Azərbaycan Əfqanıstanda humanitar böhranın nəticələrinin aradan qaldırılmasına töhfə verməkdə davam edəcək
Digər xəbərlər

Azərbaycan Əfqanıstanda humanitar böhranın nəticələrinin aradan qaldırılmasına töhfə verməkdə davam edəcək

Dekabrın 19-da Pakistanın paytaxtı İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyət mövzusunda 17-ci növbədənkənar iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Əfqanıstandakı vəziyyət, onun regional və qlobal təhlükəsizliyə təsiri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə iştirakçı ölkələr tərəfindən Əfqanıstandakı böhranın, ilk növbədə, ciddi humanitar fəsadlar törətdiyi və onların aradan qaldırılmasında beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.

Sonda Əfqanıstanda humanitar vəziyyətin sabitləşməsi istiqamətində İslam Əməkdaşlıq Təşkilatı tərəfindən atılacaq praktiki addımları özündə əks etdirən yekun qətnamə qəbul edilib.

Qətnamədə İslam İnkişaf Bankının himayəsi altında Humanitar Etimad Fondunun yaradılması, habelə Əfqanıstan Ərzaq Təhlükəsizliyi Proqramının təsis edilməsi qərara alınıb.

İƏT-in Əfqanıstanda vəziyyətin sabitləşməsi istiqamətində səylərinin daha səmərəli əlaqələndirilməsi məqsədilə Təşkilatın Əfqanıstan üzrə xüsusi nümayəndəsi vəzifəsi təsis edilib, habelə İƏT-in Əfqanıstandakı missiyasının iqtisadi və insan resursları baxımından gücləndirilməsi qərara alınıb. İƏT Baş katibinin Humanitar, mədənı və aılə məsələləri üzrə müavini Tarıq Əli Baxet Təşkilatın Əfqanıstan üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub.

İƏT-in 57 üzv dövləti adından qəbul edilən yekun qətnamədə Əfqanıstandan əhalinin təxliyəsi ilə bağlı və bu xüsusda mühüm rol oynayan ölkələrə dair ayrıca bənd öz əksini tapıb. Həmin dövlətlər arasında Azərbaycan Respublikasının Əfqanıstandan mülki əhalinin təxliyəsi prosesində oynadığı mühüm rol təqdir edilib.

Azərbaycan Respublikası İƏT-in məsuliyyətli üzvü kimi və Islam həmrəyliyinə sarsılmaz sadiqliyindən irəli gələrək, Əfqanıstanda humanitar böhranın nəticələrinin beynəlxalq birliyin, o cümlədən İƏT-in üzv dövlətlərinin birgə addımları sayəsində aradan qaldırılmasının tərəfdarıdır və bu istiqamətdə atılan addımlara töhfə verməkdə davam edəcək.

AZƏRTAC