Azərbaycan Cənubi Qafqazda sülh prosesinin sürətləndirilməsində maraqlıdır
Siyasət

Azərbaycan Cənubi Qafqazda sülh prosesinin sürətləndirilməsində maraqlıdır

30 il ərzində işğal altında olan Qarabağ torpağı Azərbaycanın müzəffər ordusu tərəfindən azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, tarixi haqsızlığa son qoyuldu, öz yurdlarından didərgin düşmüş insanlar doğma torpaqlarına qayıtmaq imkanı qazandı...

İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbə bölgədə yeni mənzərə yaradıb. Bu, bir tərəfdən təhlükəsizlik amili, digər tərəfdən isə yeni iqtisadi əməkdaşlıq imkanlarıdır. Bu qələbə təkcə Azərbaycan üçün deyil, bölgədə yaşayan bütün xalqlar üçün əhəmiyyətlidir.

Müharibə başa çatdı, üçtərəfli saziş imzalandı. Düşünmək olardı ki, bundan sonra Ermənistan bu tarixi dərsdən nəticə çıxararaq, xalqının taleyini düşünəcək, normal həyata qayıtmaq üçün qonşuluq münasibətlərinin nizama salınmasına çalışacaqdır. Təəssüf ki, belə olmadı. Dediklərimizin əksinə olaraq Ermənistanda hökumət tərəfindən təşviq edilən Azərbaycanafobiya artır, faşist ideologiyası davam edir.

Münaqişə artıq keçmişdə qalıb, azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Xarabalığa çevrilən torpaqlarda indi müasir şəhərsalma üsulları, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları tətbiq edilir. Hər şey sıfırdan inşa olunur. Onu da deyək ki, Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür. Təkcə bu il həmin məqsədlə 1,3 milyard ABŞ dolları həcmində vəsait ayrılıb, lakin azad edilmiş ərazilərdə Ermənistan tərəfinin yerləşdirdiyi çoxsaylı mina və digər partlayıcı qurğular işlərin icrasında problemlər yaradır. Ermənistanın kapitulyasiya aktını imzaladığı vaxtdan keçən dövrdə həmin mina və partlayıcı qurğuların işə düşməsi nəticəsində 30 Azərbaycan vətəndaşı həlak olmuş, 130 nəfər isə yaralanmışdır. Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu isə işğaldan azad olunmuş ərazilərdə bərpa prosesini, məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.

Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Yaxud məcburiyyət qarşısında verdikləri mina xəritələrinin dəqiqliyi 25 faiz təşkil edir. Yenə də iş beynəlxalq ictimaiyyətin ümidinə qalır, belə ki, Ermənistan buna məcbur edilməlidir.

Azərbaycan münaqişə başa çatandan sonra iki ölkə arasındakı sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirsə də, bu təkliflərlə bağlı Ermənistan tərəfindən hələ də müsbət reaksiya göstərilməyib. Halbuki, belə bir sazişin imzalanması bu regiona daimi sülh gətirə, hər iki ölkə arasında əməkdaşlığa zəmin yarada bilər. Bu məqsədə çatmaq üçün bir neçə mühüm amil var ki, onlardan biri də nəqliyyat layihələrinin icrasıdır. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin region üçün yeni imkanlar yaradacağı isə məlum bir həqiqətdir.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrindəki çıxışında deyib: “Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”.

Bir sözlə, Azərbaycan hökuməti regionda dayanıqlı sülhün, təhlükəsizliyin və rifahın təmin olunması üçün bütün lazımi addımları atır, beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması istiqamətində Ermənistana açıq şəkildə çağırışlar edilir. Bu fundamental prinsiplərə riayət ediləcəyi təqdirdə, Ermənistanla münasibətlərin normallaşdırılmasının mümkünlüyü bildirilir.

