Azərbaycan-Bolqarıstan: mədəni əlaqələr genişlənir
Siyasət

Azərbaycan-Bolqarıstan: mədəni əlaqələr genişlənir

Heydər Əliyev Fondu bu istiqamətdəki fəaliyyətilə ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə töhfələr verir

Bu gün qloballaşan dünyamızda dövlətlər arasında iqtisadi əlaqələrin və tədricən vahid dünya iqtisadi məkanının yaranması xalqların mədəniyyətlərinin, mədəni düşüncələrinin bu reallığın tələblərinə uyğun olaraq formalaşmasını zəruri edir. Heydər Əliyev Fondu da yarandığı gündən öz fəaliyyətində Azərbaycan mədəniyyəti incilərinin qorunması və təbliğini başlıca prioritet kimi müəyyənləşdirib.

Zəngin dünyəvi dəyərə malik maddi və mənəvi irsimiz Azərbaycanın tarixi sərvəti, bəşəri irsə verdiyi ən böyük töhfəsidir. Şərqlə Qərb arasında keçid rolunu oynayan, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən ölkəmizin mədəni-mənəvi dəyərlərinin tanıdılması, Azərbaycan gerçəkliklərinin dünyəvi qiymətləndirilməsi istiqamətində Heydər Əliyev Fondu uğurla fəaliyyət göstərir.

Fond təhsil, mədəniyyət, maarif, elm, texnologiya, ekologiya və idman sahələrində müxtəlif layihələrə dəstək verməklə, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə kifayət qədər nüfuz qazanıb. Xarici ölkələrdə də sosial layihələr həyata keçirən Fond Haitidə, İranda, Türkiyədə, Pakistanda zəlzələnin, Rumıniyada təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım etmişdir. 2011-ci ilin sentyabrında Fransa Prezidenti Hikola Sarkazinin dəstəyi və Fransa Terror Qurbanları Assosiasiyası, eləcə də Beynəlxalq Terror Qurbanları Təşkilatının təşəbbüsü ilə Parisdə terrorizm qurbanlarına həsr olunmuş 7-ci Beynəlxalq Konqresin keçirilməsinə maliyyə yardımı göstərmişdir. 2012-ci ilin fevralında Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yenidən qurulmuş "Dostluq parkı", 2013-cü ildə "Görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz", 2013-cü ildə Rusiyanın Volqoqrad şəhərində "Volqoqrad-Bakı Dostluq Parkı", 2012-ci ilin sentyabrında Həştərxanda "Rusiya-Azərbaycan Dostluq Körpüsü", 2018-ci ildə "Azərbaycan Biznes Məktəbi" istifadəyə verilmişdir.

Heydər Əliyev Fondunun dünya mədəni irsinin bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada aşağı Normandiyadakı kilsə və Luvr muzeyi, müqəddəs Marçellino və Pietro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastian katakombaları, İtaliyada Kapitoli muzeyində filosoflar zalı, Bolqarıstanda "Trapezitsa" muzeyi və digər bu kimi bir çox layihələri əhatə edib.

Hələ 2015-ci ildə Heydər Əliyev Fondu Bolqarıstanın Veliko Tırnovo şəhərindəki "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun bərpası işlərini həyata keçirmək məqsədilə Sofiyada qoruğun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında saziş imzalayıb. Bununla əlaqədar Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev, Fondun icraçı direktoru Anar Ələkbərovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Veliko Tırnovo şəhərində olub. Nümayəndə heyətini qarşılayan Veliko Tırnovo şəhər bələdiyyəsinin meri Daniel Dimitrov "Trapezitsa" Memarlıq Muzeyi Qoruğu və burada təmir-bərpa işlərinə ehtiyacı olan tarixi mədəniyyət abidələri barədə məlumat verib. O, abidənin bolqar xalqının zəngin mənəvi dəyərlərindən biri olduğunu diqqətə çatdıraraq belə bir mədəniyyət qoruğunun Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir edilməsi təşəbbüsünü yüksək qiymətləndirib və bu nəcib missiyanın həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Son illər Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyilə istər Azərbaycanda, istərsə də dünyanın bir çox ölkələrində qədim mədəniyyət abidələrinin bərpa edildiyini diqqətə çatdıran Fondun icraçı direktoru Anar Ələkbərov Bolqarıstan tarixinin bir parçası olan "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun Azərbaycan tərəfindən yenidən qurulmasının ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına xüsusi təkan verəcəyini deyib. O, son illər Azərbaycanda dini məbədgahların, mədəniyyət ocaqlarının tikintisinə və bərpasına xüsusi diqqət yetirildiyini bildirib və Heydər Əliyev Fondunun Avropanın ən məşhur abidələrindən biri olan "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun bərpa olunması layihəsinə imza atmasının mühüm əhəmiyyətindən danışıb. İcraçı direktor bu layihənin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi diqqət mərkəzində olduğunu deyib.

