Azərbaycan etibarlı tərəfdaşdır
Siyasət

Azərbaycan etibarlı tərəfdaşdır

KTMT-nin İrəvan toplantısında quruma üzv dövlətlərin ölkəmizə qarşı mövqeyi bunu bir daha təsdiqlədi

Bu ilin noyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının liderləri İrəvanda toplandılar. Gündəliyə müxtəlif mövzular daxil edilsə də, Ermənistanın bu toplantıdan  gözləntiləri daha çox idi. Xüsusən də, “Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihə İrəvanın ümidlərini puça çıxardı. Buna görə də, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina etdi. Təbii ki, bunun da səbəbləri var...

Əvvəla onu da qeyd etmək lazımdır ki, N.Paşinyan hələ müxalifətdə olduğu vaxtda israrla Ermənistanın KTMT-ni tərk etməsini tələb edir, KTMT və Avrasiya İqtisadi Birliyindən uzaqlaşmağın vacibliyini söyləyirdi. Çünki o, təlimatlarını Qərbdən alırdı. Hakimiyyətə gəlməsində isə “Soros”un rolu olub. “Soros”un ümumi xətti isə postsovet məkanında özünə loyal iqtidarlar formalaşdırmaq və onları Rusiyadan uzaqlaşdırmaqdan ibarətdir. Məhz Paşinyanın hakimiyyətə gəlməsindən az sonra KTMT-nin o zamankı baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin başlanması da bu prosesin tərkib hissəsi idi. Təbii ki, belə olan halda KTMT-nin Paşinyana münasibətində bir dəyişiklik yaranmalıydı. Ekspertlər hesab edir ki, Paşinyan KTMT-ni ölkəsinin işğalçılıq və təcavüzkar siyasətinin elementinə çevirmək istəyir. Bunun göstəricisi də Paşinyanın bilərəkdən KTMT-ni provakasiyalara cəlb etməyə çalışmasıdır. Ermənistan lideri Azərbaycan öz torpaqlarını işğaldan azad edəndə də KTMT-yə müraciət etmiş, ondan mədət ummuşdu.

KTMT-nin oktyabr ayında onlayn formatda keçirilmiş iclasında Paşinyanın əsassız iddialarına Belarus Prezidenti kəskin reaksiya vermişdi. A.Lukaşenko Azərbaycanın KTMT-yə üzv digər dövlətlər üçün xüsusi əhəmiyyət daşıdığını, Azərbaycan Prezidentinin onlara əziz insan olduğunu vurğulamışdı.

N.Paşinyan İrəvan toplantısında da növbəti dəfə “mat” vəziyyətinə düşdü. Fransa və İrəvanın ermənipərəst mövqedən çıxış etməsindən cəsarətlənən N.Paşinyan digər dövlətlərdən də eyni dəstəyi ala biləcəyinə çox inanırdı. Ancaq üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) onu yenə də məyus etdi. Necə deyərlər: “Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış” – düşüncəsində olan erməni lider toplantıya qatılarkən öz işini bilirdi... Məhz elə toplantını açarkən də “ermənilərin təşkilata ümidləri doğrulmayıb”, “KTMT indiyə qədər Azərbaycanın Ermənistana qarşı təcavüzünə münasibət bildirməyib” kimi cümlələr işlətməsi də təsadüfi deyildi. Paşinyanın belə çıxış etməsi gözlənilən idi, çünki toplantıdan bir neçə gün əvvəl üzv dövlətlərin rəsmiləri Azərbaycanla Ermənistan arasındakı məsələlərdə tərəf tutmayacaqlarını açıq-aydın şəkildə bildirmişdilər. Belə də oldu. Ermənistan toplantıda Azərbaycan əleyhinə sənədlərin qəbuluna çalışsa da, KTMT-yə üzv dövlətlərin liderləri bölgədə sülhün əldə olunmasının vacibliyini vurğulayıb, bu işdə tərəflərə kömək etməyə hazır olduqlarını bildirdilər. Bundan sonra Paşinyan təşkilatdan yenə küsüb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşlikatının Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan boyun qaçırdı.

