Azərbaycan-Gürcüstan əlaqələri regionun iqtisadi potensialını daha da artırır
İQTİSADİYYAT

Azərbaycan-Gürcüstan əlaqələri regionun iqtisadi potensialını daha da artırır

"Biz əməkdaşlığın yeni mərhələsinə başladıq, özü də məhz Gürcüstanla başladıq... Biz Bakı-Supsa neft kəmərini çəkdik... Azərbaycan Şərqdən gələn İpək yolunun üstündə yerləşir. Gürcüstan da İpək yolunun üstündədir... Bir sözlə, ölkələrimizin coğrafi mövqeyi, - şükürlər olsun ki, Allah bizi məhz burada yerləşdirmişdir, - çox əlverişli imkanlar yaradır. Lakin bu imkanlardan istifadə etmək, şübhəsiz, bizim işimizdir. Sevinc hissi ilə deyə bilərəm ki, Gürcüstan da, Azərbaycan da bu işin öhdəsindən gəlirlər. İndi böyük layihələr həyata keçirilir. Bakı-Supsa boru kəməri işləyir". Bu fikirləri Azərbaycan Prezidenti Heydər Əliyev 2000-ci il mart ayının 22-də Tbilisidə Gürcüstan ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirmişdir.

Hələ Sovetlər Birliyinin tərkibində olarkən Gürcüstan və Azərbaycan respublikaları arasında iqtisadi və mədəni əlaqələr mövcud olmuş, iki xalq mehriban qonşuluq şəraitində yaşamışlar. Öz dövlət müstəqilliklərini əldə etdikdən sonra Azərbaycan-Gürcüstan əlaqələri daha da genişləndirilmiş, 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Beynəlxalq əlaqələrin genişləndirilməsi, Cənubi Qafqazda nisbi siyasi sabitliyin bərqərar olması, Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi və s. kimi istiqamətlər üzrə inkişaf etdirilən münasibətlər getdikcə daha da dərinləşmiş və möhkəmləndirilmişdir. 1995-ci ildə Bakıda Gürcüstanın, 1996-cı ildə isə Tbilisidə Azərbaycanın səfirliyi açılmışdır. 1998-ci ildə Azərbaycan ilə Gürcüstan sərhədində yeni körpü salınması isə ölkə vətəndaşları arasında dostluq münasibətlərinin inkişafında mühüm rol oynamışdır. Cənubi Qafqaz regionunda getdikcə müttəfiqlik səviyyəsinə yüksələn əlaqələr özünün yeni inkişaf mərhələsinə yüksəlmişdir.

Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrini birgə reallaşdıran Azərbaycan və Gürcüstan GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində ikitərəfli strateji əlaqələrini daha da şaxələndirmişlər. Belə ki, 1998-ci ildə tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans keçirilmiş, 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəməri işə salınmışdır. Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin Azərbaycan hissəsi 2005-ci il may ayında, Gürcüstan hissəsi isə oktyabr ayında istifadəyə verilmişdir.

 Bu gün Azərbaycan-Gürcüstan əlaqləri dostluq, etibarlı tərəfdaşlıq səviyyəsində inkişaf etdirilir. İki ölkə arasında ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və başqa sahələri əhatə edən əməkdaşlıq həyata keçirilir.

Oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri yeni inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycan-Gürcüstan münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Mçxeta rayonundakı Muxrani sarayında Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında keçirilən təkbətək görüşdə ölkələr arasında mövcud olan mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanmış, qarşılıqlı hörmət və etimad əsasında qurulan, iki ölkə xalqlarının rifahına hesablanmış əlaqələrin daha da inkişaf etdirilməsi diqqətə çatdırılmışdır. Görüş zamanı dünyada baş verən hadisələr fonunda heç bir ölkə ilə əməkdaşlıq formatına maneə yaratmayan Gürcüstan-Azərbaycan münasibətlərinin sağlam əsaslar üzərində qurulmasının regionda sülhə, sabitliyə töhfə verməsi qeyd olunmuş, eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti nəzərdən keçirilmişdir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidentinin Praqa səfəri zamanı Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə irəli sürdüyü təşəbbüsü də dəstəklədiyini bildirmişdir. İqtisadiyyat, enerji, nəqliyyat sahələrində geniş formatda əməkdaşlıq edən Azərbaycan və Gürcüstanın bir-biri üçün önəmli və etibarlı tərəfdaş olduqları bildirilmiş, hər iki ölkəni bundan sonra daha da irəliyə aparacaq Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və s. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən tarixi əhəmiyyətli layihələrin sürətlə inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

 Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bu səfərin dostluq, qardaşlıq, mehriban qonşuluq təməlləri üzərində qurulan Gürcüstan və Azərbaycan münasibətlərinə müsbət təsir göstərəcəyini bildirərək demişdir: "Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır".

İkitərəfli görüş zamanı gələcək enerji siyasəti, eyni zamanda ticarət əlaqələri müzakirə edilmiş və iqtisadi əlaqələrin şaxələndirilməsi nəticəsində ticarət dövriyyəsinin bir milyard dollara yaxınlaşması məmnunluq doğurmuşdur.

Prezident İlham Əliyev Azərbaycanın Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyduğunu, irimiqyaslı layihələrin uğurla reallaşdırıldığını qeyd edərək, həmçinin gələcək üçün yeni layihələrin həyata keçirilməsinin gərəkliyini söyləmişdir. Ölkə başçımız Azərbaycanın uğurlu neft və qaz ixracına diqqət çəkərək ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memoranduma əsasən növbəti 5 il ərzində Avropaya qaz ixracının iki dəfə artırılaraq 2027-ci ildə 20 milyard kubmetrə çatdırılacağını bildirmişdir. Həmçinin, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə də ixracın artırılacağı, istismarda olmayan Bakı-Supsa neft kəmərindən istifadə ediləcəyi və s. məsələlər görüşdə müzakirə edilən mövzular sırasında olmuşdur.

Dünyada neft və qaz ixracatçısı kimi tanınan Azərbaycan müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq həm də dünya bazarlarına elektrik enerjisi ilə çıxmağı planlaşdırır. Çünki təkcə İkinci Qarabağ müharibəsində işğaldan azad olunmuş ərazilərdə 10 giqavat gücündə bərpaolunan enerji potensialı mövcuddur. Beynəlxalq ekspertlərin rəyinə əsasən isə bu rəqəm Xəzər dənizində 157 giqavata çatır. Azərbaycan Prezidenti ilə Gürcüstanın Baş naziri arasında keçirilən ikitərəfli görüşdə əsas ixrac marşrutu Gürcüstandan keçən hər iki ölkənin bu istiqamətdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində ikitərəfli görüşün tarixi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

Azərbaycan ilə Gürcüstan arasında çoxsahəli əlaqələrin bir hissəsi isə nəqliyyat dəhlizləri ilə bağlıdır. Belə ki, iki ölkə arasında yükdaşımaların həcmi bu il 75 faiz artırmışdır ki, bu da Azərbaycanın bu sahəyə əlavə sərmayələrin yatırılmasını şərtləndirir. Azərbaycan Prezidenti mətbuata acıqlamasında bu barədə də fikir bildirmişdir: "Mən bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini biz 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və biz bu prosesə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir".

Bu gün daxili və xarici siyasətində dünya ölkələri ilə çoxtərəfli əməkdaşlıq əlaqələrinə böyük önəm verən, dostluq, etibarlı tərəfdaşlıq çərçivəsində milli maraqlarını qoruyan müstəqil Azərbaycan ilə Gürcüstan arasında illər öncə qurulmuş əlaqələr dinamik sürətlə inkişaf edir. Sağlam təməllər üzərində qurulmuş bu əlaqələr Cənubi Qafqazın iqtisadi potensialın artmasına, eyni zamanda tərəfdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edir.

Mehparə ƏLİYEVA,

"Respublika".