Azərbaycan elminin dünya elminə inteqrasiyası
Elm və təhsil

Azərbaycan elminin dünya elminə inteqrasiyası

Ölkəmizdə keçirilən beynəlxalq elmi konfranslar bu məqsədə çatmaq üçün ən yaxşı platformadır

Bu gün Azərbaycanda elmin inkişafına kifayət qədər dövlət qayğısı var. Fundamental elmin müxtəlif sahələrində çalışan alimlərin  qarşısında isə dünya  elmində gedən proseslərə daha sıx inteqrasiya olunmaq, beynəlxalq aləmdə tanınmaq kimi vacib məsələlər durur. Azərbaycan alimləri həm də elmimizin dünyada tanıdılması istiqamətində birgə fəaliyyətə üstünlük verir. Bu baxımdan, keçirilən elmi toplantılar, konfranslar da böyük əhəmiyyət kəsb edir.

 Bakıda keçirilən Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransında  (COIA) qlobal elmi problemlərin həlli istiqamətində birgə fəaliyyəti təmin etmək məqsədilə dünyanın elm adamları növbəti dəfə bir araya gəldilər.

Qeyd edək ki, COIA konfranslar silsiləsi 2005-ci ildən Azərbaycanda start götürüb. Daha sonra 2008, 2015, 2018 və 2020-ci illərdə Bakıda, 2011-ci ildə Türkiyənin Bilkənt Universitetində, 2013-cü ildə Bolqarıstanın Sofiya Texniki Universitetində keçirilib. COVID-19 pandemiyası ilə əlaqədar olaraq builki konfrans hibrid formatda, yəni onlayn və əyani şəkildə baş tutub. Tədbirdə 30-dək ölkənin tanınmış alimləri iştirak ediblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə ənənəvi olaraq  təşkil olunan  VIII beynəlxalq konfransın açılış mərasimində çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz siyasətində elm, təhsil, ixtisaslı kadrların hazırlığı istiqamətini mühüm hesab edir. Azərbaycanda ölkənin davamlı iqtisadi-siyasi inkişafı üçün ixracyönümlü, rəqabətədavamlı, elmtutumlu məhsulların  istehsalı əsas məsələlərdəndir. Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma beynəlxalq konfransı uzun illərdir ki,  təşkil olunur və böyük nüfuz qazanmışdır. Konfrans elmi-texniki kadrların hazırlanması və səviyyəsinin yüksəldilməsi, beynəlxalq əlaqələrin, əməkdaşlığın yaradılması, birgə elmi-tədqiqatların həyata keçirilməsi, təcrübə mübadiləsi aparılması baxımından böyük əhəmiyyətə malikdir.

Daha sonra BDU-nun rektoru Elçin Babayev çıxışında Azərbaycanda dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi-texniki potensialın inkişafı, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd etdi. Ölkəmizin davamlı inkişafı, iqtisadi, siyasi və hərbi qüdrəti təhsilin keyfiyyət və səviyyəsi, həmçinin ölkənin elmi potensialı və bu sahələrdəki uğurları ilə bilavasitə bağlıdır.

Konfransda Rusiya Elmlər Akademiyasının akademiki, P.P.Şirşov adına Okeanologiya İnstitutunun elmi rəhbəri Robert Niqmatulin, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Əli Abbasov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Şahin İsmayılov, Marağa Universitetinin professoru Əli Şükri, Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasının müdiri professor Nazim Mahmudov və başqaları çıxış edərək konfransın işini yüksək dəyərləndirib, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

VIII beynəlxalq konfransın iştirakçısı BDU-nun nəzdindəki Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev bizimlə söhbətində   ənənəvi olaraq təşkil olunan, idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıların iştirak etdiyi tədbirdən danışarkən demişdir:

-2005-ci ildə ilk dəfə keçirilən konfransda  dünyanın tanınmış alimləri iştirak edirdi. O vaxt təcrübəmiz yox idi, 2002-ci ildə nəşrinə başladığımız “Applied and Computational Mathematics” jurnalı hələ belə uğur qazanmamışdı, lakin dəvətimizi qəbul edərək ABŞ-ın İllinoys Universitetinin professoru Tamer Başar, Ukrayna MEA-nın Mexaniki Problemlər İnstitutunun professoru Vladimir Larin və başqaları Azərbaycana gəlmiş, konfransda iştirak etmişdi. Onu qeyd edək ki, gələcək işlərimizə ilk konfransın böyük təsiri oldu. Belə ki, jurnalımızda tanınmış alimlərin məqalələrinin çap olunması onun müntəzəm nəşrinə kömək etdi və nüfuzunun artmasına zəmin yaratdı. Beləcə, jurnalı dünya alimlərinin diqqətində  saxlamaq, onu keyfiyyətli məqalələrlə təmin etmək üçün beynəlxalq səviyyədə tanınan Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma konfranslarının keçirilməsi davamlı şəkil aldı. 2018 və 2020-ci illərdə keçirilən konfransın materialları “Web of Science” bazasına daxil edilib. Məhz həmin illərdə Azərbaycan alimlərimizin çap etdirdikləri məqalələrin sayına görə Cənubi Qafqaz ölkələri arasında birinci yerə çıxıb.

