Azərbaycan dünya birliyində etibarlı tərəfdaşdır
Siyasət

Azərbaycan dünya birliyində etibarlı tərəfdaşdır

ABŞ, NATO-Rusiya hərbi danışıqlarının məkanı kimi Bakının seçilməsi ölkəmizə etimadın təsdiqidir

Rusiya, ABŞ və NATO Azərbaycana etibar edir. Bunun əyani təzahürü 2017-2020-ci illəri əhatə edən dövr ərzində bu beynəlxalq qlobal güclərin hərbi rəhbərləri arasında yeddi dəfə aparılmış danışıqların məhz Bakıda reallaşdırılmasıdır.

Son illərdə qloballaşan və qütbləşən dünyamızda ölkəmiz müstəqil siyasəti ilə diqqət çəkir. Təsadüfi deyil ki,  Azərbaycan böyük güclərin dialoq məkanına çevrilib. Həmin görüşlərdə tərəflər hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması, gərginliyin və münaqişələrin yaranması risklərinin azaldılması nöqteyi-nəzərdən birgə işin istiqamətlərini müzakirə edib, əlaqələri gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər. Belə mötəbər görüşlərin məhz Bakıda keçirilməsi Azərbaycanın artan nüfuzundan, önəmindən irəli gəlir.

Sözügedən görüşlərin əhəmiyyəti, orada müzakirə olunan məsələlərin çəkisi və önəmi böyükdür. Məsələn, hələ 2017-ci il fevralın 16-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford paytaxtımızda bir araya gəliblər. Elə həmin il sentyabrın 7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Bakıda görüşüblər. Generallar Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. 2018-ci ilin yanvar ayında NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general V.Gerasimov ilə Bakıda görüşüblər. Bu, sabiq ABŞ prezidenti Barak Obamanın 2013-cü ildə NATO BSQ rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk görüş olub. Beləliklə də NATO və Rusiya generallarının Azərbaycanda davamlı görüşləri baş tutub.  Hər şeydən öncə, qeyd edək ki, NATO ilə Rusiya arasında danışıqların aparılması üçün Azərbaycanın seçilməsi ölkəmizin onların görüşə biləcəyi yeganə məkan olması ilə əlaqədardır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib.

Həqiqətən, bir qədər gözlənilməz səslənsə də, planetimizdə Rusiya-ABŞ və Rusiya-NATO arasında danışıqlar aparmaq üçün yeganə məkan məhz Azərbaycandır və bunun bir neçə amilini qeyd edə bilərik. Əvvəla, ölkəmizin təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri respublikamızın bu statusunu daha da möhkəmləndirib. Digər tərəfdən, dünyada təhlükəsizliyin təmin edilməsi və sülhün qorunması baxımından belə önəmli görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri də dövlət başçısı cənab İlham Əliyevin böyük şəxsi nüfuzu ilə bağlıdır. Azərbaycan Prezidentinin beynəlxalq aləmdə sahib olduğu böyük nüfuz bu məsələdə həlledici rol oynayır. Azərbaycan müstəqil siyasət həyata keçirir və dövlətimiz regional və qlobal proseslərdə fəal aktordur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan nə NATO-nun, nə də  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Buna rəğmən, xarici siyasətdə düzgün seçilmiş prioritetlər və uzaqgörənlik nəticəsində respublikamızın ABŞ, Avropa və Rusiya ilə çox yaxşı münasibətləri vardır, əsası isə budur ki, dünyanın qlobal gücləri ölkəmizə hörmət bəsləyir. Azərbaycan təkcə yerləşdiyi coğrafi məkanda deyil, həmçinin daha geniş arealda sabitləşdirici rol oynamaq potensialına malikdir və tərəflər bunu nəzərə almaya bilməz. Digər tərəfdən, ölkəmiz Şərqlə Qərbin arasında bir körpüdür. Bunun özü isə olduqca mühüm amillərdəndir.

Bundan əlavə, bəzi qlobal məsələlərin gündəmə gəlməsi müxtəlif ölkələri beynəlxalq münasibətlərin aktoru kimi mövcud siyasi reallıqları nəzərə almaqla yanaşı, onları hər hansı tərəfin yanında yer almağa məcbur edir, müxtəlif qütblərə doğru hərəkət etməyə sövq edir. Ancaq, artıq qeyd etdiyimiz kimi, Azərbaycan öz praqmatik siyasəti və siyasi iradəsi olan bir dövlətdir və gözəl başa düşür ki, bu tendensiya beynəlxalq münasibətlərin gələcəyi nöqteyi-nəzərdən istənilən ölkə üçün heç də müsbət geosiyasi nəticələrə gətirib çıxarmayacaq. Belə bir vəziyyətdə olduqca mürəkkəb geostrateji coğrafi ərazidə yerləşməsinə baxmayaraq, ölkəmiz ünsiyyət, əməkdaşlıq  məkanı qismində çıxış etməyi bacarıb. Digər tərəfdən də öz maraqlarını müxtəlif güc mərkəzlərinin maraqları ilə uzlaşdırmağa nail olub. Bu da Prezidentimiz cənab İlham Əliyevin müdrikliyindən, diplomatik məharətindən irəli gəlir.

