Azərbaycan-Avropa İttifaqı: Əməkdaşlıq və tərəfdaşlıq
SİYASƏT

Azərbaycan-Avropa İttifaqı: Əməkdaşlıq və tərəfdaşlıq

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və çoxvektorlu xarici siyasət nəticəsində ölkəmiz müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu aktorlarından birinə çevrilib, etibarlı tərəfdaş kimi regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir.

Bu baxımdan, respublikamızın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı xüsusi qeyd edilməlidir. Azərbaycanın strateji mövqeyi, fəal və uğurlu xarici siyasəti də Avropa İttifaqına üzv dövlətlərin ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməsində mühüm faktor rolunu oynayır. Bunun nəticəsidir ki, Avropa İttifaqı ilə əlaqələr müxtəlif sahələrdə yüksələn xətlə inkişaf edir.

22 aprel 1996-cı il tarixində Lüksemburqda Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq və əməkdaşlıq haqqında” Sazişin imzalanması ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından kifayət qədər əhəmiyyətlidir. Ölkəmizlə əməkdaşlığa önəm verən Aİ 1998-ci ildə Azərbaycana xüsusi səfir təyin edib, 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2008-ci ilin fevralından isə Bakıda Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyi fəaliyyət göstərir.

Aİ-nin Cənubi Qafqaz dövlətləri ilə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi üçün əsas vasitələrindən biri də Avropa Qonşuluq Siyasətidir. Azərbaycan 2004-cü ildə Avropa Qonşuluq Siyasətinə daxil edilib. Eyni zamanda, 2009-cu ildə Praqada keçirilən Zirvə görüşündə Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT) proqramına qoşulub.

Avropa İttifaqının rəsmi təmsilçilərinin ölkəmizə səfərləri də qurum ilə münasibətlərimizin möhkəmləndirilməsi və genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, 2017-ci ilin noyabrında Brüsseldə 5-ci Şərq Tərəfdaşlığı sammitində qəbul edilmiş Birgə Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bir daha dəstəklənməsi bu münasibətlərin qarşılıqlı hörmət və bərabər tərəfdaşlığa əsaslandığından xəbər verir. Belə ki, Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb. Eyni zamanda, Birgə Bəyannamədə Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyev olan “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Sənəddə Azərbaycan Respublikasının iştirakı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçirilən ikitərəfli və çoxtərəfli layihələrə xüsusi diqqət yetirilib.

2018-ci ilin iyulunda Brüsseldə Avropa İttifaqının mənzil - qərargahında Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi olub. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanan “Tərəfdaşlıq prioritetləri” sənədini yüksək qiymətləndirdilər, bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını qeyd etdilər. 

Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan sənəd, həmçinin Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş siyasətini, ölkəmizdə iqtisadi islahatlar gündəliyinin dəstəklənməsi istiqamətində görülən işlərə Avropa İttifaqının mümkün töhfəsini qeyd edir. Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində rolu da Avropa İttifaqı tərəfindən qeyd olunur. Eyni zamanda, sənəddə Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyəti vurğulanır və bu sahədə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi marağı olduğu bildirilir.

Bununla yanaşı, Azərbaycanın regiondakı tranzit mövqeyi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəmizi Aİ üçün cəlbedici edən faktorlardır. Belə ki, Azərbaycan Avropa və Asiyanı birləşdirən əlverişli geosiyasi və geoiqtisadi mövqeyə, Xəzər dənizi vasitəsilə Rusiyaya, Orta Asiyaya, Qazaxıstana və İrana, avtomobil-dəmir yolu vasitəsilə Gürcüstana, Qara dəniz bölgəsinə, İrana, Türkiyəyə (Naxçıvan vasitəsilə), Rusiyaya çıxışı olan nəqliyyat-kommunikasiya xətlərinə malikdir. İndiyə qədər Azərbaycan həm Aİ tərəfindən, həm də qurumun digər təşkilatlarla birgə əməkdaşlığı çərçivəsində müxtəlif sahələr, o cümlədən enerji, nəqliyyat, kənd təsərrüfatı, regional inkişaf, iqtisadi, siyasi və institusional islahatlar üzrə çoxsaylı layihələr həyata keçirib və proses davam edir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan-Avropa İttifaqı arasında ticarət əlaqələri daim inkişaf edir və Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır.

Əli SADIQOV,

“Respublika”.