Azərbaycan dövləti hər zaman öz əsgərinin yanındadır
Digər xəbərlər

Azərbaycan dövləti hər zaman öz əsgərinin yanındadır

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamla 27 sentyabr Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunacaq. Əlbəttə ki, bu Sərəncam şəhid ruhlarına, şəhidlərin doğmalarına göstərilən ali ehtiramın təzahürüdür. 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdu. Bu qanlı təxribat nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak oldular. Artıq bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni qəsbkarlarının qanlı cinayətlərinə son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Bu qərar əlbəttə ki, artıq yetişmiş bir tarixi zərurət idi və bütün Cənubi Qafqazın gələcək müqəddəratının müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi.

44 günlük Vətən müharibəsi Ermənistanın Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Çünki 200 il bundan əvvəl, hələ çar Rusiyasının Cənubi Qafqazda forpost ölkə yaratmaq siyasətinə uyğun olaraq tarixi Azərbaycan torpağı olan Qarabağa köçürülən ermənilər bu ərazilərdə məskunlaşdıqları ilk gündən xalqımıza qarşı düşmənçilik və etnik dözümsüzlük sərgiləməyə başlayıblar. Getdikcə öz mövqelərini möhkəmlədən bu gəlmələr bir müddət sonra Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.

1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının "dənizdən-dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Qeyd etmək lazımdır ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair ilk siyasi-hüquqi qiymət Heydər Əliyev tərəfindən verilmiş, ulu öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Birmənalı olaraq demək lazımdır ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edilib. Vətən müharibəsinə qədər davam edən dövr ərzində Azərbaycan Prezidenti daim deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qaytarılmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq, Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. 2003-cü ildən Vətən müharibəsinin başlanmasına qədər ötən 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitliyə, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə dəyişdi. Sonda Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, onu məğlub etdi, tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Məhz bu Qələbə sayəsində Azərbaycan dövləti bu gün qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. Bu gün erməni faşizmi məhv edilsə də, onun təzahürləri hələ də görünməkdədir. Bu, ilk növbədə Ermənistan dövlətinin özü üçün çox təhlükəli tendensiyadır. Revanşizm yolverilməzdir və əgər erməni faşizmi baş qaldırmağa bir də cəhd göstərərsə, Azərbaycanın dəmir yumruğu onun başını bir daha əzəcək. Bunu hər kəs bilməlidir.

Artıq dünya erməni qəsbkarları tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə gördü. Dünyaya Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər təqdim olunub. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Rəsmi İrəvan hərbi cinayətkardır. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuş, 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır.

Azərbaycan bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində məhz vətəndaş məmnunluğu prinsipini əsas amil kimi tutan dövlətdir. "Mən hər zaman qazilərin yanında olacağam", - deyən Prezident cənab İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş oldu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər ölkə Prezidenti İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsinin təzahürüdür. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Aqiyə NAXÇIVANLI,

Milli Məclisin deputatı.