AZƏRBAYCAN-ÇİN MÜNASİBƏTLƏRİ BÖYÜK ETİMADA, ORTAQ DƏYƏRLƏRƏ ƏSASLANIR
SİYASƏT

AZƏRBAYCAN-ÇİN MÜNASİBƏTLƏRİ BÖYÜK ETİMADA, ORTAQ DƏYƏRLƏRƏ ƏSASLANIR

Davos Forumu çərçivəsində dövlət başçımızın səsləndirdiyi fikirlər iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir

Bir neçə gün bundan əvvəl öz işini yekunlaşdırmış növbəti Davos Forumu əlamətdar hadisələrlə yadda qalmışdır. İlk növbədə qeyd edilməlidir ki, İsveçrənin Davos şəhərində keçirilən əvvəlki tədbirlərdə də olduğu kimi, Azərbaycan xüsusi diqqət mərkəzində idi. Dövlətimizin başçısı İlham Əliyevin çoxsaylı görüşləri, aparılan danışıqlar onu göstərir ki, dövlətimiz sözün həqiqi mənasında nüfuzlu beynəlxalq aktora çevrilmişdir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan-Çin münasibətlərinin forum çərçivəsində də gündəmdə olması iki ölkə arasında davamlı inkişaf edən münasibətlərin yüksək səviyyəyə qədəm qoymasının göstəricisidir. Bu da təsadüfi deyil, əvvəla, ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində hər iki ölkənin dövlət başçıları arasında mövcud olan dostluq əlaqələri əsas rol oynayır. Bununla yanaşı, Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, qarşılıqlı etimada əsaslanan əlaqələrin daha da inkişaf etməsi üçün mümkün olanı edir.

Ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursunda dünya ölkələri, o cümlədən Asiyanın böyük dövlətləri ilə olan əlaqələr təqdirəlayiqdir.

Regionda, dünyada Azərbaycanla bağlı baş verən hadisələr, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa önəm verməsi ölkəmizlə münasibətlərin qurulmasında maraqlı olduqlarını birmənalı şəkildə göstərmiş olur. Bu baxımdan, Azərbaycan-Çin əlaqələri dövlətimizin xarici siyasətində xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Çin ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. İki ölkə arasında ticarət, iqtisadi, diplomatik, siyasi, hərbi, humanitar və mədəni sahələrdə əməkdaşlıq inkişaf edir. Hər iki ölkənin dövlət başçıları arasında keçirilən görüşlər, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında "Bir kəmər, bir yol" Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi "Çinin böyük dostu" adlandırması təsadüfi deyil. Qarşılıqlı münasibətlər böyük uğurların əldə olunmasında əsas amildir.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində ifadə olunan fikirlər Azərbaycanla Çin arasında dostluq, qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu bir daha göstərir. Dövlətlərarası diplomatik münasibətlərdə ötən dövr ərzində mövcud əməkdaşlıq üçün çox möhkəm siyasi platformanın yaradılmasının böyük önəmi var: "30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik" - deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, indi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu, çox mühümdür, çünki yeni çağırışlar, problemlər və imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik.

 Son illər ərzində iki dövlət liderinin səyləri nəticəsində Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələr xeyli genişləndirilib. Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapmış oldu. Çin hökuməti Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib: "Bir kəmər, bir yol" təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək, son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik", - deyə cənab Prezident bildirib.

 Sirr deyil ki, Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə davamlı əməkdaşlıq edir. Azərbaycanın "Bir kəmər, bir yol" strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman vurğulayırlar.

 Azərbaycan Prezidenti müsahibəsində Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində həyata keçirilən birgə fəaliyyəti də əlavə edib. Azərbaycanda buna böyük potensial olduğunu bildirən dövlət başçısı Çində böyük texnoloji nailiyyətlərin mövcudluğunu diqqətə çatdırıb. Azərbaycanın prioritetlərinə gəldikdə isə, bərpaolunan enerji mənbələrinin Azərbaycan üçün indi əsas məsələlərdən birinə çevrildiyini vurğulayıb: "Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Çünki Avropada baş verən yaşıl enerjiyə keçiddən xəbərimiz var. Eyni zamanda, Azərbaycan neft və təbii qazın təchizatçısıdır. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq", - deyə dövlətimizin başçısı bildirib.

Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib. Çində qeyd olunacaq Bahar bayramı münasibətilə bütün Çin xalqını təbrik edən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan ilə Çin arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini bundan sonra da birgə səylərimizlə uğurla inkişaf etdirmək və genişləndirmək əzmindədir.

Göründüyü kimi, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlıq yüksələn xətlə davam edir və bu əlaqələri daha da inkişaf etdirmək üçün geniş potensial mövcuddur. Şübhəsiz, Azərbaycan ilə Çin arasındakı dostluq əlaqələri daha da möhkəmlənəcək və ölkələrimizin gələcək rifahına öz töhfəsini verəcəkdir.

Emin QASIMOV,

"Respublika".