Azərbaycan gəncliyi: Gələcəyin etibarlı təminatçısı
Siyasət

Azərbaycan gəncliyi: Gələcəyin etibarlı təminatçısı

Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli, sağlam düşüncəli, vətənpərvər ruhda, milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmuş gənc nəsildən çox asılıdır. Sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, ölkədə baş verən proseslərin mərkəzində dayanan gənclər yaşlı nəslin davamçısı, həm də cəmiyyətin ən dinamik təbəqəsi olmaqla bütün sahələrdə fəal iştirak edirlər. Bu gün ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və humanitar həyatında mühüm rola malik potensial qüvvə hesab olunan gənclərin cəmiyyətdə layiqli yer tutması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparır.

Ulu öndər Heydər Əliyev deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq — budur vətənpərvərlik”. Ümummilli liderin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində dövlət gənclər siyasəti onun Azərbaycana rəhbərliyinin hər iki dövründə əsas yer tutmuşdur. Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdığı ilk gündən müstəqil Azərbaycanın gənclər siyasətinin əsasını qoymuş, yeni nəslin sağlam və bilikli böyüməsinə, onlara bilik və bacarıqlarını əməli quruculuq, elmi-mədəni yaradıcılıq sahələrində, idarəetmə işlərində tətbiq etməyə, bir sözlə, gənclərin özlərini cəmiyyətdə təsdiq etmələrinə hərtərəfli imkanlar yaratmışdır. Bu imkanları daha da artırmaq, Azərbaycanı gənclər ölkəsinə çevirmək, gənclərin mükəmməl təhsil almaları, həyatı dərindən öyrənmələri, dünyada gedən prosesləri bilmələri, öz xalqına, dövlətinə xidmət etmələrini təmin etmək üçün ulu öndər 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Bundan sonra gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilməyə başlanıldı, nazirliyin yerli strukturları formalaşdı, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı.

1996-cı il yanvarın 26-da isə ulu öndər Heydər Əliyev tərəfindən imzalanan sərəncama əsasən həmin il fevral ayının 2-də Azərbaycan Respublikası gənclərinin ilk Forumunun keçirilməsi qərara alındı. Bu tədbirin baş tutması ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı.

1997-ci il fevral ayının 1-də gənclərin I Forumunun ildönümü münasibətilə gəncləri qəbul edən Heydər Əliyev 2 fevralın Azərbaycanda “Gənclər günü” elan edilməsi barədə sərəncam imzaladı.

1999-cu ildə keçirilən Azərbaycan gənclərinin II Forumu ölkəmizin həyatında əlamətdar hadisə oldu. Belə ki, II Forum üç il müddətində görülən işlərə yekun vuraraq, eyni zamanda gələcəyə daha perspektivli yollar açdı. Forumda gəncliyin o dövrdəki vəziyyəti, mövcud nöqsanlar və qarşıda duran vəzifələr ətraflı müzakirə edilmiş, Azərbaycan gəncliyinin həyatını, təhsilini, məşğulluğunu və fəaliyyətini təmin etmək üçün bütün imkanların səfərbərliyə alınmasının vacibliyi qeyd olunmuşdur. Eyni zamanda, Azərbaycan gənclərinin təşkilatlandığı, artıq cəmiyyətdə öz yerini tutaraq müstəqil Azərbaycanın inkişafında lazımi işlər gördüyü vurğulanmışdır. Ulu öndər Heydər Əliyevin ölkə gənclərinə “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun” müraciətindən sonra respublikanın ictimai-siyasi həyatında gənclərin daha da fəal iştirakı üçün şərait yaradılmışdır.

Görülən işlərin davamı olaraq 2003-cü il oktyabrın 13-də keçirilmiş Azərbaycan gənclərinin III Forumu ötən illərdə görülmüş işlərin layiqincə qiymətləndirilməsi və gənclərə azərbaycançılıq məfkurəsinin aşılanması yollarını müəyyənləşdirərək, verilən qərarların yerinə yetirilməsi üçün ölkənin bütün qüvvələrinin səfərbər edilməsi ilə yadda qaldı.

2005-ci ildə keçirilən Gənclərin IV Forumunda ölkədə gənclərlə bağlı görülən işlər, ötən forumdan bəri ölkədə uğurla həyata keçirilən gənclər siyasəti, uşaqlara, yeniyetmə və gənclərə dövlət qayğısı, tələbələrin vəziyyətinin yaxşılaşdırılması, narkomaniya, QİÇS və digər xəstəlik və problemlərlə mübarizə və s. məsələlər müzakirə edilmiş, bölgələrdə çoxsaylı yeni iş yerlərinin açıldığı, ölkənin müxtəlif yerlərində 15-dən çox idman olimpiya komplekslərinin tikilib istifadəyə verildiyi, dünya və Avropa kubokları yarışlarında idmançılarımızın 2003-cü ildə 184 medal, 2004-cü ildə 194, 2005-ci ilin 9 ayı ərzində isə artıq 190 medal qazandıqları diqqətə çatdırılmışdı.