Bu, bir daha Paşinyan və onun havadarlarına göstərdi ki, Azərbaycanın hər yerdə dostları var və həmin dövlətlər Ermənistanın haqsız mövqeyini dəstəkləmək istəmirlər. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə bu barədə deyib: “Bu təşkilatda bizim dostlarımız Ermənistanınkından daha çoxdur. Nəyə görə? Siyasətimizə görə, bizim etibarlı tərəfdaş olmağımıza görə. Ermənistana nə üçün münasibət mənfidir? Ona görə ki, onlar hər yerdə yalan danışırlar və öz problemlərini həll etmək üçün daha qapı qalmayıb ki, oraya müraciət etməsinlər. Bütün bunlar göz qabağındadır, hər kəs bunu görür, hər kəs bunu bilir. Bu açıqlamadakı fikirlər İrəvandakı toplantıda bir daha sübut olundu. Azərbaycanın Ermənistan istisna olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün üzv dövlətləri ilə əməkdaşlıq, strateji tərəfdaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur. Belə olan halda KTMT üzvləri niyə Ermənistanı müdafiə etməli və bununla Azərbaycanla münasibətlərə kölgə salmalıdırlar?”.

Məhdud sayda üzvlərin iştirak etdiyi görüşdə Ermənistanın baş naziri kəskin fikirlər səsləndirib. Ekspertlər qeyd edir ki, KTMT-nin mövcudluğu Moskva üçün ən vacib məsələlərdən biridir. İndiki şəraitdə onun reytinqinin azalması kontekstində və İrəvanda KTMT ilə bağlı ictimai bəyanatlar səsləndiriləndə Moskva bütün bunları Qərbdən sifariş kimi dəyərləndirir. Kreml onu da nəzərə alır ki, İrəvan KTMT-nin sıralarını tərk etmək arzusundadır. Xatırladaq ki, bu ilin sentyabrında Ermənistana səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi İrəvanı KTMT-dən çıxmağa çağırıb. Konqresdə erməni qrupunun üzvü Frenk Pallone isə KTMT-nin “Ermənistanın təhlükəsizliyi üçün nə edə biləcəyini anlamağa çalışdığını” bildirib. Ermənistan parlamentinin sədri Alen Simonyan isə deyib: “Verilən qiymət bizim üçün yetərli deyil. İroniya odur ki, KTMT hərbi-siyasi strukturdur, bizim hərbi-siyasi birlikdən siyasi qiymət gözləntimiz var idi və bu gözləntimiz də özünü doğrultmadı, ona görə də sənədləri imzalamamaq qərarına gəldik. Ümid edirik ki, tərəfdaşlarımızın ağlı başına gələcək və Ermənistanın sərhədinin həm də KTMT-nin sərhədi olduğunu başa düşəcəklər”. Bu da həyasızlığın son həddi.

Vaxtilə “Türkiyə-Azərbaycan tandeminin mümkün təcavüzündən qorunmaq” üçün bu struktura daxil olduğunu deyən Ermənistan “indi belə təhlükə zamanı KTMT-nin işləmədiyini” nəzərə alaraq qurumun üzvlüyündən getməsinə özlüyündə haqq qazandırır. Müxalifət isə KTMT-nin hətta siyasi bəyanat verməkdən imtina etməsində Ermənistan hakimiyyətini günahkar sayır. “Hayastan” fraksiyasının deputatı Aqnessa Xamoyanın fikrincə, Paşinyandan soruşmaq lazımdır ki, necə olub, bu gün Azəbaycanın KTMT-də Ermənistandan daha çox müttəfiqi var: “Nə üçün Paşinyan KTMT sədri olduğu halda Ermənistana qarşı təcavüzü pisləyən bəyanatı qəbul etdirə bilmir? Bizim siyasi gücümüz olsaydı, bugünkü vəziyyətə düşməzdik”.

Bəli, N.Paşinyanın Azərbaycan xalqının qarşısında da cavab verəcəyi sullar çoxdur...

Zümrüd QURBANQIZI,

“Respublika”.