Sonra Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova abidənin bərpa edilməsinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib və bu hadisəni ölkələrimiz arasında möhkəm dostluq körpüsü adlandırıb.

2016-cı il sentyabrın 22-də Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyilə bərpa olunan "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun açılışı olub. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılış mərasimindəki çıxışında deyib: "Bizim görüşümüz əlamətdar bir gündə - Bolqarıstanın Müstəqillik Günündə keçir. Bu bayram münasibətilə bütün bolqar xalqını ürəkdən təbrik edir, sülh və firavanlıq diləyirəm. Mən, eyni zamanda sizi "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun bərpadan sonra açılışı münasibətilə təbrik edirəm. Mənə çox xoşdur ki, bu mədəniyyət-muzey mərkəzinin bərpasına Heydər Əliyev Fondu öz töhfəsini verib… "Trapezitsa" qoruğu bütün bolqar xalqının milli sərvətidir, eyni zamanda, o, ümumavropa mədəni irsidir".

Qeyd edək ki, sazişə əsasən Heydər Əliyev Fondu tarixi abidədə 150 metr uzunluğunda qərb divarının konservasiyası və bərpası, 700 metr uzunluğunda turist xiyabanının inşası, mədəniyyət mərkəzinin yaradılması və təchiz olunması, ərazidəki 3 kilsənin təmiri və konservasiyası, qoruğa gələn qonaqlar üçün nəqliyyat infrastrukturunun yaradılması kimi işləri həyata keçirib.

Bu il sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ölkələrimiz arasında mədəni əlaqələrin inkişafından danışarkən demişdir: "Mədəniyyət sahəsinə gəldikdə, biz Heydər Əliyev Fondunun töhfəsini heç vaxt unutmuruq. Bizim mədəni irsimizin mühafizə edilməsi, qorunması sahəsində tarixi paytaxtımız olan Tırnovada reallaşdırılan layihədən söhbət gedir".

COVID-19 pandemiyası əleyhinə həyata keçirilən beynəlxalq səylərə töhfə qismində isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstan Respublikasının Sofiya şəhərində yerləşən "Həkimlərin İxtisaslaşma və Təkmilləşdirilməsi İnstitutu - Tsaritsa Yoanna Xəstəxanası"na Almaniya istehsalı olan 10 ədəd oksigen konsentratoru aparatı (ağciyərlərin süni havalandırma) təqdim edilib.

Heydər Əliyev Fondunun həyata keçirdiyi bu layihələr xeyirxahlıq və humanistlik, mənəvi zənginlik baxımından da fərqlənir. Məqsəd isə müxtəlif mədəniyyətlər arasında kəsişən nöqtələri tapıb qloballaşan dünyada sülh şəraitində birgəyaşayışı təmin etməkdir. Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin, dəyərlərin, Qərb və Şərq təsirlərinin qovşağı kimi birgəyaşayışa əyani sübutdur.

Ümummilli liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, xalqımızın gələcəyi naminə bir sıra əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilmiş, qarşıya qoyduğu vəzifələri lazımınca yerinə yetirmək iqtidarında olduğunu təsdiq etmişdir. Məhz Fondun misilsiz xidmətləri nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır, ölkəmizin siyasi, ictimai və mədəni mənzərəsi yüksək səviyyədə əks olunur.

Fondun dünya ölkələri ilə mədəni əlaqələrinin genişlənməsi isə Azərbaycana dost dövlətlərin sayının artması istiqamətində də öz töhfələrini verir.

Zümrüd QURBANQIZI,

"Respublika".