Azərbaycan Avropaya təbii qazın yeni və etibarlı  təchizatçısıdır
İQTİSADİYYAT

Azərbaycan Avropaya təbii qazın yeni və etibarlı  təchizatçısıdır

Azərbaycan beynəlxalq enerji layihələrinin gerçəkləşdirilməsində maraqlı tərəflərlə əməkdaşlığını genişləndirməkdədir. Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə hələ 2002-ci ilin fevralında Türkiyə, Bolqarıstan, Rumıniya və Avstriyanın qaz şirkətlərinin danışıqları nəticəsində “Nabukko” layihəsi irəli sürüldü. Həmin dövrdə bu kəmər vasitəsilə Avropanın əsas qaz təchizatçıları kimi İraq, İran və Yaxın Şərq ölkələri nəzərdə tutulurdu. Azərbaycan o zaman hələ qaz potensialı ilə tanınmırdı.

2006-cı ildə “Şahdəniz”dən qaz hasilatının başlanması və Bakı-Tbilisi-Ərzurum boru kəmərinin istifadəyə verilməsilə Azərbaycan yeni qaz təchizatı mənbəyi kimi diqqət mərkəzinə gəldi. 2007-ci ildə “Nabukko” kəmərinin tikintisi üzrə beynəlxalq konsorsium yaradıldı. Konsorsiumun tərkibinə hər biri bərabər (16,67%) paya malik olan 6 üzv - Almaniyanın “RWE”, Avstriyanın “OMV”, Türkiyənin “Botaş”, Bolqarıstanın “Bulqarqaz”, Rumıniyanın “Transqaz”, Macarıstanın “MOL” şirkətləri daxil oldular.

Avropada Azərbaycan Dövlət Neft Şirkətinin də layihəyə qoşulmasına maraq ifadə olunsa da, Azərbaycanın bu kəmərlə qaz ixrac etməsinə dair mövqeyi qətiləşmədiyinə görə SOCAR-ın “Nabukko” səhmdarları sırasına daxil olması hələ müəmmalı görünürdü. Bununla belə, Xəzər hövzəsi regionunda özünün geosiyasi maraqlarını həyata keçirən ABŞ hökuməti nəinki Azərbaycanın, həm də Türkmənistanın bu layihəyə qoşulması üçün böyük səy göstərirdi. Belə ki, ABŞ prezidenti Corc Buş 2008-ci ilin iyun ayında Prezident İlham Əliyevə göndərdiyi məktubda qeyd edirdi: “Azərbaycan dünya bazarlarının neft təchizatının artırılmasına başladığından, Amerika Birləşmiş Ştatları və onun avropalı tərəfdaşları Azərbaycanda həm də qaz hasilatının genişləndiriləcəyinə ümid edir. İnanırıq ki, bu, Azərbaycanın strateji əhəmiyyətini artıracaq, Türkiyə-İtaliya və “Nabukko” qaz boru kəmərinin reallaşması ilə Avratlantik Birliyi ilə əlaqələrini dərinləşdirəcəkdir. Azəbaycan Mərkəzi Asiya qazının gələcəkdə Avropa bazarlarına ixracatında da mühüm rol oynaya bilər”.

“Nabukko” layihəsində bütün iştirakçı dövlətlərin öz maraqları var idi və hər dövlət bu layihədən maksimum faydalanmağa çalışırdı. Maraqların uzlaşdırılması sahəsində çətinliklər isə danışıqlar prosesini uzadırdı.

2011-ci il yanvarın 13-də Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Cənub Qaz Dəhlizi haqqında birgə Bəyannamə” imzaladılar və bununla da Azərbaycan qazının Avropa bazarına çıxışı üçün siyasi razılaşma əldə olundu. Qarşılıqlı maraqlardan doğan bu sənəd əməkdaşlığın inkişafında yeni mərhələ açırdı. Avropaya qaz ixracı ilə bağlı layihənin reallaşması Türkiyə ilə danışıqların nəticəsindən asılı idi. Nəhayət, 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində bir sıra sazişlər imzalandı. Beləliklə, imzalanmış sənədlər qazın alqı-satqısı və tranzitinə dair şərtləri tənzimləyərək, Azərbaycan qazının Türkiyə və Avropaya nəqli üçün əlverişli hüquqi baza yaradıldı.

Beləliklə, iki ölkə yeni qaz kəməri tikintisi təşəbbüsü ilə çıxış edərək Trans-Anadolu Qaz Kəməri (TANAP) ideyasının əsasını qoydu. Bu isə regionda yeni enerji xəritəsinin çəkilməsi demək idi.

