Azərbaycan Dillər Universitetinə mediatur təşkil olunub
Sosial həyat

Azərbaycan Dillər Universitetinə mediatur təşkil olunub

Azərbaycan Dillər Universitetində (ADU) 2021-2022-ci tədris ilinin qış imtahan sessiyası başlanıb. Bununla əlaqədar yanvarın 7-də universitetə mediatur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mediaturda Milli Məclisin deputatları, təhsil ekspertləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Qonaqlar əvvəlcə imtahan prosesini izləyiblər. Daha sonra ADU-nun rektoru akademik Kamal Abdulla ilə görüş keçirilib. Rektor onlara universitetin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Dillər Universiteti öz elmi potensialını günü-gündən artırmaqdadır. Tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. ADU-da 20-dən artıq dil tədris olunur. Universitetdə müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Universitet öz beynəlxalq əlaqələrindən istifadə edərək xarici ölkələrin universitetlərində Azərbaycan dili və mədəniyyəti mərkəzlərini yaratmağa nail olub: "Məqsədimiz imkanlarımız daxilində Azərbaycanın dilini, mədəniyyətini təbliğ etmək, ölkəmizin tanıdılmasına töhfə verməkdir".

Rektor bildirib ki, qış imtahan sessiyası fevralın 5-dək davam edəcək. Hazırda Azərbaycan Dillər Universitetində 7 mindən çox tələbə təhsil alır. Gün ərzində universitetin korpuslarında ümumilikdə 1500 tələbə imtahan verir. İmtahanların keçirilməsi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"ə və Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na ciddi riayət olunduğu qeyd edilib.

Akademik Kamal Abdulla Milli Məclisin deputatları, təhsil ekspertləri və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, ADU-da 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, habelə imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsinə kömək etmək məqsədilə İmtahan Qərargahı fəaliyyət göstərir.

Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu "Qaynar xətt" elan edilib.

AZƏRTAC