Biz artıq adət etmişik ki, respublikamız dünyada etibar qazanması nəticəsində bir sıra beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat-kommunikasiya, idman və mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Dünya da buna artıq alışıb. Ancaq bir mühüm məqama diqqət yetirməyi unutmayaq - Azərbaycanda davamlı olaraq keçirilən bütün beynəlxalq tədbirlər yüksək təhlükəsizlik şəraitində baş tutub. Azərbaycanda təhlükəsizlik yüksək səviyyədədir, ölkəmizin yaxşı logistikası-nəqliyyat imkanları, infrastrukturu var. Bu kimi amillər də ayrı-ayrı qütbləri təmsil edən böyük güclərin dialoq, fikir mübadiləsi, müzakirə aparmaq üçün məhz Azərbaycanı seçməsində vacib rol oynayır. Xüsusilə qeyd etmək lazımdır ki, bu səviyyədə təmasların baş verməsi üçün təhlükəsizlik məsələsi mühüm əhəmiyyət kəsb edir. Belə görüşlərdə hər zaman hansısa təxribat baş verə bilər. Bu isə beynəlxalq səviyyədə gərginliklə nəticələnər. Təcrübə göstərir ki, hər iki tərəf Azərbaycanın, onun paytaxtının imkanlarına yaxşı bələddir və Bakıda təhlükəsizlik şəraitinin yüksək səviyyədə təmin ediləcəyinə əmindirlər. Bütün bu səbəblərə görə də danışıqlar aparmaq üçün məkan olaraq artıq yeddi dəfə Bakı seçilmişdir. Bu amil də ölkəmizə dünya miqyasında olan inamı, etimadı daha da artırıb.

Həmçinin beynəlxalq güclər arasında uzun müddətdir gərginlik Orta Şərq, Latın Amerikası, Şərqi Avropada özünü aşkar surətdə büruzə verir. Bunun təzahürlərini regionumuzda da görə bilirik. Bütün bunların fonunda Azərbaycanın zərər görməməsi üçün bu proseslərdən müdrikcəsinə özünü qoruması, dövlət başçısı cənab İlham Əliyevin sabitlik adası kimi xarakterizə etdiyi ölkəmizdə dünya nəhənglərinin - ABŞ, NATO və Rusiya generallarının yeddi dəfə Azərbaycanın paytaxtında görüşməsi ölkəmizə olan hərtərəfli etimadın bariz nümunəsidir.

Məlumdur ki, 2014-cü ilin aprelində Rusiya və NATO arasında münasibətlər gərgin həddə çatmışdır. Nəticədə birbaşa əlaqələrin dondurulmasına qərar verilmişdir. Ancaq sonradan NATO-da əsas söz sahibi olan ABŞ Rusiya ilə əlaqələrin davam etdirilməsi qərarına gəldi. Beləliklə, 16 fevral 2017-ci ildə ABŞ-Rusiya, həmin ilin 7 sentyabr tarixində isə NATO ilə Rusiya Baş Qərargah rəhbərliyi arasında keçirilmiş görüşlərin ən münasib məkanı kimi Bakı seçildi. Bu, Azərbaycan üçün sıradan bir hadisə deyildi. Bütün beynəlxalq birlik anladı ki, Azərbaycanın paytaxtı, hər şeydən əvvəl, artıq dünya miqyaslı strateji şəhər qismində dəyərləndirilir. Artıq qeyd etdiyimiz kimi, Azərbaycan bir çox güc mərkəzləri ilə normal münasibət qurmağa müvəffəq olmuşdur və belə bir uğurlu xarici siyasət kursu həyata keçirən dövlət kimi NATO ölkələri ilə tərəfdaşlıq münasibətlərini yüksək səviyyədə qoruyub saxlaması, həmçinin Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərində olması qlobal dünya gücləri üçün çox əhəmiyyətlidir və yüksək dəyərləndirilir.

Emin QASIMOV,

“Respublika”.