Azərbaycan dünyanın güclü idman ölkələrindəndir
İdman

Azərbaycan dünyanın güclü idman ölkələrindəndir

2022-ci il Azərbaycan üçün demək olar ki, bütün sahələrdə məhsuldar, uğurlu il olmuş, bir çox əlamətdar hadisələrlə yadda qalmışdır. Həyata keçirilən islahatlar sayəsində ölkəmiz dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdi. Yola saldığımız ildə sosial, siyasi, iqtisadi və mədəni sahələrdə olduğu kimi, idmanda da böyük uğurlar qazanıldı. Ölkəmizdə bütün dövrlərdə idmana, onun inkişafına böyük diqqət və qayğı göstərilmişdir. Qazanılan uğurların təməlində isə düşünülmüş, uzaqgörən siyasət durur. İdmançılarımız beynəlxalq idman arenalarında ölkəmizə böyük uğurlar qazandırırlar. Azərbaycan idmanını ləyaqətlə təmsil edən gənclərimiz beynəlxalq yarışlarda qazandıqları uğurlarla bərabər, dünyanın gözü qarşısında himnimizi səsləndirir, bayrağımızı qürurla dalğalandırırlar.

Yanvar ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdə iştirak edərək idmançılarla görüşmüşdür. Prezident çıxışında ötən ilin Azərbaycan idmanı üçün uğurlu il olduğunu və qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini qeyd edərək demişdir: "Əziz dostlar, bu gün biz ilin idman yekunlarını müzakirə edəcəyik. Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir".

Dövlət başçısı bildirmişdir ki, ötən il idmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar. Onlardan 300-ə yaxını qızıl medaldır. Əlbəttə, bu da danılmaz faktdır ki, qazanılan uğurlar heç də asan başa gəlməmişdir. Dünya, Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edən idmançılarımızın uğurlu çıxışına toxunan Prezident 5 il qabaq Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında ölkəmizin komanda hesabında birinci yeri qazanmasından da söz açmışdır. Türkiyənin Konya şəhərində keçirilən yarışda Azərbaycan 56 ölkə arasında 99 medalla 4-cü yerə layiq görülmüşdür. Bu da ölkəmizdə idman sahəsinə olan diqqətin uğurlu nəticəsidir.

Artıq Azərbaycan dünyanın inkişaf etmiş idman ölkələrindən birinə çevrilmişdir. Bakı son illər bir çox beynəlxalq yarışlara evsahibliyi edir. 2022-ci ilin ilk beynəlxalq yarışı, Bakıda 12-13 fevral tarixlərində batut gimnastikası üzrə Dünya Kuboku olmuşdur. 2022-ci ildə də Azərbaycan gimnastika növləri üzrə 5 dünya səviyyəli yarışa və bir sıra ölkədaxili çempionat və birinciliklərə uğurla evsahibliyi etmişdir. Bakıda keçirilən beynəlxalq yarışların hər birində gimnastlarımız onlara bəslənilən ümidləri doğruldaraq fəxri kürsüdə layiqli yer tutmuşlar. Yarışlar yalnız Bakı şəhərində deyil, bölgələrimizdə də keçirilmişdir. Sevindirici haldır ki, bu sıraya işğaldan azad edilmiş Qarabağ bölgəsi də daxildir. Belə ki, ötən il Şuşada beynəlxalq şahmat yarışları, Suqovuşanda beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndi ətrafında triatlon üzrə yarış keçirilmişdir. Bu da onu göstərir ki, artıq bölgələrimizdə də idman canlanır və inkişaf edir. Bu baxımdan, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır və bu sahədə işlər uğurla davam etdirilir. Yaradılan şərait onu göstərir ki, hələ Azərbaycan bir çox dünya və Avropa yarışlarına evsahibliyi edəcək. Görünən odur ki, 2023-cü il idman sahəsində ötən illərdən daha perspektivli olacaq.

Azərbaycan Prezidenti bildirib ki, işğaldan azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Tədbirin sonunda Prezident İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".