Azərbaycan dövlətçiliyinə xəyanət - Mart hadisələri
Digər xəbərlər

Azərbaycan dövlətçiliyinə xəyanət - Mart hadisələri

1995-ci ilin mart hadisələrindən 28 il ötür. 1995-ci il martın 11-12-də dövlət çevrilişinə silahlı cəhdlərin göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaq oldu. Həmin hadisələri törədənlərin cinayətkar əməlləri unudulmayıb. Belə ki, o dövrdə hakimiyyət hərisi olan bir qrup xəyanətkar, ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər.

AXC-Müsavat iqtidarı dövründə respublika iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılmış, xalqın rifah halı aşağı düşmüşdü. Ulu öndər çox yaxşı bilirdi ki, ölkəmizin yüksək sosial-iqtisadi, elmi-texniki potensialı, təbii sərvətləri respublikanın iqtisadi qüdrətini artırar və ölkəni ağır vəziyyətdən çıxarar. Bundan ötrü iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək və iri şirkətləri Azərbaycana cəlb etmək lazım idi. Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın xahişi və çağırışı ilə siyasi hakimiyyətə ikinci dəfə qayıdanda ölkə demək olar ki, tam siyasi böhran içində idi. Şimalda "Sadval" separatizmi, cənubda Talış-Muğan Respublikası xülyası, qərbdə erməni işğalı, mərkəzdə isə müxtəlif siyasi qüvvələr arasında kreslo davası ölkəni uçuruma yuvarlayırdı. Vətəndaş müharibəsinin başlanması isə an məsələsi idi desək də əslində bu proses lokal şəkildə hazırlanırdı və necə deyərlər, məşqlər keçirilirdi. Məhz belə bir çətin şəraitdə ulu öndər canı qədər sevdiyi xalqının taleyini fikirləşərək yenidən hakimiyyətə gəlməyə razılıq verdi. Tez bir zamanda ölkədə siyasi sabitliyə nail olmaq üçün tədbirlər görməyə başladı. Paralel olaraq torpaqların müdafiəsi və işğal olunmuş ərazilərin azad olunması üçün ordu quruculuğuna start verildi.

1990-cı ilin avqustunda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Daxili İşlər Nazirliyinə tabe olan Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) yaradılmışdı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu birlik Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) adlandırıldı. XTPD ilk dəfə 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhd hadisələrində iştirak etmişdi. Həmin dövrdəki vəziyyətdən, xüsusilə də ölkə Prezidenti Heydər Əliyevin xaricdə səfərdə olmasından istifadə edən OMON-çular Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı siyasi qüvvələrin dəstəyi və onlar arasında əldə edilmiş razılaşmaya əsasən qarşılarına qanuni hakimiyyəti zorla ələ keçirmək məqsədini qoymuşdular. Kifayət qədər materiallar, faktlar sübut edir ki, ayrı-ayrı siyasi partiyalar və siyasi qüvvələr məhz OMON-çuların güc amilindən istifadə edərək Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmağa və özləri hakimiyyətə gəlməyə çalışırdılar. Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirmək üçün tam israrlı idilər. Ovaxtkı və indiki müxalifətin - müsavatçıların, "demokratların", AXCP üzvlərinin və bir çox digər siyasi partiyaların məqsədi min illər boyu həsrətini çəkdiyimiz müstəqilliyi qoruyub inkişaf etdirmək yox, şəxsi maraqlarını, hikkələrini həyata keçirmək idi. 1994-cü il oktyabrın 2-də Surət Hüseynov və Rövşən Cavadovun başçılığı ilə dövlət çevrilişinə silahlı cəhd göstərildi, Mahir Cavadovun rəhbərliyi ilə XTPD-nin və cinayətkar ünsürlərin qüvvələri respublika prokurorluğuna silahlı basqın etdilər, vəzifəli şəxslər barədə zorakılıq tətbiq etdilər, prokurorluğun işini pozdular, dövlət əmlakına ziyan vurdular. Mahir Cavadov əvvəlcədən düşünülmüş plan üzrə vəzifələrin həyata keçirilməsini davam etdirmək üçün Surət Hüseynova və Rövşən Cavadova məlumat verdi. Surət Hüseynovun Gəncədə yerləşən qanunsuz silahlı dəstələri onun göstərişi əsasında silahlı basqın yolu ilə Gəncə şəhərində icra hakimiyyətini, hüquq-mühafizə orqanlarını, dövlət əhəmiyyətli obyektləri ələ keçirdilər və öz hərəkətlərini digər rayonlarda davam etdirməyə çalışdılar. Rövşən Cavadov məsləkdaşları ilə birlikdə hakimiyyət orqanlarını qanunsuz güzəştlərə və vəzifəli şəxsləri istefa verməyə məcbur etmək üçün bəyanatlar, tələblər irəli sürməyə başladı. Lakin müdrik siyasi xadim Heydər Əliyevin qətiyyəti və siyasi uzaqgörənliyi bu dövlət çevrilişinin də qarşısını aldı.

Ölkəmiz müstəqilliyini bərpa etdiyi ilk illərdə müəyyən təxribatlar, dövlət çevrilişinə cəhdlərlə üz-üzə qaldı. Ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqın qüdrətli liderini dəstəkləməsi nəticəsində dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək istəyənlərə birdəfəlik son qoyuldu. 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və ulu öndərimizə dövlət quruculuğunda, iqtisadi, sosial, siyasi və mədəni həyatda genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı.

Nurlan ABDALOV,

"Respublika".