Bu ilin may ayında Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzində keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə iştirak edən Azərbaycan Prezidenti Cənubi Qafqaz regionunda baş vermiş kəskin dəyişikliklər fonunda bu mövzuda tədbirin təşkilinin vacibliyini vurğulayaraq: “...hesab edirəm ki, bu, çox yerinə düşən tədbirdir” - deyib.

Təbii ki, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Regionda bu gün regional inkişaf və əməkdaşlığa böyük ehtiyac var və bu da tərəflərin məsələyə münasibətindən asılıdır. İlk növbədə, hətta ordusu belə darmadağın edilən, siyasi böhran içərisində olan, cəmiyyətdə inamsızlığın hökm sürdüyü ölkə olaraq Ermənistan öz mövqeyini dəyişməlidir. Azərbaycan Prezidentinin dediyi kimi: “Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır”.

Azərbaycan Prezidenti bununla həm də ölkəmizin hər cür əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıq olduğunu bildirir, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha birgə yaşamanı öyrənməliyik. Əlbəttə, bu da asan deyil.

“Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Latviyanın sabiq prezidenti Valdis Zatler Azərbaycan Prezidentinə ünvanladığı sualda deyirdi: “... Gəlin, bir az gələcəyi təsəvvürümüzə gətirək. Siz bir gün Ermənistan ilə Azərbaycan arasında hərtərəfli sülh sazişinin, ola bilsin regionun bütün ölkələri ilə təhlükəsizlik sazişinin olacağını təsəvvürünüzə gətirə bilərsinizmi?..”

Azərbaycan Prezidenti İlham Əliyev: “Mən tamamilə əminəm ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi mümkündür. Bundan əlavə, sizə deyə bilərəm ki, nisbətən qısa müddətdə buna nail olmaq da mümkündür. İndi çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır. Çünki mən dəfələrlə açıq şəkildə demişəm ki, Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır və əlbəttə, bu saziş imzalansa, təhlükəsizliklə, gücün tətbiq edilməməsi, cari vəziyyətlə əlaqədar reallıqların qəbul olunması ilə bağlı məsələlər bu sülh sənədinin ayrılmaz tərkib hissəsi olacaq...”.

Bütün bunlar üçün Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır, çünki Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və buna şübhə yoxdur. Digər tərəfdən onlar Dağlıq Qarabağın statusu haqqında xülyalarından da vaz keçməlidirlər. Ölkə başçısının dediyi kimi: “Bu, müzakirə predmeti olan məsələ deyil”. Bu gün Cənubi Qafqazda Azərbaycanla Gürcüstan arasında çox səmərəli əməkdaşlıq formatı mövcuddur. Regionda regional əməkdaşlıq üçün, xüsusən də enerji ilə bağlı sahələrdə böyük potensial var və potensial olaraq Azərbaycan Ermənistana enerji resurslarının təchizatçısı da ola bilər. Bu, mümkündür və Sovet dövründə bu olub, Azərbaycan Ermənistanı enerji resursları ilə təchiz edib”.

Yeri gəlmişkən deyək ki, regionda yaranmış real vəziyyətlə bağlı məsələlər bu günlərdə Bakıda baş tutan Azərbaycan Prezidentinin Gürcüstanın baş naziri ilə görüşündə də müzakirə obyekti olub. Azərbaycan Prezidenti regionda sülh və əməkdaşlıqdan danışarkən deyib: “İki qardaş ölkə arasında siyasi dialoq həmişə fəal olub və indi də fəal olmaqda davam edir. Biz xarici siyasətlə bağlı məsələlərdə sıx əməkdaşlıq edirik, xüsusilə indi yeni çağırış və imkanlar olan regionumuzda.

Əlbəttə ki, ölkələrimiz arasında siyasi əlaqələrin gücləndirilməsi nəinki təkcə bizim xalqlarımız üçün, eyni zamanda, bütün region üçün önəmlidir”.

Zümrüd QURBANQIZI,

“Respublika”.