“Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin yaradılması və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

“Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin yaradılması və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə elmi fəaliyyətin inkişafının, elmin müxtəlif sahələrində aparılan elmi araşdırmaların səmərəliliyinin artırılmasının, o cümlədən elmi tədqiqatların stimullaşdırılmasının təmin edilməsi, bu sahədə dövlət dəstəyinin və dövlət idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılsın.

2. “Azərbaycan Elm Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Elm Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.

4. Fondun nizamnamə fondu 4157866,0 (dörd milyon yüz əlli yeddi min səkkiz yüz altmış altı) manatdır.

5. Müəyyən edilsin ki:

5.1. Fond təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;

5.2. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

5.3. Fondun fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.

6. Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

6.1. Azərbaycan Respublikasının Prezidentinə:

6.1.1. Fondun nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

6.1.2. idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanları rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

6.1.3. nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Fondun mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

6.1.4. Fondun ləğvi və yenidən təşkili;

6.2. Fonda:

6.2.1. Fondun strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi;

6.2.2. bu Fərmanın 6.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. bu Fərmanın 7.2-ci bəndi nəzərə alınmaqla, Fond dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun balansındakı dövlət əmlakının Fondun balansına verilməsini iki ay müddətində təmin etsin;

7.2. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihələri çərçivəsində satın alınmış və həmin layihələr bitdikdən sonra onun balansında qalan əmlakın təyinatı üzrə səmərəli istifadəsi ilə bağlı zəruri tədbirlər görsün;

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Fondun saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

9. Fond:

9.1. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

9.2. Fondun strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

9.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 87; 2014, № 11, maddə 1404; 2017, № 7, maddə 1361; 2018, № 7 (I kitab), maddə 1451) ləğv edilsin. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 15 oktyabr 2022-ci il