Azərbaycan Avropaya
İQTİSADİYYAT

Azərbaycan Avropaya "yaşıl enerji" ixrac etməyi planlaşdırır

Elektrik enerjisi mübadiləsi sahəsində Azərbaycan Gürcüstan ilə ikitərəfli, eləcə də Gürcüstan və Türkiyə ilə üçtərəfli faydalı əməkdaşlıq edir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisidə səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir qeyd edib ki, hazırda bu ölkələr arasında elektrik enerjisi bağlantıları və elektrik enerjisinin mübadiləsi həyata keçirilir. Azərbaycanın istehsal etdiyi elektrik enerjisinin Gürcüstandan keçməklə Türkiyəyə ixracı sahəsində yaxşı təcrübəmiz var. Biz bu təcrübədən istifadə edərək "yaşıl enerji" satışını da genişləndirmək istəyirik.

"Azərbaycanın bərpa olunan enerji sahəsində böyük planları var. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində biz yaşıl enerji ixracını da planlaşdırırıq. Həmin planı həyata keçirmək üçün Azərbaycanın daxili istehlakından daha çox "yaşıl elektrik enerjisi" istehsalı nəzərdə tutulur. Burada da biz Gürcüstanla əməkdaşlıq edərək "yaşıl enerji"ni Azərbaycan-Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya ixrac etmək istəyirik", - deyə Pərviz Şahbazov vurğulayıb.

AZƏRTAC