı prioritet kimi ortaya çıxdı. Bu, dünyanın ən həssas geosiyasi mövqeyə malik regionlarından olan Cənubi Qafqazda özünü xüsusilə büruzə verir. Belə ki, tarixən bu coğrafiyada regional və qlobal güc mərkəzlərinin maraqları daim toqquşub.

SSRİ Azərbaycan və Gürcüstanı Türkiyə ilə əməkdaşlıq imkanından məhrum etmişdi. Qafqazda yeni əməkdaşlıq münasibətləri Sovet İttifaqının dağılmasının nəticəsində yaranmağa başladı. Doğrudur, tam hərtərəfli və çoxşaxəli əməkdaşlıqdan danışmaq hələ də mümkün deyil. Bu isə ilk növbədə Ermənistanın demək olar ki, bütün qonşularına qarşı əsassız ərazi iddiaları ilə çıxış etməsinin nəticəsidir. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarına, Türkiyənin Anadolu bölgəsinə, Gürcüstanın isə Cavaxetiya regionuna iddia etməsi Qafqazlarda sabitliyin yaranmasını əngəlləyən əsas faktordur. Buna görə də üç respublikanın region ölkələri ilə arasında yaranan çoxtərəfli əməkdaşlıq layihələrində Ermənistanın adına rast gəlinmir.

Bu gün Azərbaycanla Gürcüstan bir-birilə strateji tərəfdaşdır. Hələ 1997-ci il fevralın 18-də "Azərbaycan Respublikası ilə Gürcüstan arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Bəyannamə" imzalanıb. Diplomatik münasibətlərimizin qurulduğu 30 il ərzində Azərbaycan-Gürcüstan əməkdaşlığı iqtisadi maraqlar üzərində qurulub və əsasən üçtərəfli formatda inkişaf etdirilib.

Azərbaycanın karbohidrogen ehtiyatlarının mənbəyi və istehsalçısı olması, Gürcüstanın coğrafi mövqeyi və tranzit imkanları, Türkiyənin isə daxili enerji tələbatı və regional qovşaq təşkil etməsi bu əməkdaşlığın təbii əsaslarını təşkil edir. Birgə enerji və nəqliyyat dəhlizlərinin yaradılması bu yanaşmanı həm də tarixi zərurətə çevirib. Azərbaycan öz tərəfdaşları ilə birgə Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Artıq istifadə edilməkdə olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, İpək Yolu, TAP və TANAP, Cənub Qaz Dəhlizi bu əməkdaşlığın əsas dayaqlarıdır.

Regional hərbi məsələlərə gəldikdə isə qeyd etməliyik ki, Gürcüstan Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalayıb və NATO-ya real namizəddir. Azərbaycan isə heç bir hərbi-siyasi blokda iştirak etmir və bütün ölkələrlə ikitərəfli qarşılıqlı, faydalı, bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Bu fərqli geosiyasi yanaşmalara baxmayaraq, ölkələrimiz müxtəlif sahələr üzrə, xüsusilə hərbi sahədə birgə əməkdaşlıq imkanlarını getdikcə daha da inkişaf etdirirlər.

2011-ci ildən başlayaraq, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri səviyyəsində baş tutan görüşlər isə mütəmadi olaraq hər 6 aydan bir, növbə ilə ölkələrdən birinə ötürülür.

Onu da deyək ki, Azərbaycanla Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq, bununla bağlı rəsmiləşdirilən sənədlər heç bir halda üçüncü ölkələrə qarşı yönəlməyib və regional təhlükəsizliyin möhkəmləndirilməsinin birbaşa təzahürüdür. Ölkələrimiz arasında bu cür əməkdaşlıq çox dərin tarixi köklərə malikdir. Belə ki, ötən əsrin əvvəllərində, xüsusən 1919-cu ildə demokratik Gürcüstan və Azərbaycan arasında müdafiə ittifaqı haqqında ilk beynəlxalq saziş imzalanıb. Bu sazişə əsasən hər iki tərəf başqa bir ölkənin hücumu zamanı bir-birinə birbaşa hərbi yardım göstərməyi öhdəlik kimi qəbul edirdi.

Bu il aprel ayının 19-da Azərbaycan parlament nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində Azərbaycan və Gürcüstan parlamentlərarası dostluq qruplarının yüksək səviyyədə görüşü baş tutub. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Arçi Talakvadze ilə görüşüb. Görüşdə iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərindən, xalqımızın tarix boyu mehriban əlaqələrindən bəhs edilib. Qeyd edilib ki, istər iqtisadi, istərsə də mədəni-humanitar sahədə iki ölkə arasında münasibətlər tarixi baxımdan bu gün də kifayət qədər sıx və əlaqəlidir. Turizmdən başlamış digər bütün mədəni mübadilələrə qədər ən müxtəlif sahələrdə qarşılıqlı münasibətlər sistemi mövcuddur. İki qonşu ölkə istər beynəlxalq, istərsə də regional təşkilatlarda daima bir-birlərini dəstəkləyirlər. İkitərəfli və üçtərəfli diplomatik formatda yeni regional əməkdaşlıq platforması yaratmağa nail olublar.

Bu il oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri oldu. Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçısı Azərbaycan-Gürcüstan əlaqələrindən danışaraq demişdir: "...Yenə də demək istəyirəm ki, bütün bu uğurların təməlində bizim dostluğumuz, xalqlarımızın dostluğu, liderlərin dostluğu və birgə fəaliyyəti durur. Odur ki, mən bu gözəl fürsətə görə, məni bu gözəl yerə dəvət etdiyi üçün hörmətli baş nazirə bir daha təşəkkürümü bildirmək istəyirəm, dost, qardaş gürcü xalqına daim firavanlıq, rifah və sülh arzulayıram".

Zümrüd QURBANQIZI,

"Respublika".