Azərbaycan Avropaya inteqrasiyada mühüm üstünlüklər qazandı
Region

Azərbaycan Avropaya inteqrasiyada mühüm üstünlüklər qazandı

Azərbaycan Avropa Şurasına 2001-ci il yanvarın 17-də tamhüquqlu üzv qəbul edilib

Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda demokratik dəyərlərə sahib olan sivil cəmiyyət qurmaq, bütün sahələrdə vətəndaşların məmnunluğunu təmin etmək və mövcud problemləri aradan qaldırmaq kimi son dərəcə mühüm məsələlər dayanırdı. Xalqımızın yekdil çağırışı ilə  ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu və  dünyaya inteqrasiya prosesinə qoşulmaq üçün olduqca əlverişli perspektivlər və geniş imkanlar əldə etdi. Ölkəmizdə hüquqi dövlət quruculuğuna başlanıldı və totalitar rejimdən demokratik inkişafa transformasiya siyasəti həyata keçirilmək üçün real imkanlar yarandı. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli rəhbərliyi sayəsində respublikamızda siyasi sabitlik təmin olundu, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatının bərqərar olmasına yönəlmiş sosial-iqtisadi islahatlar uğurla həyata keçirilməyə başlanıldı. Bununla yanaşı,   respublikamızın əlverişli geosiyasi mövqeyi və son dərəcə zəngin təbii ehtiyatları inteqrasiya prosesinin sürətlənməsinə hərtərəfli zəmin yaratdı. Azərbaycan Respublikası Parlamenti  24 yanvar 1992-ci ildə "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etsə də, ölkəmizin bu təşkilatla əməkdaşlığı ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin nəticəsində mümkün oldu. Məhz ulu öndərin təşəbbüsü ilə 1993-cü ildən etibarən ölkəmizdə ölüm cəzasına moratorium qoyuldu və 1998-ci ildə isə bu cəza ləğv edildi. Cəza siyasətinin humanistləşdirilməsi Azərbaycanın Avropaya inteqrasiyasını şərtləndirən mühüm amillərdən biri kimi beynəlxalq aləmdə də yüksək dəyərləndirildi. 

Ümummilli lider Heydər Əliyev 1996-cı il iyulun 13-də Avropa Şurasının Baş katibinə məktubla müraciət edərək ölkəmizin bu təşkilata tamhüquqlu üzv qəbul olunmasını xahiş etmişdir. Respublikamızın demokratik dəyərlərə sadiqliyini və inkişafında bu mühüm prinsiplərə böyük əhəmiyyət verildiyini konkret faktlarla qiymətləndirən Avropa Şurası qarşılıqlı əlaqələrin qurulmasına və əməkdaşlığın genişləndirilməsinə üstünlük verdi. Beynəlxalq təşkilatın tövsiyələrinə əməli işlə cavab verən Azərbaycanın yaxın gələcəkdə daha böyük sürətlə inkişaf edəcəyi və qarşıya qoyulan öhdəliyə əməl edəcəyi real faktor kimi diqqəti cəlb etməyə başladı. Ümummilli lider Heydər Əliyev Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündəki nitqində ölkəmizin məqsəd və məramı barədə fikrini  belə ifadə etmişdir: "Ölkəmizdə demokratik dəyişikliklərin inkişafında Avropa Şurasının köməyinə böyük ümid bəsləyirik. Ümidvaram ki, Azərbaycan tezliklə Avropa Şurasının tamhüquqlu üzvü olacaqdır. Biz müasir Avropa demokratiyasının yüksək standartlarına cavab vermək üçün öz tərəfimizdən hər şeyi edəcəyik".

Prezident Heydər Əliyevin 1996-cı il iyulun 8-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 1998-ci il yanvarın 20-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", 1999-cu il mayın 14-də "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi tədbirləri haqqında" imzaladığı sərəncamlar ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün  səylərini durmadan artırdığının  göstəricisi idi. Beləliklə,  2000-ci il iyunun 28-də Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında Nazirlər Komitəsinə Azərbaycan Respublikasını Avropa Şurasının tamhüquqlu üzvü seçmək tövsiyə olundu.

Nəhayət, 2001-ci il yanvarın 17-də Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi və Avropaya inteqrasiya proseslərinə qoşulmaq üçün mühüm üstünlüklər əldə etdi. AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyevin diplomatik bacarığı sayəsində ilk sessiyadan etibarən Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayıldı. 1990-cı illərin əvvəllərində  torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşaması barəsində ətraflı məlumatlar beynəlxalq ictimaiyyətin diqqətinə real və konkret faktlarla çatdırıldı. Bütün bunlar isə ölkəmizə Avropaya inteqrasiyada mühüm üstünlüklər qazandırdı.

M. NƏRİMANOĞLU,

“Respublika”.