Üçgünlük beynəlxalq konfransda ümumilikdə 293 məruzə dinlənilməli olsa da, Azərbaycan, Türkiyə, ABŞ, Hindistan, Rusiya, İran, Ukrayna, Özbəkistan, Oman, Morokko, Qazaxıstan, Qırğızıstan, Misir və s. ölkələrin tanınmış alimlərinin “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Qeyri-səlis idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi sahələr üzrə 231 elmi çıxış oldu. Bu da çox təbiidir, çünki konfrans onlayn və canlı şəkildə keçirildiyindən bəzi ölkələrin tədbirə qoşulmasında texniki problemlər yaranmışdı. Həmçinin burada ölkələr arasında zaman fərqləri də müəyyən rol oynayıb.

VIII beynəlxalq konfransın materiallarının da “Web of Science” bazasına daxil edilməsi nəzərdə tutulur. Düşünürəm ki, klassik konfranslardan fərqli olaraq bu toplantıda 231 elmi məruzənin dinlənilməsi böyük nailiyyətdir və konfrans Azərbaycan elminin dünya elminə inteqrasiyasında böyük rol oynayır, eyni zamanda gələcək fəaliyyətimizə impuls, təkan verir. Mən konfransın yüksək səviyyədə təşkilində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rolunu xüsusi qeyd etmək istərdim. Qonaqların qarşılanması, yerləşdirilməsi, plenar iclasların aparılması üçün otaqların təşkili və s. məsələlərin həllində Bakı Dövlət Universitetinin də böyük rolu olmuşdur.

Konfrans iştirakçıları Bakının görməli yerlərində, o cümlədən İçərişəhərdə, Dənizkənarı Bulvarda, Qobustanda oldular, muzeylərə səfər etdilər.

Plenar iclaslarda da alimlər fəallıq göstərdilər, maraqlı məruzələr oldu. ABŞ-ın İllinoys Universitetinin professoru, “Applied and Computationd Mathematics” jurnalının fəxri redaktoru Tamer Başar, Rusiya Elmlər Akademiyasının akademiki, idarəetmə, fizikanın tətbiqləri sahəsində tanınmış alim Robert Niqmatulin, Ukraynanın Taras Şevçenko adına  Universitetinin professoru Sergey  Poqorelıy, Türkiyədən Cerat Fahd, ABŞ-dan infeksion  xəstəliklərin riyazi modelləşdirilməsi üzrə tanınmış alim  Elvan Akın, Ukrayna Elmlər Akademiyasından P.İ.Stetsyuk və başqalarının maraqlı məruzələri dinlənildi. Bir maraqlı məqamı da qeyd  etmək istərdim. Belə ki, bu dəfə dinlənilən məruzələr arasında müasir çağırışlarla səsləşən sahələr üzrə materiallar da yer alıb. Məsələn,  uçan aparatların idarə edilməsi,  nüvə tədqiqatları, informasiya texnologiyaları və s. mövzularda məruzələr də böyük maraq doğurdu.

Azərbaycan Prezidenti İlham Əliyevin məhz uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizdə bərqərar olan əmin-amanlıq imkan verir ki,  bu cür beynəlxalq səviyyəli tədbirləri həyata keçirə bilək.

Konfransın iştirakçısı  Türkiyənin Ankara şəhərindəki Orta Doğu Texniki Universitetinin fizika kafedrasının professoru, Türkiyə Elmlər Akademiyasının üzvü Təhmasib Əliyev də bizimlə fikirlərini bölüşdü: - Mən 30 ildir ki, Türkiyədə təhsil sahəsində çalışıram. Çalışdığım sahə nəzəri fizikanı əhatə edir. Bir neçə dəfədir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, BDU-nun nəzdindəki Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma mövzusunda keçirilən  beynəlxalq konfransda iştirak edirəm. Hər dəfə dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlərin əldə etdikləri yeni elmi  nailiyyətlər müzakirə olunur. Bu nəticələrin tətbiqi istiqamətləri konfransın işinin əsas  hissəsini təşkil edir. Konfrans Azərbaycanın  elmi-ictimai həyatında böyük hadisədir.  Burada sırf riyazi problemlər yox, onların Azərbaycan iqtisadiyyatına, xüsusən də neft sənayesinə  tətbiqi məsələləri müzakirə olunur. Bu da rəqabətədavamlı, elmtutumlu  məhsulların istehsalında mühüm rol oynayır. Konfransda dünyanın 30-dan çox ölkəsindən alim iştirak edirdi və müzakirələr intensiv şəkildə aparıldı, çox uğurla keçdi. Bu dəfəki konfransın  əvvəlkilərdən fərqi də onun  proqramının çox hissəsini tətbiqi məsələlərin təşkil etməsi idi.

Məşğul olduğum sahəyə uyğun olaraq mən konfransın “Nəzəri fizika” bölməsinə sədrlik etdim, çıxışım oldu. Dünya alimlərinin bəziləri ilə söhbət etmək, fikir mübadiləsi aparmaq imkanı yarandı. Onlar da konfransı yüksək dəyərləndirdilər.

Ənənəvi olaraq keçirilən konfrans idarəetmə və optimallaşdırma sahəsində  dünyanın müxtəlif ölkələrindən olan  tədqiqatçı və  praktikantlar, gənc alimlər üçün elmi nəticələri müzakirə etmək,  fikir mübadiləsi aparmaq baxımından ən faydalı platformadır. Onun davamlı olmasını və dəyişməz olaraq Azərbaycanda keçirilməsini arzu edirəm.

Beləliklə, daha bir elm toplantısı tarixə döndü. Son olaraq onu qeyd edirik ki,  bu cür elmi konfranslar milli elmimizin  dünya elminə inteqrasiyasına, imicinin yüksəlməsinə, Azərbaycan alimlərinin nailiyyətlərinin xaricdə təbliğ olunmasına imkan yaradır.

Zümrüd QURBANQIZI,

“Respublika”.