İlham Əliyev Forumda “Respublikanın sosial-iqtisadi inkişafında gənclərin yeri və rolu” mövzusunda çıxışında deyib: “Gəncləri narahat edən bir problem də ev problemidir. Çalışırıq ki, imkan daxilində bu məsələyə öz köməyimizi göstərək və əminəm ki, bu yaxınlarda ipoteka kreditləşməsi haqqında atılmış addımlar bu istiqamətdə çox ciddi dönüş yaradacaq. İpoteka yolu ilə yeni mənzillərin alınması mümkün olacaq. Bu məqsədlə müəyyən vəsait ayrılıb və bizim iqtisadi imkanlarımız genişləndikcə, daha böyük vəsait ayrılacaq”. Bütün bunlar gənclərin problemlərinin həllində çox böyük əhəmiyyət kəsb etmişdi.

2008-ci il oktyabr ayının 3-də keçirilən Gənclərin V Forumu son 3 ildə gənclər siyasəti sahəsində görülən işlərlə bağlı “Forumdan-foruma” sənədli videofilm nümayişi ilə öz işinə başlayıb. Bu illərin Azərbaycanda əsaslı iqtisadi inkişaf və siyasi yüksəliş mərhələsi olduğu, sahibkarlığa və iş adamlarına, o cümlədən gənc sahibkarlara geniş imkanların yaradıldığı, 2006-cı ildən etibarən əmək bazarında gənclərin rəqabətliliyini artırmaq, karyeranın planlaşdırılması və qurulması prinsiplərini gənclərə öyrətmək məqsədilə “Milli karyera günləri” adlı layihə həyata keçirildiyi, gənclərin sahibkarlığın əsaslarına yiyələnmələri üçün regionlarda davamlı olaraq təlimlər təşkil edildiyi bildirilmişdir.

Azərbaycan Gənclərinin VI Forumu işinə 2011-ci ilin aprel ayından başlayıb və bölgələrdən və paytaxtdan seçilən intellektual və fəal gənclərin iştirakı ilə müxtəlif tədbirlər, respublikanın rayon və şəhərlərində, eləcə də Bakı şəhərində konfranslar, zona toplantıları keçirilib. Tədbirin sonunda Azərbaycan Gənclərinin VI Forumunun qətnaməsi qəbul olunub. Sənəddə V forumdan ötən dövr ərzində gənclərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti müsbət qiymətləndirilib.

2 minədək gəncin bir araya gəldiyi Gənclərin VII Forumunda dövlət və hökumət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların təmsilçiləri, ali təhsil müəssisələrinin rektorları, Milli Məclisin deputatları iştirak etmiş, gənclərlə bağlı görülən işlərə diqqət yetirilmişdir. Ölkə başçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hər bir gəncin fərdi inkişafı üçün yeni imkanlar yaratdığı və bu proqramın dövlətimizin başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsi olduğu vurğulanmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu il - 2018-ci ildə “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında işə başlayan Azərbaycan Gənclərinin VIII Forumunda 3 il ərzində ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlər barədə hazırlanan videoçarx nümayiş etdirilib. Tədbirdə İlk Forumdan ötən 22 ildə gənclərin həyatında mühüm dəyişikliklərin olduğu, 1994-2003-cü illərdə ilk gənclər təşkilatlarının və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yarandığı, 2004-2010-cu illərdə — gənclərin ictimai savada yiyələnmə dövründə onların maraqlarının təmin olunması sahəsində ciddi işlərin görüldüyü, 2007-ci ildə ölkədə “Gənclər ili” elan olunduğu, 2008-ci ildə Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəxri sədrliyi ilə Gənclərin Məşğulluğu üzrə IV Dünya Sammiti, Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının keçirildiyi, 2005-ci və 2011-ci illərdə Azərbaycan gəncləri ilə bağlı ardıcıl olaraq iki Dövlət Proqramının qəbul edildiyi və bu dövlət proqramlarının icrasında, beynəlxalq əməkdaşlığın inkişafında, Azərbaycan maraqlarının xaricdə müdafiəsində gənclər və gənclər təşkilatlarının daha yüksək fəallıq göstərdiyi qeyd olunub.

2020-ci ilin dekabr ayında Azərbaycan gəncləri IX Forum çərçivəsində bir araya gəliblər. Ötən üç il ərzində görülmüş işlərin hesabatını dinləmək, növbəti üç il üçün konsepsiyanı işləmək və təklifləri səsləndirmək məqsədilə onlayn şəkildə keçirilən Forumda əsasən 2020-ci ildə gənclərimizin qazandığı ən böyük uğur - Vətən Müharibəsində göstərdikləri şücaət və Ali Baş Komandanın rəhbərliyi ilə qazandığımız tarixi qələbəmizdən, gənclərin vətənpərvərlik tərbiyəsində yeni mərhələdən, “Böyük Qayıdış”da gənclərin vəzifələrindən söz açıblar. Yekunda tədbirin qətnaməsi və IX Forum iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Azərbaycan Gənclərinin Forumu ölkəmizdə aparılan gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirmiş, ümummilli liderin birinci Forumdakı nitqi növbəti illər üçün fəaliyyət proqramına çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti sahəsində müstəqillik illərində mühüm addımlar atılmış, böyük uğurlar qazanılmışdır. Gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixi, dili, mədəniyyəti və adət-ənənələrinə, eləcə də dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə edilməsi dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri olmuşdur.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda mahiyyət və keyfiyyət etibarilə yeni mərhələdə inkişaf etdirilir. Dövlətimizin başçısının “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncamına əsasən, respublikamızın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi məqsədilə ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir.

Mehparə ƏLİYEVA,

“Respublika”.