2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu Azərbaycan qazını Avropaya nəql etmək üçün Trans-Adriatik boru kəmərini (TAP) seçdiyini açıqladı və bununla da Azərbaycan qazının ilk dəfə Avropaya TAP vasitəsilə nəql olunacağı dəqiqləşdi. Eyni zamanda, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP boru kəməri Cənub Qaz Dəhlizinin formalaşmasında mühüm addım oldu. Bu kəmər həm də qismən Bolqarıstanın qaz təchizatında öz rolunu oynayacaqdı.

2021-ci ilin fevralında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Əlbəttə, əvvəlcə hər birimizi Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması münasibətilə təbrik etmək istəyirəm. Ötən ilin sonuncu günü əlamətdar olmuşdur. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var... Mən bütün tərəfdaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələləndirilməsi də istehlakçı və istehsalçı üçün vacibdir. Beləliklə, zənnimcə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq...”.

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson uğurlu tərəfdaşlıq məsələsinə toxunaraq vurğulamışdı: “Cənub Qaz Dəhlizi Avropa İttifaqına öz enerji təchizatını şaxələndirmək, vətəndaşlarımıza daha çox seçim və rəqabəti təmin etməkdə kömək edir. Faktiki olaraq, biz İtaliyada bu ilin əvvəlində qazın qiymətlərinin artıq aşağı düşdüyünü görürük. Bu, uğurumuzun, həmçinin yeni tərəfdaşlığın başlanması deməkdir. Bu dəhliz vasitəsilə Avropa İttifaqı və Azərbaycan hazırda strateji enerji tərəfdaşlarıdır”.

Ekspertlərin fikrincə, Cənub Qaz Dəhlizi istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarını uzlaşdırmaq, bölgəyə 33 milyard dollarlıq sərmayə cəlb etmək, yeni iş yerləri yaratmaq və enerji təhlükəsizliyini təmin etmək baxımından çox əhəmiyyətlidir. Asiya və Avropanın 7 ölkəsinin ərazisindən keçməklə 3,5 min kilometrlik məsafəni qət edən və dünyanın aparıcı enerji şirkətlərini ətrafında birləşdirən Cənub Qaz Dəhlizinin tam fəaliyyətə başlaması Azərbaycanın qlobal layihə idarəetməsində bacarıqlarını bir daha təsdiq edir. Azərbaycan həm layihənin idarə edilməsində əsas məsuliyyəti, həm də layihənin maliyyəsinin 30 faizini üzərinə götürməklə Cənub Qaz Dəhlizinin reallaşmasına böyük bir töhfə verib.

Mütəxəssislərin dediyi kimi, söhbət heç də sadəcə adi bir enerji layihəsindən deyil, Xəzər, Qara dəniz, Aralıq dənizi və Adriatik dənizi kimi çox geniş  və mühüm bir ekvatoriyada uzunmüddətli və tamamilə yeni formatda əməkdaşlıq platformasından gedir. Hazırkı geostrateji reallıqlar göstərir ki, heç də bütün dövlətlər öz milli resurslarını milli məqsədləri həyata keçirmək üçün realizə edə bilmir. Bəzi dövlətlərdə sabitlik və əməkdaşlıq faktoruna çevrilən karbohidrogen ehtiyatları belə ehtiyatlara sahib olan digər çoxsaylı ölkələrdə dağıdıcı xarakter alır. Məsələn, Şimali Afrika və Yaxın Şərqin, eləcə də Latın Amerikası ölkələrinin böyük əksəriyyətində neft-qaz ehtiyatları rəqabət və qarşıdurma faktoruna çevrilib. Azərbaycan isə öz ehtiyatlarından milli dövlətini və beynəlxalq münasibətlər sistemində mövqeyini və rolunu möhkəmləndirmək üçün istifadə etməyi bacarır. Bununla da regional və qlobal müstəvidə bir çoxlarının əldə edə bilmədiyi uğurları qazanır.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Cənub Qaz Dəhlizinin perspektivləri ilə bağlı suala cavab verərkən deyib: “Bizim təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir.

Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir. Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsindəyik. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır...”.

Beləliklə, qaz layihələrinin enerji bazarında mühüm rol oynayacağına heç bir şübhə qalmır. Xəzər qazı isə enerji mənbələri və marşrutların şaxələndirilməsində mühüm əhəmiyyətə malikdir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə vermək üçün böyük potensiala malikdir, ancaq bu, birgə fəaliyyətdən keçir. Avropanın milli enerji strategiyası çərçivəsində elektrik enerjisinin istehsalında kömürlə atom enerjisinin payı azalacağı təqdirdə, etibarlı tədarükün təmin edilməsi üçün bərpa olunan enerji ilə qazın payı artacaqdır.

Azərbaycan isə Avropa üçün Cənub Qaz Dəhlizi vasitəsilə qaz mənbələrinin və marşrutlarının şaxələndirilməsini təmin edir, eyni zamanda qitənin dekarbonlaşdırma siyasətinə töhfə verir.

Zümrüd QURBANQIZI,

“Respublika”.