Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin tarixi xidmətlərindəndir
Siyasət

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin tarixi xidmətlərindəndir

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə siyasi fəaliyyətinin təməlini milli-mənəvi dəyərlərimiz təşkil edirdi. Sovet hakimiyyəti illərində bu nə qədər çətin və böyük hünər tələb etsə də, ulu öndərimiz bütün bu işlərin öhdəsindən ləyaqətlə gəlirdi. Azərbaycan dili məsələsi də daim onun diqqət mərkəzində olub. Ana dilinin qorunması, inkişaf etdirilməsi, mütəmadi olaraq zənginləşdirilməsi, bu sahə üzrə mütəxəssislərin hazırlanmasına xüsusi qayğı ilə yanaşırdı. Bu istiqamətdə vacib və cəsarətli qərarlar qəbul edirdi. Məhz ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bunu ulu öndərin xalqımız və dövlətimiz qarşısında ən böyük tarixi xidmətlərindən biri hesab edirik. Ümummilli liderimiz bu addımı ilə milli varlığımızın təminatçısı olan dilimizi məharətlə qorumuş oldu.

Ulu Öndərin dilimizin qorunması və inkişafı istiqamətində gördüyü işlər dövlətimizin başçısı cənab İlham Əliyevin diqqəti sayəsində dilimizin bugünkü inkişaf səviyyəsi və zənginliyi imkan verir ki, mürəkkəb və dərin fikirləri, düşüncələri, hissləri, incə çalarları aydın tərzdə ifadə edək. Söz bazasının bol olması, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları dilimizin qədim tarixini, inkişafının bugünkü zirvəsini və kamilliyini bir daha təsdiqləyir. Ən dəyərli milli sərvətimiz olan dilimizi göz bəbəyi kimi qorumaq, ona daim qayğı ilə yanaşmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin müqəddəs vətəndaşlıq borcudur.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.