Azərbaycan Ermənistana ədalətli sülh təklif edir
Digər xəbərlər

Azərbaycan Ermənistana ədalətli sülh təklif edir

Azərbaycan 30 ilə yaxın müddətdə dünya ictimaiyyətinə inanır və ümidlə Qarabağ münaqişəsinin sülh yolu ilə həllini gözləyirdi. Bu illər ərzində dövlətimiz dünyanın diqqətini Azərbaycana yönəltməyə nail oldu. Xüsusilə neft diplomatiyası sayəsində Avropa Birliyinin sıralarına qoşuldu, beynəlxalq təşkilatlara daxil olaraq xalqımızın haqq səsini bütün dünyaya çatdırdı. Lakin həmin beynəlxalq qurumlar beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistanın işğalçılıq əməllərinə obyektiv qiymət vermək istəmədi. Müxtəlif dövrlərdə BMT, ATƏT, Avropa İttifaqı bu barədə müəyyən qətnamələr qəbul etsə də, bəyanatların icrası təmin olunmadı. Beynəlxalq vasitəçilər tərəfindən Azərbaycan-Ermənistan nümayəndələri arasında aparılan danışıqlar nəticə vermədi.

Ermənistan rəhbərliyi isə növbəti müharibənin başlaması üçün əlindən gələni etdi, sərhəddə təxribatlar törətdi, Cıdır düzündə yallı oynadı, Qarabağda bizə aid olanları öz adlarına çıxarmağa çalışdı. Çünki erməni generalları düşünürdülər ki, yeni bir müharibə olarsa, Azərbaycan daha çox ərazisini itirəcək və Ermənistan ordusu Bakıya çatacaq.

Bu halda Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etmək məcburiyyətində qaldı. Bu prosesdə isə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutdu, beynəlxalq qaydada qəbul olunmuş normalar çərçivəsində, sülhsevərlik prinsiplərinə uyğun addımlar atdı.

Sentyabrın 27-də Vətən müharibəsi başladı. 44 gün davam edən savaş tarixi ədalətin bərpa olunması ilə nəticələndi. Azərbaycan qısa zaman kəsiyində doğru döyüş taktikası seçərək cənub cinahındakı irəliləyişin əsas istiqamətini müəyyənləşdirdi və minimum itki ilə torpaqlarımız işğaldan azad edildi.

Xalqımız müharibə vaxtı ermənilərin dəhşətli təxribatları ilə üzləşsə də, əyilmədi. Müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində darmadağın edilən Ermənistan silahlı qüvvələri isə acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən mülki infrastruktur obyektlərini hədəfə aldı. Birinci Qarabağ müharibəsində Xocalıda, Qaradağlıda, Başlıbeldə və digər yaşayış məntəqələrimizdə insanlıq əleyhinə cinayətlər törədən İrəvan Vətən müharibəsində də terrorçu xislətinə sadiq qalaraq mülki şəxsləri raket və artilleriya atəşinə tutdu. Təkcə Bərdə rayonunun ballistik və digər qadağan olunmuş bombalarla atəşə tutulması nəticəsində 29 mülki şəxs həlak oldu. 112 dinc sakin yaralandı. Gəncədə isə 26 azərbaycanlı raket zərbələrinin qurbanı oldu, yaralananların sayı 175-ə çatdı. Erməni vəhşiliyindən əziyyət çəkən tək günahsız insanlar olmadı. Füzuli, Tərtər və Şuşadakı meşələr fosforlu mərmilərlə yandırıldı. Həmçinin ilk insan yaşayış məskənlərindən olan Azıx mağarası da düşmən tərəfindən dağıdıldı, oradakı bir sıra tarixi əhəmiyyətli abidələr məhv edildi. Bütün bunlar Ermənistanın terror dövləti olması, davamlı müharibə cinayətləri törətməsinin sübutudur.

Beynəlxalq prinsiplərə uyğun olaraq ədalətli müharibə aparan Azərbaycan postmüharibə dövründə də özünə yaraşanı etdi. Sülhpərvərliyi dövlət ənənəsi kimi qəbul edən Azərbaycan ədalətli sülhün tərəfdarı olduğunu bir daha göstərdi. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, rəsmi Bakı İrəvana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması barədə sülh sazişi imzalamağı təklif etdi. Çünki beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir. Bu sülh müqaviləsinin mətni isə məhz rəsmi Bakının şərtlərinə uyğun şəkildə hazırlanmalıdır. Çünki Azərbaycanın irəli sürdüyü şərtlər ədalətlidir, beynəlxalq hüquqa söykənir. Odur ki, ədalətli 44 günlük müharibəmiz elə ədalətli sülhlə də taclandırılmalıdır.

Bu məsələ fevralın 17-də başlayan Münxen Təhlükəsizlik Konfransında da gündəmə gəldi. Əsas şüarı "Dialoq vasitəsilə sülh" olan bu konfransda Ermənistanın sülh müqaviləsindən yayınması ifşa edildi. Dünya birliyi isə bir daha Prezident İlham Əliyevin simasında Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğunu gördü.

Jalə QASIMZADƏ,

"Respublika".