Azərbaycan enerji resursları ilə zəngin ölkədir
İQTİSADİYYAT

Azərbaycan enerji resursları ilə zəngin ölkədir

Qlobal iqtisadi artım hər il yüksələn enerji resurslarının mənimsənilməsi ilə təmin olunur. Genişlənən iqtisadi miqyaslar yeni enerji potensiallı əraziləri istehlak obyektlərinə çevirir. Təbii enerji sərvətlərinin geoloji mövcudluğu çağdaş zamanda strateji əhəmiyyətini artıraraq əsas siyasi güc, iqtisadi qüdrət elementlərindən biri sayılır. Enerji resurslarının məhdud olmasına baxmayaraq, hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır. Elə buna görə də müasir dünyada iqtisadiyyatın yanacaq-enerji resursları ilə təchizatı və enerji effekti dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən biri hesab olunur. Azərbaycan Respublikası da perspektivlik baxımından karbohidrogen təyinatlı enerji resurslarının bol olduğu dünya regionları sırasındadır. Təkcə respublikaya mənsub Xəzər setində karbohidrogen ehtiyatlarının kommulyativ həcmi hesablamalara görə, 3-4 və hətta proqnostik baxımdan 5-7 milyard ton təşkil edir. Buraya quru ərazilərdə aşkarlanmış və perspektiv potensial ehtiyatların 1 milyard ton şərti yanacağa ekvivalent miqdarı da əlavə olunduqda ümumi toplumda orta hesabla adambaşına 1000 ton həcmində karbohidrogen resursları düşür. Bu göstərici Azərbaycana planetin 10-15 ən qüdrətli mühüm neft-qaz potensiallı ölkələri sırasında yer verir. Günəşli və küləkli ərazi ayrıca energetik mənbə kimi ölkədə alternativ enerji ehtiyatları yaratmağa geniş imkanlar açır.

Azərbaycan bu gün bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsi və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratdı.

2009-cu ildən başlayaraq, bu sahədə qəbul edilmiş qərarlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsinə xüsusi diqqət göstərdiyini sübut edən nümunələrdir. Ölkə başçısı tərəfindən qəbul edilmiş qanunvericilik aktlarında milli enerji təhlükəsizliyinin genişləndirilməsində alternativ və bərpa olunan enerji istehsalının artırılmasının böyük rolu olduğu dəfələrlə vurğulanıb.

Bu sahədə görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (Təmiz ətraf mühit və “Yaşıl artım” ölkəsi) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində istifadə məsələləri öz əksini tapmışdır. Bu Milli Prioritet ölkəmizin bərpa olunan enerji sahəsinə və yaşıl iqtisadiyyata dövlətin diqqətinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Qeyd edilən Milli Prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

“Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli sərəncamı ilə Energetika Nazirliyinə bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərin hazırlanaraq təqdim edilməsi tapşırılıb. Bu məqsədlə tanınmış beynəlxalq məsləhətçi təşkilat olan Norveçin DNV GL Energy Advisory GmbH şirkəti cəlb edilməklə müvafiq sahədə dövlət siyasətinin əsas məqsədlərini, dövlətin vəzifələrini, təşviqedici mexanizmləri və digər əsas məsələləri özündə ehtiva edən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanmış və dövlət qurumları ilə razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Bundan başqa, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və bu potensialdan istifadə məqsədilə atılacaq addımlar və yerinə yetiriləcək tədbirlər üzrə bir sıra işlər həyata keçirilməkdədir. Bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində gücü təqribən 1000 MVt olan 8 ərazi seçilmişdir. Seçilmiş 3 ərazidə pilot layihənin həyata keçirilməsi ilə bağlı artıq müvafiq tədbirlər görülür. Əlavə olaraq, külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır.

Xəzər dənizində və sahilyanı ərazilərdə külək enerjisinin potensialının öyrənilməsi məqsədilə Energetika Nazirliyi Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması istiqamətində əməkdaşlıq edir. “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması prosesi coğrafi məkan xəritələrinin tərtib olunması, zonaların müəyyənləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlillərin aparılması, təsirlərin qiymətləndirilməsi, icazə və razılıqların verilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ötürücü şəbəkənin yenidən qurulması, təchizat zəncirinin öyrənilməsi kimi məsələləri əhatə edəcəkdir.

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın gücləndirilməsi və gələcəkdə bu sahəyə investisiya qoyuluşunun təşviqi məqsədilə beynəlxalq şirkətlərlə əməkdaşlıq əlaqələri genişləndirilməkdədir. Bu istiqamətdə bir çox beynəlxalq şirkət ilə əməkdaşlıq barədə anlaşma memorandumu və bu tipli sənədlər imzalanmışdır.

İcrasına qərar verilmiş layihələrlə yanaşı, digər investisiya şirkətləri ilə də əməkdaşlıq istiqamətində danışıqlar davam etdirilir. Eyni zamanda, ərazilər üzrə torpaqların mülkiyyətinin və təyinatının öyrənilməsi bərpa olunan enerji mənbələri layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, ərazilər üzrə infrastrukturun mövcudluğunun öyrənilməsi və formalaşdırılması, sahələrin potensialının ölçülməsi və məlumatların toplanması məqsədilə ölçü-müşahidə qurğularının quraşdırılması istiqamətində müvafiq dövlət qurumları ilə birgə tədbirlər həyata keçirilir.

Onu da qeyd edək ki, Qarabağ və ətraf regionlarda bərpa olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi üzrə işlərin icrasına başlanılıb. İşğaldan azad edilmiş ərazilər üzrə 6 rayonda (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) Günəş Elektrik Stansiyalarının (GES) tikintisi üçün ümumi potensialı 4000 MVt-dan yüksək qiymətləndirilən 8 perspektiv ərazi müəyyən edilmişdir. Laçın və Kəlbəcər rayonlarının Ermənistanla sərhəddə yerləşən dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur. Bu ərazilərin infrastruktur, coğrafi relyef və digər faktorlar nəzərə alınaraq ilkin külək enerjisi potensialı 500 MVt-dək qiymətləndirilir.

Ölkəmizin təbii su ehtiyatlarının 25 faizinin Qarabağ regionunda formalaşdığını nəzərə alaraq, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı məqsədilə istifadə perspektivləri Energetika Nazirliyinin və BOEMDA-nın əməkdaşları tərəfindən nəzərdən keçirilib, regionda mövcud olan kiçik su elektrik stansiyaları haqqında məlumatlar toplanılıb, mövcud su elektrik stansiyaları əsasən Tərtər, Laçın və Kəlbəcər rayonlarının ərazisində yerləşir. Bəzi kiçik su elektrik stansiyalarında təmir-bərpa işlərinə başlanması üçün artıq hazırlıq işləri görülür. Laçın rayonu ərazisində Həkəri çayı üzərində yerləşən 8 MVt gücündə “Güləbird” Su Elektrik Stansiyası artıq istifadəyə verilib.

Hazırda öz enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycanın enerji sisteminin Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Türkiyə enerji sistemləri ilə sıx əlaqəsi təmin olunub. Bu, həm də ölkələr arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdəndir.

Nurəngiz ADİLQIZI,

“Respublika”.