Azərbaycan-Çin: qarşılıqlı etimada əsaslanan münasibətlər
Siyasət

Azərbaycan-Çin: qarşılıqlı etimada əsaslanan münasibətlər

1991-ci il dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması və 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulması Azərbaycan-Çin əlaqələrinin başlanğıc mərhələsi hesab olunur. Beynəlxalq əlaqələrin davamı olaraq 1992-ci ilin avqustunda ÇXR-in Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. Daha sonra Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyi açılmışdır.

Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini prioritet hesab edən Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələr qurmağa böyük önəm verir. İki ölkə arasında rəsmi səfərlər diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etmişdir. Bunun ilki olaraq 1994-cü il 7-10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çin Xalq Respublikasında rəsmi səfərini qeyd etmək olar. Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin, Baş naziri Li Pen ilə rəsmi görüşlər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanmışdır. Martın 9-da Prezident Heydər Əliyev Pekində - Beynəlxalq Ticarətin İnkişafına Yardım Komitəsində çıxışı zamanı ikitərəfli əlaqələrin önəmini vurğulamışdır: "Üçüncü gündür ki, ölkənizdə, onun paytaxtı - gözəl şəhər olan Pekindəyik və bu üç gündə bir çox məsələlər barəsində fikir mübadiləsi etməyə və hətta bir sıra mühüm sənədlər imzalamağa macal tapmışıq. Bu sənədlər Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin, ən əvvəl ticarət sahəsində və iqtisadiyyatın digər sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinə yönəldilmişdir. Ölkənizə gəldiyimiz andan həm ali dövlət rəhbərliyi tərəfindən, həm də işlə əlaqədar bizimlə ünsiyyətdə olanların hamısı tərəfindən əhatə edildiyimiz səmimi dostluq mühitini ilk növbədə qeyd etmək istərdim. Açığını deyirəm, biz özümüzü evimizdəki kimi hiss edirik. Bu, olduqca vacibdir, çünki biz Çin Xalq Respublikası ilə dostluq münasibətləri yaratmağa çalışırıq. Odur ki, bu səfər, Azərbaycan Prezidentinin Çinə ilk səfəri məhz belə münasibətlər yaradılmasının və bu münasibətlərin inkişaf etdirilməsinin zəruriliyindən irəli gəlir".

Ölkə başçımız İlham Əliyevin 2005-ci il 17 mart tarixində Çinə rəsmi səfəri beynəlxalq ictimai məsləhətləşmələrin fəallaşdırılmasını və inkişaf modelləri arasında qarşılıqlı faydalanmaya kömək edilməsini əhatə etmişdi. Tərəflər birgə səylər nəticəsində Azərbaycan-Çin münasibətlərinin siyasi, iqtisadi və mədəni əsaslarının daha da möhkəmləndiyini məmnunluqla vurğulamışlar. Azərbaycan ilə Çinin ənənəvi dostluq münasibətlərini möhkəmləndirməyə, daha müxtəlif sahələrdə əlaqələri genişləndirməyə, beynəlxalq məsələlər üzrə əməkdaşlığı fəallaşdırmağa və bütün dünyada sülh və sabitliyin təmin olunmasına səy göstərdikləri diqqətə çatdırılmışdır. Tərəflər ölkələrinin hərtərəfli əməkdaşlığı üçün yeni imkanların yaranması baxımından İpək Yolu İqtisadi Kəmərinə dair Çinin təşəbbüsünü dəstəkləmiş və bu təşəbbüsün həyata keçirilməsi üçün birgə səylər göstərməyə hazır olduqlarını bildirmişlər. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu"nun imzalanması yaranmış imkanlardan istifadə etməyə, istehsalat sahəsində, infrastruktur tikintisi, energetika, kimya və yüngül sənaye, maşınqayırma, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə əməkdaşlığı möhkəmləndirməyə imkan vermişdir. Münasibətlərin inkişafı kimi maliyyə sahəsində ikitərəfli ticarət və sərmayələrdə milli valyuta ilə hesablaşmaq imkanlarının öyrənilməsi üzrə əməkdaşlığın davam etdirilməsini, ticarət və sərmayələr üçün əlverişli şəraitin yaradılmasına yardım göstərilməsini banklar arasında əməkdaşlığın genişləndirilməsini və birgə layihələrə maliyyə dəstəyini qeyd etmək olar.

Bu gün Çinlə iqtisadi əlaqələrin inkişafına əlavə imkanlar yaranmışdır. Belə ki, iki ölkə arasında yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, elektron ticarət, yaşıl enerji, süni intellekt və böyük data kimi sahələrdə əməkdaşlıq imkanları kifayət qədər genişdir. Çin şirkətləri üçün ölkəmizdə inkişaf etmiş infrastruktur, xüsusən də nəqliyyat-tranzit imkanları, bir çox sahələr üzrə xammalın mövcudluğu, əlverişli biznes mühiti və ən əsası, siyasi və iqtisadi sabitlik cəlbedicidir. Xüsusən, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin mövcudluğu Azərbaycanın regional dəyər zəncirlərində rolunu və Çin şirkətlərinin ölkəmizi regional mərkəz kimi seçmə səbəblərini artırır.

Zəngəzur dəhlizinin günbəgün artan önəmi Çin tərəfindən maraqla qarşılanır. Dünya iqtisadiyyatının lider ölkələrindən olan Çindən gələn yüklərin Mərkəzi Asiya qolu ilə daşınması və eləcə də Süveyş kanalından keçən dəniz nəqliyyat yolu üçün alternativ rol oynayan dəhlizin formalaşdırılması Zəngəzur dəhlizinin vacib geoiqtisadi məkana çevrilməsinə şərait yaradır. Təxminən 16,48 trilyon dollar ÜDM-ə sahib ölkənin bu dəhlizdən yararlanması ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb edir. Dəhlizin digər bir regional önəmi Çin tərəfindən təşəbbüs edilən "Bir kəmər, bir yol" layihəsinə verə biləcəyi töhfədir. Zəngəzur dəhlizi kimi alternativ nəqliyyat arteriyalarının olması iqtisadi əhəmiyyətə malikdir. Müxtəlif istiqamətdə aparılan əməkdaşlıq hər iki ölkə üçün faydalı olmaqla yanaşı, həm də ölkələrin bir-birinə qarşılıqlı dəstək göstərməsi baxımından da əhəmiyyətlidir.

Nurlan ABDALOV,

"Respublika".