Azərbaycan Avropaya təbii qaz ixracını artırır
İQTİSADİYYAT

Azərbaycan Avropaya təbii qaz ixracını artırır

Məlum olduğu kimi, Cənub Qaz Dəhlizi Məşvərət Şurası bu layihənin uğurlu istismarı və fəaliyyəti üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Cari il fevral ayının 3-də Bakıda Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Bu tədbir Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması baxımından xüsusi önəmini bir daha vurğulamış oldu.

Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər hər zaman olduğundan daha çox mürəkkəbliyi ilə diqqəti cəlb edir. Cənab Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi, son bir ildə dünyada çox şey dəyişib və məhz bu dəyişikliklər artıq enerji təhlükəsizliyini faktiki olaraq hər bir ölkənin milli təhlükəsizlik məsələsi statusuna qaldırıb. Yaranmış vəziyyətdə Avropa ölkələrinin yeni enerji mənbələri axtarışında üzlərini məhz Azərbaycana tutmaları da tamamilə anlaşılandır. Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına sahib olmaqla yanaşı, həm də üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə hər zaman yüksək məsuliyyətlə yanaşan bir ölkədir.

Bu gün artıq bu möhtəşəm layihənin genişləndirilməsi müzakirə mövzusudur. Belə ki, hazırda TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsi nəzərdən keçirilir. Həmçinin layihənin sonuncu seqmenti olan TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrədək genişləndirilməsi müzakirə edilir. Bu da ondan irəli gəlir ki, Avropada indi alternativ enerji mənbəyinə və təchizatın davamlı şaxələndirilməsinə böyük ehtiyac yaranıb.

Azərbaycan keçən il Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan irəli gələn öhdəliklərini hər zaman olduğu kimi, vaxtında və tam həcmdə yerinə yetirmək üçün bütün imkanlara malikdir. Memorandumun imzalanmasından dərhal sonra Azərbaycan öz tərəfdaşlarını daha çox həcmdə təbii qazla təchiz etmək məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başladı. Bu məqsədlə hazırda hasilatın artırılmasına əlavə olaraq, həmçinin ölkə daxilində enerji səmərəliliyi üzərində iş aparılır. Tətbiq olunan proqram Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza ixrac məqsədilə daha çox qənaət edilməsinə imkan verəcək.

Azərbaycan Avropaya təbii qaz ixracını artırır. Əgər 2021-ci ildə ixrac həcmi təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdusa, bu il artıq bu göstəricinin 24,5 milyard kubmetr olması gözlənilir. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir. Dövlət başçısı xüsusi olaraq qeyd etdi ki, Azərbaycanın təbii qaz ehtiyatları həm öz daxili tələbatlarımıza, həm də tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək.

Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Prezident cənab İlham Əliyev öz çıxışında birmənalı olaraq bəyan etdi ki, bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. Bundan başqa, Azərbaycanın azad edilmiş ərazilərində yaşıl enerji potensialı 10 qiqavata yaxındır. Həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən edilib. Hazırda 500 meqavatlıq Günəş Elektrik Stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Hələlik Azərbaycanın üç əsas enerji şirkəti ilə razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir. Bu həcmin 10 qiqavatı "Masdar" şirkəti, 12 qiqavatı "Fortescue" şirkəti tərəfindən istehsal olunacaqdır. "ACWA Power" şirkəti isə hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəkdir. Bu, həqiqətən də çox böyük potensialdır və bu potensial həm ölkəmizin, həm də tərəfdaşlarımızın maraqlarına xidmət edəcək.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.